Rafiq Manaflı
Son günlər AXCP yeni, eşalonlaşdırılmış hücumların içindədir – cəbhəçi olduğuna görə işdən qovulanlar, inzibati həbslərə məruz qalanlar, məhkəmələr. Və nəhayət Gözəl Bayramlının şərlənərək saxlanılması.
Bu yəqin ki, son aylar geninə-boluna anonslanan yeni “islahat”lar kompaniyasının tərkib hissəsidir. İslahat sobasına guya reaktor quraşdıracaqdılar, amma heç təzək də tapmırlar o sobanı qalamağa. Gücləri ancaq Beynəlxalq Bankı batırmağa, insanlara çamur atıb linç məhkəməsi qurmağa və təqiblərin, həbslərin intensivləşdirilməsinə çatdı.
İndi yəqin ki bir çox müxalifət adlanan təşkilatların rəhbərləri Əli Kərimliyə kinayə edir ki, bu mürəkkəb zamanda üzvlərini qoruya bilmir, yəni qınına çəkilib gözləmə mövqeyində oturmur. Ola bilsin, kimlərsə də bununla razılaşsın.
Amma heç kəsdə bir qətrə belə şübhə yoxdur ki, Əli Kərimli və onunla birlikdə AXCP-nin rəhbərliyi, sıravi üzvləri öz təşkilatlarının şərəfini qorudular. Və bütün bu ardı-arası kəsilməyən hücumlar məhz bu səbəbdəndir.
Daha yaxşı zamanlar marığında özünü qorumaq məqsədi ilə səsini udub susanlar mümkündür ki, müvəqqəti olaraq təqiblərdən yayına bildilər. Amma onlar özləri ilə birlikdə bu hakimiyyəti qoruyub, onun ömrünü uzadırlar. Öz-özünə,əfəndilər, yaxşı, uyğun zaman yetişməyəcək. Həmin zaman yalnız mübarizədə yetişə bilər.
Gözünüzü açın, baxın. Ölkə ictimaiyyəti getdıkcə daha artıq surətlə ayılır, fəallaşır. Və ayıldıqca fəallaşanların üz tutduğu ünvan Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır. AXCP-yə hücumların, həbslərin artması onun sıralarını həndəsi silsilə ilə genişləndirir. Cəbhə seçiminin də səbəbi çox sadədir.
Çünki heç kim şərəfini qoruya bilməyənlərlə yol getmək istəmir.
Yazı müəllifin feysbuk hesabından götürülüb
Oxunub: 758