Region ölkələrinin vergi siyasətinə baxdıqda fərqli yanaşmalar və prioritetlər aydın görünür. Məsələn, Gürcüstan kiçik və orta biznes üçün daha elastik vergi rejimi tətbiq etməklə dövriyyə limitlərini yüksək saxlayır və minimal faizli vergitutma modelinə üstünlük verir. Azərbaycanda isə ƏDV qeydiyyatı ilə bağlı limit artımı formal olaraq həyata keçirilsə də, tətbiq mexanizmləri və əlavə şərtlər bu artımın real təsirini məhdudlaşdırır.
Nəticədə ortaya çıxan mənzərə təkcə texniki vergi qaydalarının müqayisəsi deyil, həm də iqtisadi fəallığın təşviqi, kiçik sahibkarlığın yükü və fiziki şəxslərin büdcənin formalaşmasındakı payı ilə bağlı daha geniş suallar doğurur.
Gununsesi.info bu barədə iqtisadçı Natiq Cəfərlinin yazısını təqdim edir:
Gürcüstanda 300 min lariyə qədər dövriyyəsi olan kiçik biznes vergi ödəmir. Bəli, vergi 0-dır. 500 min lariyə qədər dövriyyəsi olanlar dövriyyənin cəmi 1%-i qədər vergi ödəyirlər. Aqrar sektorda və şərabçılıqla bağlı turizm sahəsində bu limit 700 min laridir, yəni, 700 min lariyə qədər cəmi 1% vergi öhdəliyi yaranır.
Bizdə devalvasiyadan öncə, dollar 78 qəpik olan vaxt ƏDV-yə düşməyən hissə 200 min manat, yəni, 256 min dollar təşkil edirdi, indiki məzənnə ilə 435 min manat.
Məntiqlə, devalvasiyadan sonra bu limiti, heç olmasa 2 dəfə artırıb 400 min manat etməli idilər, olmadı, indi guya 400 minə qaldırıblar amma, limit artımı əsasən pərakəndə ticarət və əhaliyə xidmət göstərən sadələşdirilmiş vergi ödəyicilərinə şamil edilir, -ƏDV qeydiyyatı üçün illik dövriyyə limitinin 200 min manatdan 400 min manata qaldırılması yalnız nağdsız əməliyyatlar üzrə tətbiq edilən xüsusi hesablama qaydası ilə mümkündür.
Dövriyyənin ƏDV limiti üçün hesablanması zamanı POS-terminal vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin məbləği 0,5 əmsalına vurulur.
Hesablama nümunəsi belədir:
Əgər bir sahibkarın illik dövriyyəsi 400.000 manatdırsa və bunun hamısı nağdsız (POS-terminal) qaydadadırsa, bu məbləğ 0,5-ə vurulur (400.000 x 0,5 = 200.000). Beləliklə, vergi tutulan dövriyyə 200 min manat həddini keçmədiyi üçün şəxs ƏDV ödəyicisi kimi qeydiyyata durmaq öhdəliyindən azad olur.
Nağd qaydada həyata keçirilən satışlar dövriyyəyə tam (1.0 əmsalı ilə) daxil edilir. Əgər nağd dövriyyə və güzəştli nağdsız dövriyyənin cəmi 200.000 manatı keçərsə, ƏDV qeydiyyatı məcburi olur.
Hökumət faktiki olara ƏDV-yə düşməyən məbləğı 400 minə qaldırmayıb, yəni o qədər əlavə, mənasız şərtlər qoyub ki, bu elə “oynamıram”, deməkdir. Daha deyin, paraşüt vermirsiniz də…
Ölkədə qeydiyyatdan keçmiş aktiv vergi ödəyiciləri, ümumi vergi ödəyicilərinin 87 %-ə yaxınını təşkil etsə də, büdcənin formalaşmasında fiziki şəxs vergi ödəyiciləri cəmi 5%-dən bir az çox iştirak edir. Bu faciədir, bu iqtisadi sistemin yararsız olduğunu əyani sübut edir. Gürcüstanda fiziki şəxslərin büdcənin formalaşmasındakı payı 26%-dir.
Natiq Cəfərli












