Fail Şahbazov: “Məni Taleh Bağırzadəgilin məhkəməsinə getdiyimə, dağıdılan qəbirlərin şəkilləri yaydığıma görə həbs ediblər”
“Mənim hardasa silah gizlətməyim barədə yazılanlar tam yalandı. Mən Taleh Bağırzadə və digər qardaşların məhkəməsində fəal iştirak etdiyimə, məhkəmədə haqda məlumatlar paylaşdığıma, Nardaranda polislərin öldürdüyü dörd sakinin qəbrinin dağıdılması xəbərini, şəkilləri sosial şəbəkələrdə yaydığıma görə həbs olunmuşam”, – Nardaran sakini Fail Şahbazov məhkəməsində həbsinin səbəbləri haqda danışarkən belə deyib.
Fail Şahbazov Nardaranda dörd üzvü olan ailənin oğludur. O deyir ki, həbsdə olan yaxınlarından nə atasının günahı var, nə də özü və digər iki qardaşının. Sadəcə, polislər Nardaranda bir çox ailələrə olduğu kimi, onların ailəsinə qarşı da düşmənçilik aparır.
“Bizim hamımızı həbs eləməyə çalışırlar. Çünki bizimlə düşmənçilik aparırlar. Keçən dəfə məhkəmədə dedim ki, ailəmizdən 3 nəfərin həbsdədir – atam, mən və qardaşım. Artıq dörd olmuşuq, o biri qardaşımı da həbs eləyiblər. Guya silah tapılıb. Əlbəttə ki, yalandı. İndi bir qardaşım qalıb, onun da həbs olunmasını gözləyirəm”, – deyə Fail Şahbazov bildirib.
Fail Şahbazov CM-nin 228-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham olunur. İttihama görə, Fail Şahbazov silah-sursat gizlətdiyini etiraf edib. Onun nişan verdiyi yerdən – Nardaran qəsəbəsində bağlar ərazisindən ov tüfəngi və qumbara tapılıb.
Amma Fail Şahbazov məhkəmədə bildirib ki, o “etirafa” təzyiq altında imza atıb. Dediyinə görə, onu döyüblər, dişlərini sındırıblar, şaxtalı qış günündə lüt saxlayıblar.
“Lüt soyundurdular, döyüb dişlərimi sındırdılar”
Onu da qeyd edək ki, Fail Şahbazovu noyabrın 23-də saxlayanda əvvəlcə polisə müqavimət adıyla 30 sutka inzibati həbs cəzası verilib. O, Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə və daha 17 nəfərin məhkəməsinə gələndə saxlanılaraq Sabunçu rayonu, 42-ci polis bölməsinə aparılıb. Orada onun qarşısına şərt qoyulub: “Orada mənə açıq şəkildə dedilər ki, sosial şəbəkələrdə aktivlik göstərirəm, şəkillər paylaşıram, ona görə də tutulmalıyam. Şərt qoydular ki, inzibati pozuntuya yol verdiyimi etiraf eləsəm, sutkalıq həbs veriləcək, yoxsa cinayət işi açılacaq. Mən də razılaşdım, polisə müqavimət adı ilə 30 sutka verdilər. Məni bir neçə gün Sabunçu Rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasında saxladılar. Orada demək olar, hər gün idarənin əməkdaşları gəlib mənə işgəncə verirdilər. Dekabrın 15-də yenə də məni döydülər, işgəncə verdilər, dişimi sındırdılar. Qış vaxtı məni lüt saxlayırdılar. Altı günə böyrəklərim sıradan çıxıb. Dedilər ki, “ya silaha qol çəkəcəksən, ya da evə narkotik maddə – heroin qoyub ailə üzvlərinin hamısını tutacağıq”. Mən də məcbur oldum polislərin dediyi ilə razılaşdım”.
“2 il 9 ay azadlıqdan məhrum edilsin”
Məhkəmədə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları da dindirilib. Onlar iddia ediblər ki, Fail Şahbazovun silah-sursat gizlətməsi haqda onlara əməliyyat məlumatı daxil olub. Ona görə də Fail Şahbazovu Binəqədidəki İnzibati Həbs Olunanların saxlandığı Təcridxanadan gətirib dindiriblər. Dindirmə zamanı guya, Fail Şahbazov silah gizlətdiyini etiraf edib.
Fail Şahbazov isə polislərin dediklərini təkzib edib.
Mayın 16-da məhkəmədə dindirmələr başa çatıb. Prokuror çıxışında deyib ki, Fail Şahbazova qarşı ittiham məhkəmədə sübuta yetirilib, ona görə də CM-nin 228.1-ci maddəsi ilə cəzalandırılıb 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilməlidir. Prosessual qaydalara görə, dövlət ittihamçısından sonra vəkil müdafiə çıxışı edir. Fail Şahbazovun vəkili Fariz Namazlı çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.
Növbəti məhkəmə iclası 23 may 2017-ci il saat 10.30-a təyin edilib.
Xatırladaq ki, Fail Şahbazovun atası Atabala Şahbazov Nardarandakı qanlı əməliyyatdan 4 gün sonra – 2015-ci il dekabrın 1-də həbs olunub. Ona qarşı qanunsuz silah saxlama ittihamı irəli sürülüb. Həmin vaxt polis bölməsində Fail Şahbazovun qardaşı Əli Şahbazova qardaşlardan birinin “təqsiri” öz üzərinə götürməsini təklif ediblər, bunun əvəzində atalarını azad etməyi vəd ediblər. Əli Şahbazov guya evlərində tapılmış silaha görə məsuliyyəti öz üzərinə götürməyi qərara alıb. Əli Şahbazovu həbs ediblər və ona terrorçuluq da daxil olmaqla, 10 maddə əlavə ediblər. Hazırda o, Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımovla birlikdə “Nardaran işi – 2” üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Atası Atabala Şahbazovu isə azad etməyiblər və 2 il 9 ay müddətinə azadlıqdan məhrum ediblər.
Bir neçə gün əvvəl – mayın 8-də isə daha bir qardaşı – Natiq Şahbazovu həbs ediblər. Hüquq-mühafizə orqanları bu qardaşı da qanunsuz silah saxlamaqda ittiham edir. İddia olunur ki, 42-ci polis bölməsinin əməkdaşları Natiq Şahbazova məxsus yardımçı təsərrüfatdan lüləsi və qundağı kəsilmiş “İJ-12” markalı tüfəng, səs boğucu və 8 ədəd müxtəlif çaplı patron tapıblar.
azadlıq.info
Oxunub: 608