Avropa Birliyi Çinin kritik xammal üzrə planlaşdırdığı ixrac məhdudiyyətlərinə qarşı çıxmaq üçün ticarət tədbirləri üzərində işləyir.
Bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
Agentlik qeyd edir ki, Avropa Komissiyası ayın sonuna qədər danışıqlarda mövqeyini gücləndirmək üçün Çinə qarşı tətbiq oluna biləcək ticarət tədbirlərinin siyahısını hazırlayır.
Komissiya, həmçinin kritik tədarükləri qısa müddətdə qorumaq və digər mənbələri təmin etmək üçün plan hazırlayır.
Ehtimal ki, məsələ oktyabrın 23-ü cümə axşamı günü Brüsseldə keçiriləcək AB liderlərinin sammitində müzakirə olunacaq. Çinə qarşı hansı addımların atılacağı gizli saxlanılır.
Ancaq maraqlıdır, gizli saxlanılsa da, sözügedən addımlar hansı ola bilər?
Əvvəla, onu demək lazımdır ki, bu məsələ əslində son dövrlərdə Avropa İttifaqı ilə Çin arasında artan iqtisadi rəqabət və strateji asılılıqdan azad olma cəhdlərinin bir parçasıdır.
Çin hazırda Aİ-nin kritik xammal təchizatında 60–90% paya sahibdir.
Hələlik məlum olmayan addımlar bir neçə istiqamətdə şərh oluna bilər.
Məsələn, ticarət məhdudiyyətləri. Belə ki, Çin məhsullarına əlavə gömrük rüsumları və ya idxal kvotaları tətbiq edilə bilər.
O cümlədən antidempinq araşdırmalar da başlaya bilər. Yəni Çin şirkətlərinin qiymət manipulyasiyası və bazar pozuntularına qarşı hüquqi proseslər başladılacaq.
Ancaq burada bir məsələ də var. Çin Aİ-nin ikinci böyük ticarət tərəfdaşıdır. Ona görə də Avropa balansı qorumağa çalışacaq. Daha doğrusu, çalışmalıdır.
Son olaraq isə, bu addımların qlobal ticarət sistemində “bloklaşma tendensiyasını” dərinləşdirəcəyini deyə bilərik. Çünki məsələlər təkcə iqtisadi deyil, həm də geosiyasi rəqabətin Avropa qolu kimi dəyərləndirilə bilər.
Elmar
Gununsesi.info













