İran xalqına hakimiyyətin ötürülməsi keçid dövrü üçün Müqaviməti hökumətin prezidenti seçilmiş Məryəm Rəcavi mesaj verib.
Gununsesi.info-nun xəbərinə görə, bildirilib ki, Xameneinin ölümü dini istibdadın ölümü və vilayət-i fəqih rejiminin sonudur, indi azadlığın və İran xalqının hakimiyyətinin qurulması zamanıdır.
O cümlədən İran xalqının müqaviməti adından elan edilib:
“İran Milli Müqavimət Şurası, İran xalqına hakimiyyətin ötürülməsi üçün elan edilmiş 10 maddəlik plana əsaslanaraq müvəqqəti hökumətin yaradıldığını elan etdi. Müvəqqəti hökumətin elan edilməsi tarixi 1360-cı ilin Mehr ayına qayıdır. İran xalqı, Dey ayı üsyanında göstərdiyi kimi, demokratik respublika əsasında bir gələcək istəyir və zalım şeyx, şah diktaturasını rədd edir”.
Müraciətdə deyilir:
“Beynəlxalq ictimaiyyətə bildirirəm ki, ölkələrinin siyasi gələcəyini müəyyən etmək legitim hüququ yalnız İran xalqına məxsusdur.
Biz daim demişik ki, taleyi İran xalqı öz igid övladlarının qanı ilə yazır və xarici müdaxiləyə ehtiyac yoxdur.
Həmçinin daim bildirmişik ki, biz nə maliyyə yardımı, nə də xarici qüvvələrin İran torpağında mövcudluğunu istəmirik.
İndi demokratik inqilabı və İran xalqının 47 illik əzab və qan bahasına əldə etdiyi nailiyyətləri oğurlamaq istəyən dini diktatura qalıqlarına və monarxiya faşizminə qarşı həmrəylik və birlik zamanıdır”.
Eyni zamanda qeyd edilib:
“İran Milli Müqavimət Şurası İran tarixində ən davamlı demokratik və müstəqil koalisiya, azadlıq yolunda yüz min şəhid vermiş bir müqavimətə söykənərək, 24 il əvvəl milli və vətənpərvər prinsiplərə əsaslanan həmrəylik cəbhəsi planını təqdim etmişdir. Bu plan dini istibdadın devrilməsi və din ilə dövlətin ayrılığına əsaslanan demokratik respublikanın qurulmasına sadiq olan bütün siyasi qüvvələri, fərqlərinə baxmayaraq, bu həssas dövrdə birlikdə və həmrəy fəaliyyət göstərməyə çağırır. Buradan vətənpərvər ordu personalına müraciət edirəm ki, İran xalqının yanında dayansınlar. İnqilab Keşikçiləri Korpusu və rejimi qoruyan digər qüvvələr silahlarını yerə qoymalı və xalqa təslim olmalıdırlar. Tələbələr, fəhlələr, neft işçiləri, fermerlər, sahibkar gənclər, tibb bacıları və müəllimlər- qadın və kişi fərqi olmadan müvəqqəti hökumət qurulana qədər Milli Azadlıq Ordusunda və xalqın canını, sağlamlığını, təhlükəsizliyini qoruyan qüvvələr kimi ölkə işlərinin idarəsində rol oynayacaqlar. İran Milli Müqavimət Şurasının qərarlarına əsasən, müvəqqəti hökumət vətən torpağında yerləşdikdən sonra 6 ay ərzində Müəssislər Məclisinin və milli qanunverici orqanın yaradılması üçün azad və ədalətli seçkilər keçirməlidir. Bu məclisin vəzifəsi yeni konstitusiyanın hazırlanması, ölkənin yeni respublika sisteminin müəyyən edilməsi, yeni konstitusiyaya əsasən ilk milli parlament qurulana qədər cari işlərin idarəsi üçün qanunların qəbul edilməsi və müvəqqəti hökumətin 6 aylıq müddəti bitdikdən sonra ölkə idarəsini üzərinə götürəcək hökumətin müəyyən edilməsidir. Bir daha vurğulayıram ki, Milli Müqavimət Şurası və müvəqqəti hökumət hakimiyyət əldə etmək deyil, onu xalqın respublikasına ötürmək məqsədi güdür.
Salam olsun İran xalqına!
Yaşasın İranın demokratik inqilabı!
Qurulsun demokratik respublika!”.












