
Eyfel qülləsinin birinci mərtəbəsinə yaxın iki il ərzində 72 alim qadının adı qızıl hərflərlə həkk olunacaq. Bu təşəbbüs Paris bələdiyyəsi, Eyfel Qülləsinin İstismarı Cəmiyyəti (SETE) və “Qadınlar və Elm” (Femmes & Sciences) assosiasiyasının birgə təşəbbüsü ilə həyata keçirilir.
Gununsesi.info xəbər verir ki, layihənin məqsədi qadın alimlərin tarixdə görünməz qalmasına qarşı mübarizə aparmaq və onların elmdə tutduqları yerə layiq şəkildə tanıdılmasıdır.1889-cu ildə inşa edilən Eyfel qülləsinin fasadına Gustave Eiffelin təşəbbüsü ilə 72 fransız alim və mühəndis kişinin adı həkk olunmuşdu. Bunların arasında bir dənə də qadın adı yoxdur. İndi isə bu balanssızlığı düzəltmək üçün ilk dəfə olaraq 72 alim qadının adı həmin yerə əlavə ediləcək. “Bu qərar qadınların görünməzliyinə qarşı simvolik və tarixi bir cavabdır. Onlara layiq olduqları yeri geri vermək istəyirik,” – deyə Paris bələdiyyəsi açıqlayıb.
Layihənin növbəti mərhələsi Paris bələdiyyəsinin rəsmi təsdiqidir. Təsdiqləndikdən sonra elmə, bərabərliyə və yaddaşa verilən önəmin bir simvolu kimi qadın alimlərin adları dünyanın ən məşhur abidələrindən biri olan Eyfel qülləsinin divarlarında əbədi yer alacaq.