TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun açıqlamasına görə, tibb bacılarının evlərdə inyeksiya aparmasına icazə verilmir. Xüsusilə rayon və kəndlərdə tibb bacılarının evlərdə fəaliyyət göstərməsi qanunvericiliyə ziddir. Bu açıqlama ictimaiyyətdə ciddi suallar yaradıb: ambulator müalicə alan vətəndaşlar inyeksiyaları harada və necə etdirməlidir?
Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla Gununsesi.info-ya açıqlamasında bildirib ki, inyeksiyaların aparılması konkret qaydalar çərçivəsində tənzimlənməlidir:
“Ambulator müalicə üçün yazılmış reseptlər, xüsusilə venadaxili inyeksiyalar və sistem dediyimiz venadaxili infuziyalar əgər özəl tibb müəssisəsi tərəfindən təyin edilibsə, məqsədəuyğundur ki, həmin prosedurlar elə o tibb müəssisəsində həyata keçirilsin. Əgər resept dövlət xəstəxanası tərəfindən yazılıbsa, pasiyent gedib dövlət tibb müəssisəsində proseduru icra etdirməlidir.
Təcrübədə belə hallar olur ki, özəl xəstəxanada çalışan həkimin yazdığı reseptlə pasiyent dövlət xəstəxanasına müraciət edir. Bu zaman dövlət tibb müəssisəsində çalışan həkimlər həmin proseduru aparmaqdan imtina edirlər. Bu da başa düşüləndir. Özəl həkim tərəfindən yazılan müalicə elə özəl tibb müəssisəsində davam etdirilməlidir.”

Professor qeyd edib ki, icbari tibbi sığorta çərçivəsində yazılan reseptlər üzrə müəyyən istisnalar mümkündür:
“Əgər vətəndaş icbari tibbi sığorta paketi çərçivəsində uzaq bir tibb məntəqəsində resept alıbsa, o zaman yaşayış yeri üzrə poliklinikaya müraciət edərək müalicəsini davam etdirə bilər. Bu real mexanizmdir. Amma resepti yazdırıb istənilən tibb müəssisəsinə üz tutmaq düzgün deyil. Hər xəstəxana bu zaman proseduru icra etməyə bilər. Burada vahid qayda olmalıdır.”
Adil Qeybulla vurğulayıb ki, inyeksiyaların yalnız tibb müəssisələrində aparılması vacibdir:
“Bu cür inyeksiyalar ya yaşayış yeri üzrə poliklinikalarda, ya da müalicəni yazan tibb müəssisəsinin özündə həyata keçirilməlidir. Tibb bacısının evdə iynə vurmaq səlahiyyəti yoxdur. Antibiotiklərdən və müxtəlif inyeksiyalardan ölüm halları kifayət qədər çoxdur. Buna görə də bu sahədə nəzarət gücləndirilməli, qaydalar sərtləşdirilməlidir”,- deyə o fikrini yekunlaşdırıb.
Bəs vətəndaş nə etməlidir?
Belə olan halda əsas sual açıq qalır:
Əgər evdə iynə vurmaq, aptekdə inyeksiya etdirmək və tibb bacılarının evlərdə fəaliyyət göstərməsi qadağandırsa, xüsusilə yaşlı, hərəkət məhdudiyyətli və ya ucqar ərazilərdə yaşayan vətəndaşlar ambulator müalicəni necə davam etdirməlidir?
Ayşən Rəhim













