nKorrupsiya, talançılıq, hüquqsuzluq ABŞ-dakı vəziyyətlə bağlıdır?
Ölkədə vəziyyət sürətlə pisləşsə də, yürüdülən siyasətin yarıtmazlığı hər addımda açıq görünsə də, hökumət qətiyyən məsuliyyəti öz üzərinə götürmək istəmir. Hansısa sahədə 5-3 qəpiklik gəlir olsa, dərhal hökumətin müdrik siyasəti kimi təqdim edilir. Amma bütün sahələrdə tənəzzül rəqs eləyəndə, dərhal günahkar axtarılır, yarıtmazlığı kiminsə boynuna yükləmək planı işə salınır.
Bu “ənənə” Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında da davam etdirilib. İclasda “2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabat müzakirə olunub.
Maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, 2016-cı ildə inkişaf etməkdə olan ölkələrdə üzrə investisiyanın azalması, neft və digər xammal məhsullarının qiymətlərinin aşağı düşməsi, Avropa və ABŞ-da baş verən siyasi proseslərlə əlaqədar olaraq qlobal maliyyə bazarlarında qeyri-müəyyənliyin artması nəticəsində ticarət göstəriciləri və iqtisadi artımın sürəti son illərdə müşahidə olunan geriləmə davam edib: “Ümumiyyətlə, dünya üzrə iqtisadi artım göstəriciləri 2015-ci il ilə müqayisədə 0,3% bənd azalaraq 3,1% bənd təşkil edib: 2015-ci il ilə müqayisədə neftin orta qiymətinin aşağı düşməsi neft ixrac edən ölkələrin iqtisadiyyatına öz mənfi təsirini göstərib və həmin ölkələrdə bir çox dövlət büdcə və cari hesablar balansında problemlərlə üzləşmişlər”-deyə Azər Bayramov bildirib.
Göründüyü kimi yenə də yarıtmaz, böhranlı siyasəti dünyadakı vəziyyətlə, neftin qiymətiylə əlaqəlnədirməyə çalışırlar. Guya, neftin qiyməti 120 dollar olanda, Azərbaycan xalqı xoşbəxtlikdən məst olubmuş.
Əgər ölkədə “qara kassa” mövcuddursa, ölkəyə idxal edilən malların böyük hissəsi qeydiyyata düşmürsə, korrupsiya normaya çevrilibsə, inhisarçılıq iqtisadiyyatın başının üstünü qılınc kimi kəsdiribsə, buna dünyadakı vəziyyətin, neftin qiymətinin nə aidiyyatı?
Hökumət ehtiyac olmadığı halda milyardları mənşəyi bəlli olmayan tədbirlərə sərf edirsə, dünyanın müxtəlif yerlərində şəxsi maraqların təmin olunması üçün yüz milyonları havaya sovurursa, bunun ABŞ-dakı siyasi vəziyyətlə nə əlaqəsi?
İrir məmurlar milyarderə çevrilib, ölkə bir qrup adam arasında bölüşdürülüb, büdcə vəzifəli şəxslərin “ata mülkü”nə çevrilib və bütün sahələrdəki tənəzzül də bu faktlarla bağlıdır.
Son 15 ildə ölkədən offşor hesablara 95 milyard dollar vəsait çıxarılıb, təkcə Beynəlxalq Bank vasitəsilə 10 milyarda yaxın pul yuyulub, Azərbaycan həqiqətlərini dünyadan gizlətmək məqsədilə, dünyanın müxtəlif yerlərindəki natəmiz adamalara külli miqdarda pullar verilib.
Bütün bunları xatırlatmaqla demək istəyirik ki, ölkədəki sosial-iqtisadi vəziyyətin kəskin pisləşməsi neftin qiymətiylə, ABŞ-dakı siyasi vəziyyətlə bağlı deyil. Birbaşa aparılan acgöz, anti-milli siyasətin nəticəsidir.
Ona görə də rəsmilərin ölkədəki vəziyyətlə bağlı xarici səbəblərə istinad etməsi gülünc görünür və cəmiyyəti aldatmaq cəhdidir. Beynəlxalq Bankı sağlamlaşdırmaq üçün 3 milyarddan artıq vəsait ayrıldı, amma nəticədə məlum oldu ki, Beynəlxalq Bank daha ağır xəstəliyə yoluxub. Yaradılan bütün qurumlar, imzalanan bütün sərəncamlar ona görə nəticə vermir ki, hakimiyyətin mahiyyəti real islahatlarla ziddiyyət təşkil edir. Sabah neftin bareli 500 dollar olsa da, nəticə dəyişməyəcək. Çünki, oğurlamaq, talan etmək, xalqı çətinliklərlə sınağa çəkmək məqsəddir, xislətdir, təfəkkür tərzidir. Mövcud hakimiyyət böhranın mənbəyi kimi çıxış edir və ölkə üçün ən böyük təhlükə yürüdülən siyasətdir.
Samir
Oxunub: 1214