Dünən, oktyabrın 21-də “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarə Ermənistanın paytaxtı İrəvana eniş edib.
Gununsesi.info bildirir ki, bu barədə məlumatı hərbi ekspert Ədalət Verdiyev Facebook hesabında paylaşıb.
“Uzun fasilədən sonra bu gün (oktyabrın 21-i – red.) AZAL təyyarəsi Yerevan hava limanına enib”, – o qeyd edib.
Məlumata görə, təyyarə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü üçün Yerevana yola düşən azərbaycanlı ekspertləri daşıyıb.
Bu haqda “Sputnik-Ermənistan” da yazıb. Qeyd edilib ki, Bakıdan gələn xüsusi reys oktyabrın 21-də, təqribən 16:00-da Yerevanda enib.
“Armenpress” agentliyi də yazmışdı ki, Ermənistan və Azərbaycandan vətəndaş cəmiyyəti təmsilçiləri oktyabrın 21-22-də Yerevanda ikitərəfli dəyirmi masa müzakirəsi keçirəcəklər. Agentliyin yazdığına görə, müzakirələr 8 avqust Vaşinqton görüşündən sonra formalaşan sülh gündəliyinə, iki cəmiyyət arasında qarşılıqlı etimadın gücləndirilməsi tədbirlərinə həsr olunacaq. Eyni zamanda, Cənubi Qafqazda davamlı iqtisadi əməkdaşlığın inkişaf yolları, hər iki ölkənin vətəndaş cəmiyyəti təmsilçiləri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri götür-qoy olunacaq.
Afət
Gununsesi.info













