Maliyyə nazirliyi satılmadığını deyir
Azərbaycan bu ilin fevral ayında rəsmi qızıl ehtiyatlarının geri qalan 18 tonunu da satıb.
Bu barədə Ümumdünya Qızıl Şurası (World Gold Council) məlumat yayıb.
Şuranın avqustun 1-də yenilədiyi dünya ölkələri üzrə rəsmi qızıl ehtiyatlarının statistikası hesabatına görə, Azərbaycan qlobal reytinqdə yer almayıb.
Qeyd edək ki, yanvar ayında Azərbaycan 18 ton rəsmi qızıl ehtiyatlarına sahib olub və qlobal reytinqdə 63-cü sırada yer alıb. Ümumdünya Qızıl Şurasının hesabatına görə, Azərbaycan rəsmi qızıl ehtiyatlarını 2016-cı ilin sentyabr ayından etibarən satmağa başlayıb. Belə ki, sentyabr ayında satış həcmi 1 ton, oktyabrda 4,2 ton, noyabrda 3 ton, dekabr 2 ton, cari ilin yanvarında 2 ton və fevralda 18 ton təşkil edib. Yəni, Azərbaycan 6 ay ərzində bütün qızıl ehtiyatlarını satıb.
İyulun 27-də Azərbaycanın Maliyyə Nazirliyi bildirmişdi ki, Mərkəzi Bankda saxlancda olan Azərbaycan Respublikası Hökumətinə məxsus qızılın miqdarı 60813,8 troy unsiyaya (1891,7 kiloqrama) çatdırılmışdır. Onun bu günə bazar dəyəri 75,8 milyon ABŞ dolları təşkil edir.
Oxunub: 800