close

İlhamiz Quliyevin məhkəməsi başlayıb

İlhamiz Quliyev. Foto: Meydan TV

Vəkilin ev dustaqlığı ilə bağlı vəsatəti təmin olunmayıb

5 aydır həbsdə olan hüquq müdafiəçisi İlhamiz Quliyevin məhkəməsi başlayıb. Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsilə ittiham olunan hüquq müdafiəçisinin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Mayın 2-də hakim Azər Tağıyevin sədrliyilə keçirilən hazırlıq iclasında İlhamiz Quliyevin vəkili Zibeydə Sadıqova müvəkkilinin hökm çıxarılana qədər ev dustaqlığına buraxılması barədə vəsatət verib. Vəkil bildirib ki, İlhamiz Quliyevə qarşı irəli sürülmüş narkotik ittihamı əsassızdır. Bu məsələ bir neçə gün əvvəl Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamədə də əksini tapıb.

Vəkili İlhamiz Quliyevin təqsirsizliyilə yanaşı, onun Bakı Dövlət Universitetinin “Şərqşünaslıq” fakültəsini qırmızı diplomla bitirməsini, aspiranturada oxuduğunu hakimlərin nəzərinə çatdırıb. Əlavə edib ki, İlhamiz Quliyevin anası 90-cı illərdə Qarabağ döyüşlərində iştirak edib, müharibə veteranıdır, bacısı isə şəhid ailəsidir –  oğlu 44 günlük müharibədə həlak olub.

Müdafiəçi onu da bildirib ki, İlhamiz Quliyev saxlanılarkən və sonra da polis bölməsində döyülüb, işgəncəyə məruz qalıb. O, istintaq təcridxanasına gətiriləndə üzərindəki xəsarətlərlə bağlı arayış da bunu təsdiqləyir.

İlhamiz Quliyevin işgəncəyə məruz qalmasıyla bağlı prokurorluğa şikayət olunub. Lakin Yasamal Rayon Prokurorluğu cinayət işi başlamaqdan imtina edib. Vəkil məhkəmədə daha bir vəsatət qaldırıb ki, hakim Yasamal Rayon Prokurorluğundan işgəncə şikayəti üzrə araşdırma materiallarını alsın.

İlhamiz Quliyev vəkilinin qaldırdığı hər iki vəsatəti müdafiə edib. O bildirib ki, Yasamal Rayon Prokurorluğu cinayət işi başlamaqdan imtina edərkən onun verdiyi izahatı belə, saxtalaşdırıb.

İlhamiz Quliyev hesab edir ki, onu polislərin vətəndaşları narkotiklə necə şərləməsi barədə “AbzasMedia”ya verdiyi müsahibəyə görə şərləyərək həbs ediblər. Onun sözlərinə görə, həmin müsahibədən dərhal sonra onu polisə müqavimət ittihamıyla tutub, 30 sutka inzibati həbs cəzası veriblər. Bu cəzanı çəkib azadlığa çıxanda isə ölkədən çıxışına məhdudiyyət qoyublar. O, noyabrın 25-də Gürcüstana gedərkən hava limanında ona ölkədən çıxışına məhdudiyyət qoyulduğu haqda məlumat verilib və buraxılmayıb. Dekabrın 4-də isə narkotik ittihamıyla həbs olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində onun işinə baxan hakimlər ev dustaqlığına buraxılması barədə vəsatəti təmin etməyib. Lakin işgəncə ilə bağlı araşdırma materiallarını prokurorluqdan almaq məsələsində razılaşıb.

İlhamiz Quliyevin işi üzrə məhkəmə baxışı mayın 16-na təyin edilib.

Yaxınlarının bildirdiyinə görə, İlhamiz Quliyev dekabrın 4-də Yasamal rayonu ərazisində evindən çıxarkən blokda mülki geyimlilər onu saxlayıb və zorakılıqla onu maşına mindirib aparıblar. Yaxınları onun hara aparıldığı haqda 3 saat ərzində məlumat ala bilmədiklərini, Daxili İşlər Nazirliyinin 102 xidmətinə, Ombudsman Aparatına şikayətlərin də nəticəsiz qaldığını deyirlər. Təxminən 3 saatdan sonra qısa telefon zəngilə Yasamal rayonu, 28-ci polis bölməsində olduğunu və onu narkotiklə şərləməyə çalışdıqlarını xəbər verib:

“Halbuki, biz 28-ci bölmədən soruşmuşduq, orada olmadığını demişdilər”.

Hüquq müdafiəçisinin ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3 maddəsində 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub.

Hazırda Azərbaycanda onlarla ictimai-siyasi fəal narkotik ittihamıyla həbsdədir. Onlar bu ittihamı rədd edir, siyasi baxışlarına, tənqidi çıxışlarına görə cəzalandırıldıqlarını deyirlər.

Daxili İşlər Nazirliyi isə həbs olunanların konkret faktlar əsasında saxlandığını bəyan edir.

Ana səhifəSiyasətİlhamiz Quliyevin məhkəməsi başlayıb