Turan Rzayev: İlham Əliyevin siyasəti “Gernika” mükafatına uyğundur

  • By Admin2
  • 27 Aprel 2026 14:12

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan–Ermənistan sülh gündəliyinin təşviqi və dialoq səylərinə görə “Sülh və Barışıq üçün Gernika” mükafatına layiq görülüb.

Gununsesi.info xəbər verir ki, mükafatın adı İspaniyanın Bask bölgəsində yerləşən Gernika şəhəri ilə bağlıdır.

1937-ci ildə İspaniya Vətəndaş Müharibəsi zamanı şəhərin bombalanması mülki əhaliyə qarşı törədilən ən ağır hücumlardan biri kimi tarixə düşüb və sonradan sülh və barışığın qlobal simvoluna çevrilib.

Bu tarixi yaddaşa əsaslanan mükafat münaqişələrin diplomatik həllinə və uzunmüddətli sülh təşəbbüslərinə töhfə verən liderlərə təqdim olunur.

Saytımıza açıqlamasında siyasi şərhçi Turan Rzayev bildirib ki, Prezident İlham Əliyevin fəaliyyəti bu meyarlara uyğun gəlir.

Onun sözlərinə görə, münaqişənin hərbi mərhələsi başa çatdıqdan sonra Azərbaycan regionda yeni reallığın formalaşdığını elan edib və gözləntilərin əksinə olaraq hərbi əməliyyatları genişləndirməyib, danışıqlara üstünlük verib.

Şərhçi qeyd edib ki, əvvəlcə vasitəçilərlə, daha sonra isə birbaşa aparılan danışıqlar nəticəsində tərəflər bir sıra məsələlərdə ortaq məxrəcə gələ bilib.

Onun fikrincə, qalib tərəf olmasına baxmayaraq Azərbaycanın maksimalist və imkansız şərtlər irəli sürməməsi sülh prosesinin əsas xüsusiyyətlərindən biridir.

Məlumata görə, Ermənistan–Azərbaycan sülh danışıqları çərçivəsində tərəflər Vaşinqtonda ABŞ Prezidenti Donald Trump iştirakı ilə sülh sazişini paraflayıblar.

Bundan əlavə, “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə görüşlər və dəyirmi masalar təşkil olunur. Turan Rzayev hesab edir ki, bütün bu proseslərin koordinasiyası Azərbaycan Prezidenti tərəfindən həyata keçirilir və bu yanaşma regionda sabitliyə xidmət edir.

Şərhçinin sözlərinə görə, İlham Əliyev müharibənin ağır nəticələrini və regionda davamlı qarşıdurmanın kənar qüvvələrin maraqlarına xidmət etdiyini nəzərə alaraq sülh danışıqlarında konstruktiv mövqe tutur. Bu yanaşmanın “Gernika mükafatı”nın fəlsəfəsi ilə üst-üstə düşdüyü vurğulanır.

Orxan

Gununsesi.info