Bu gün Sabunçu rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərdən Səlim Məmmədovun vəkili Cavid Rzazadənin iclasa qatılmadığı məlum olub.
Dövlət ittihamçısı bildirib ki, vəkil on gündən çox üzrlü səbəbdən iclasa gəlmirsə, yeni vəkil təyin edilməli və iclas davam etdirilmələdir: “Bəzi epizodların Səlim Məmmədova adiyyəti yoxdur deyə, onları araşdırmaq olar”.
Daha sonra Akif Çovdarovun vəkili Kamandar Nəsibov çıxış edib: “Səlim Məmmədova bəzi epizodların adiyyəti yoxdursa, onda nəyə görə onlara mütəşəkkil dəstə ittihamı verilib? Yeni vəkil gəlsə, o da işlə tanış olmaq üçün vaxt istəyəcək”.
Səlim Məmmədov isə yeni vəkil istəmədiyini bildirib. Sonra Akif Çovdarov çıxış edib: “Bu məsələyə münasibət bildirmək istəmirəm. Bir söz desəm, sonra yazacaqlar ki, Akif Çovdarovun adamları vəkil Cavid Rzazadəni döyüb, xəstə ediblər”. Akif Çovdarov həmçinin bildirib ki, mətbuatda agentura şəbəkəsi ilə bağlı yazılanlar yalandır:”Elçin Behbudovun Azərbaycan dövlətinə etdiyi xidmətlərin dövlət ittihamçısı və istintaq orqanı birləşsə on faizin edə bilməz. Məhkəmə prosesləri ilə bağlı kim nə istəyir, onu da yazır. Mən ad çəksəm necə olacaq?
Mən danışsam, vətəndaş müharibəsi, qarışıqlıq olar. Hazırda yüksək vəzifə tutan məmurlarla bağlı açıqlama verilsə nə olacaq? İttiham aktına agentlərin adını yazmaq dövlətçiliyə ziddir. Bundan sonra kim dövlətlə işləyəcək? Bu dövlətçiliyə xələl gətirməkdir”.
Növbət proses mayın 24-də davam edəcək. (Teleqraf.com )
Oxunub: 1796