Eyyub Hüseynov: “Gigiyenik sertifikat nə qədər ki bir əldədir, istehlakçıların həyatı təhlükədə qalacaq”
Bu ilin aprel ayında Azərbaycanda 39 qida zəhərlənməsi hadisəsi baş verib. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən APA-ya verilən xəbərə görə, hadisələr nəticəsində 58 nəfər zərər çəkib. Ötən ay qeydə alınan 2 botulizm hadisəsi nəticəsində isə 5 nəfər zəhərlənib. Qida zəhərlənmələrinin hamısı məişətdə baş verib.
İstehlakçı hüquqlarının müdafiəçisi Eyyub Hüseynov deyir ki, Azərbaycandaki qida zəhərlənmələri dünyada baş verən zəhərlənmələrdən 250 dəfə az göstərilir. Eyyub bəy bütün məhsullara gigiyenik sertifikat verilərək onların təhlükəsiz olduğunun iddia edildiyini söyləyir:
“Lakin bazarda olan məhsulların heç də hamısı təhlükəsiz deyil. Məişətdə sənaye üsuluyla hazırlanan məhsullardan zəhərlənmələr olanda belə, qarşı tərəf müvafiq sertifikatı ortaya qoyaraq məsuliyyəti üzərindən atır. Nə qədər ki, həmin sertifikatın verilməsi bir əldədir, istehlakçıların həyatı üçün də təhlükə qaçılmaz olacaq. Hadisə baş verəndə də günah insanların üzərində qalır. Bu illər uzunu zəhərlənməyə görə kiməsə kompensasiya verilməsini görməmişəm. Apteklərə getsəniz görərsiniz ki, insanlar dərmanı ərzaq kimi yeyir. Necə deyərlər, ”biz nə yeyiriksə, oyuq””.
Nigar
Oxunub: 92