Maraqlı ölkədə yaşayırıq. Müstəqil olduğu, qanunların işlədiyi, mövqeyindən asılı olmayaraq hər kəsə eyni gözlə baxıldığı, prezident ev paylayanda belə kimsəyə (iqtidar, ya müxalifət) fərq qoyulmadığı deyilir. Gerçəyin necə olduğunusa hamı bilir, ancaq deyilənlərə inananlar da az deyil. Səbəb sadədir: yalan bu ölkədə daha işləkdir. Mayasına haram qatılıb…
Polisin, prokurorun, hakimin, vergi müfəttişinin rüşvət almadığına kimsəni inandıra bilməzsən. Bu da dələduzlara əl-qol açmağa geniş imkan verir. Onlar uniforma belə əldə edib müxtəlif dövlət məmurları adına adamları asanlıqla aldada bilir. Böyük pullar qazanmaq imkanı da əldə edirlər. Ancaq bəzən tutulurlar da, başqalarının bazarına girdiklərinə, özgə meydançasında oynadıqlarına görə.
Son hadisə təzəlikcə baş verib. Xeyli vaxtdır reklamı aparılan sosial mənzillərlə bağlı. Bunun üçün xüsusi qurum da yaradılıb; Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi. Bu agentlik də öz növbəsində “Güzəştli mənzil” xidmət məntəqələri yaradıb. Mənzilə ehtiyacı olanlar bu məntəqələr vasitəsilə sosial evlər almaq üçün yazıla bilər. Çevik təfəkkürlü vətəndaşlarımız anındaca bundan yararlanmaq qərarına gəlib. Ölkədə çarəsiz durumda olan, həm də mənzilsiz xeyli adam var. Onlar mənzil sahibi olmaq üçün hər şeydən keçməyə hazırdılar. Təki baş soxmağa, kirayədən can qurtaqmağa, ya da evlənib ailə-uşaq yiyəsi olmağa yer tapsın. Bu incə məqamı dələduzlardan yaxşı kim bilər. Adamların zəif yerini onlar daha tez tapır. Üstəlik, hər şeyin rüşvətlə həll olunduğu ölkədə dələduzlar üçün geniş meydan da var. Onlar istədikləri vaxt polis, prokuror, hakim, vergi müfəttişi formasında zühur edə, dəfələrlə başı daşa dəyən vətəndaşlarımız da onlara inana bilər. Bir mənzili bir neçə nəfərə satıldığı evlər (“Muray” və başqa tikinti şirkətləri) yaddan çıxmasa da, bu gün yenə həmin dələduzlarla qarşılaşmaq olur. Prezidentin adına bağlı olan sosial evlərdə olduğu kimi. Xəbər yayılıb ki, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciəti əsasında “579 SSA” MMC özəl müəssisəsinin vəzifəli şəxslərinin Agentliyin adından qanunsuz istifadə edərək dələduz hərəkətləri ilə bağlı araşdırma aparılıb. Kimi, yaxud kimlərisə tutublar da. Prezident yanında… qurumun adından adamları aldadıb pul aldıqlarına görə. Adamlar niyə mənzil fırıldaqçılarına inanıb? Sadə sualın sadə də cavabı var, çünki bütün işlərə haram qatılır və o haramın başında dövlət məmurları dayanır. Sadə vətəndaş da məmurların alver adamı olduğunu bildiyindən qarşısına çıxan hər məmur geyimli dələduza inanır…
Son günlərin ən çox dartışılan mövzularından biri jurnalistlərə ev paylanmasıdır. Jurnalistə prezidentin ev verməsinin biabırçılıq olduğunu kənara qoyaq. Sosial evlərdə olduğu kumu, burda da başlıca fiqur prezidentdir. Onun adı altında hərə öz oyununu oynayır. Artıq sosial şəbəkələrdən bəllidir: bu işdə salahiyyət yiyəsi olanlar jurnalist adıyla katibəsinə, məşuqəsinə, sürücüsünə, daha nə bilim kiminə ev alıb. Təsdiqlənməsə də, rüşvət hallarının da olduğu deyilir, yəqin zamanla bunu da araşdırıb gerçəyi ortaya qoyan olacaq. Yeri gəlmişkən, ev bölgüsündə əsas söz yiyələrindən olan bu quqrumun da adında “prezident yanında” sözləri var – Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu.
Göründüyü kimi, problem dələduzlarda deyil, dələduzluq edən, dələduzluğu çiçəkləndirən dövlət məmurlarındadır.
Oxunub: 340