Bu günlərdə Təhsil Nazirliyinin Nostrifikasiya İdarəsi diplomları Azərbaycanda tanınan universitetlərin siyahısını açıqlayıb. Siyahıda 34 ölkənin 600 ali məktəbinin adı var və ilk üçlükdə Almaniya, ABŞ və Rusiya universitetləri dayanır. Məlum siyahıya görə, ölkəmizdə Almaniyanın 115, ABŞ-ın 71, Rusiyanın 58 universitetinin diplomu tanınacaq. Azərbaycanlı gənclərin ən çox təhsil aldığı qonşu Türkiyənin tanınacaq universitetlərinin sayı isə 13-dür.
İllərdir xarici universitetlərdən alınan diplomların ölkə daxilində tanınması ilə bağlı mübahisəli məsələlər qalır. Sözügedən İdarədən də bildiriblər ki, ölkədə belə diplomların təxminən 20-25 faizi tanınmır. Nazirliyin rəsmiləri bunu təhsil alan şəxsin mövcud qaydalara uyğun normativ müddət tələblərinə riayət etməməsi ilə əlaqələndirirlər. Yəni, normativ müddət uyğun gəlmədiyi halda, diplomların tanınmasından imtina olunur.
Xarici ölkələrdə alınan diplomların ölkə daxilində tanınıb-tanınmaması öz yerində. İndi baxaq, bizim universitetlərin diplomları xarici ölkələrdə hansı səviyyədə və hansı prosedurlar əsasında tanınır?
Azərbaycan 1997-ci ilin aprelində “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Lissabon Konvensiyası”na imza atıb. Lakin diplomların qarşılıqlı tanınması məsələsində problemlər yenə də qalır. Təhsil ekspertləri deyir ki, dünyanın ayrı-ayrı ölkələri problemə fərqli yanaşma tətbiq edirlər. Bir ölkə attestata önəm verir, bir başqası dil bilgiləri ilə yanaşı, ixtisas biliklərinin də yoxlanılması üçün əlavə imtahan keçirir, başqa bir ölkə diplom alınan universitetin nüfuzuna, beynəlxalq reytinqinə önəm verir. Elə ölkələr də var ki, çıxış yolunu fərdi şəkildə müqavilə bağlamaqda görür.
Amma şübhəsiz, diplom verən təhsil ocağının reytinqi qəbul edilən meyarlar arasında birinci gəlir. Bu istiqamətdə Azərbaycan universitetlərinin göstəricilərinin ürəkaçan olmadığı kimsəyə sirr deyil. Bir faktı xatırladaq. İspaniyanın məşhur Dövlət Elmi-Tədqiqat Mərkəzi 2004-cü ildən bəri dünya ali məktəblərinin təhsil səviyyəsi üzrə elan olunan “Webometrics” adlı reytinq araşdırması aparır. Əsas meyarlar ali məktəbin dünyada tanınması, elektron məkanda tutduğu çəki və başqaları tərəfindən qiymətləndirilməsi, müasir elmi nəşrlərinin çəkisidir. Həmin araşdırmanın 2011-ci il nəticələrinə görə dünyanın 12 min ali məktəbinin sırasına Azərbaycanın cəmi 4 ali məktəbinin adı düşüb: Xəzər Universiteti (5097-ci yer), Qafqaz Universiteti (7054-cü yer), Diplomatiya Akademiyası (7653-cü yer) və Tibb Universiteti (11108-ci yer). Bu 12 min ali məktəb arasında ilk 6 min ali məktəb “yüksək liqa” hesab olunur. Bu 6 minlik sırasına düşənlər “yaxşı universitetlər” kimi qəbul olunurlar. “Yüksək liqa”ya ölkəmizdən yalnız bir ali məktəb – Xəzər Universiteti düşə bilib (5097-ci yer).
Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının fikrinə görə “dünyada diplomların tanınması anlayışı yoxdur, universitetlər öz nüfuzlarına görə tanınırlar. O deyir ki: “Azərbaycanda hər hansı ən zəif özəl universiteti bitirən məzun belə, misal üçün Kanadaya işləməyə gedərsə, Kanada tərəfdən Azərbaycanda belə bir rəsmi universitetin olub-olmadığı aydınlaşdırılır. Araşdırma özünü doğruldursa, o, imtahan edilir, yaxud müəyyən prosedurdan keçir və uyğun işə götürülür. Dünyada universitetlərin şöhrəti anlayışı var. Universitetin nüfuzu yüksək olduqda, onun məzunu da diqqətlə qarşılanır”.
Təhsil eksperti Nabatəli Qulamoğlu da diplomların xaricdə tanınması ilə bağlı xüsusi bir problem olmadığını deyir. “Ölkəmiz sənədlərin leqallaşmasının sadələşdirilməsi barədə Haaqa konvensiyasının və ali təhsil üzrə ixtisasların Lissabon konvensiyasının üzvüdur. Ona görə də, diplomları həmin konvensiyaya üzv ölkələrin hər birində yalnız apostil etdirməyə ehtiyac var. Bu xarici ölkələrdə işəgötürmə assosiasiyaları vasitəsilə həyata keçirilir. Burada əsasən keyfiyyət yoxlamaları aparılır.”
Məsələn, Ümumdünya Tibb Təhsili Konfederasiyasının dünyada həkimlik ixtisası üzrə diplomun tanınması ilə bağlı qəbul etdiyi qaydaya görə, tibb ixtisası oxumuş azərbaycanlı tələbələr də xaricdə imtahan verib biliyini təsdiq etdirməlidir. Statistikaya görə, ötən il Türkiyədə diplomunu tanıtmaq üçün imtahan verən 300-dən çox əcnəbinin yalnız 70-i uğur qazana bilib. Onlardan 4-ü azərbaycanlı olub.
Xülasə, təhsil mütəxəssislərinin sözlərindən aydın olur ki, xarici ölkələrdə “diplomların tanınması”, əslində, bir prosedurdur. O proseduru uğurlu keçmək üçün isə nüfuzlu bir universitetdən keyfiyyətli təhsil almaq böyük şans anlamına gəlir. Bizdə o şansı verən universitetlərimizin sayı da çox azdır, təəssüflər olsun ki…
Səadət
Oxunub: 314