ABŞ prezidenti Donald Trump «Amerikanın düşmənləri ilə sanksiyalar vasitəsilə mübarizə aktı» adlı sənəd imzalayıb. Sənəd İran, Şimali Koreya və Rusiyaya mövcud sanksiyalara dəyişiklikləri nəzərdə tutur.
Akta əlavə olunmuş müraciətdə Trump qanunu «milli birlik məqsədilə» imzaladığını deyib.
Bəs indi Rusiya üçün nə dəyişəcək? CurrentTime.TV portalı bu haqda yazır.
ABŞ prezidenti sanksiyaları birbaşa ləğv edə bilməyəcək
Artıq ABŞ prezidenti keçmiş prezident Barack Obama-nın ayrı-ayrı sərəncamları ilə qoyulmuş sanksiyaları ləğv edə bilməyəcək. Bundan ötrü o, Konqresin xeyir-duasını almalı olacaq.
Prezident sanksiyaların ləğvini əsaslandırmaqdan ötrü tutarlı informasiya (bu, məsələn, Minsk sazişinin şərtlərinin yerinə yetirilməsi ola bilər) təqdim etməli, bunun ABŞ-ın maraqlarına uyğunluğunu təsdiqləməli olacaq.
ABŞ Konqresi prezidentin müraciətinə 30 gün ərzində cavab verməlidir.
Sanksiyalar nə üçün tətbiq olunub
Sənəddə Krımın ilhaqı və Rusiyanın Şərqi Ukraynadakı münaqişədə iştirakı, Suriyaya silah ötürməsi və kibertəhlükəsizliyi pozmaqla bağlı fəaliyyəti qeyd edilir.
Sanksiyalar aşağıdakı fəaliyyət növlərini əhatələyir:
– kibertəhlükəsizlik;
– neft layihələri;
– korrupsiya;
– insan hüquqlarının pozulması;
– sanksiyalardan yayınmaq cəhdləri;
– maliyyə institutları;
– Rusiyanın müdafiəsi və kəşfiyyatı ilə qarşılıqlı əlaqələr;
– ixrac boru kəmərləri;
– dövlət aktivlərinin dövlət məmurları tərəfindən özəlləşdirilməsi;
– Suriyaya silah satışı.
Sanksiyalar kimə şamil oluna bilər
Bu dəfə sanksiyalar Rusiyanın neft hasilatı layihələri, neft və qaz kəmərlərinin tikintisinə bağlılığı olan şirkətlərə də şamil oluna bilər. Bundan başqa, Rusiyanın müdafiə sahəsi ilə qarşılıqlı əlaqələri olan qurumlar, Baş Kəşfiyyat İdarəsi və FTB də sanksiyaları hiss edə bilər.
Bundan əlavə, yeni qanuna görə, Rusiya Federasiyasının zorla işğal etdiyi və ya onun hökumətinin nəzarətində olan istənilən ərazidə ciddi insan hüquqları pozuntularında iştirak edən şəxslər də sanksiyaya məruz qala bilər. Sanksiyalar ədalətsiz özəlləşdirmə və korrupsiya sxemlərində iştirak edən şəxslərə və qurumlara da aid ediləcək.
Suriyayla bağlı sanksiyalar bu ölkənin hökumətinin kimyəvi, bioloji və nüvə silahı, yaxud da «sabitliyi pozacaq» miqdarda adi silah növləri, ballistik və qanadlı raketlər hazırlamasına və əldə etməsinə yardım edən şəxslərə qoyulacaq.
Sənədin tələblərinə əsasən, əvvəlki kimi, sanksiya siyahılarını Xarici Aktivlərə Nəzarət Şöbəsi formalaşdıracaq. Bu qurum ABŞ Maliyyə Nazirliyinin sanksiyalar sahəsində qanunvericiliyin icrasına cavabdeh strukturudur.
Sanksiyalara nələr daxil ola bilər
– bank xidmətlərinin göstərilməsindən imtina;
– sanksiyaya məruz qalan şəxs üçün mal və xidmətlərin ixracı zamanı bank xidmətləri göstərilməsindən imtina;
– sanksiyaların aid edildiyi şəxsə mal və məhsulların ixracından imtina;
– (ildə) 10 milyon dollardan artıq kreditlərin verilməsindən imtina. Bu pulların «insan iztirabının yüngülləşdirilməsinə yönəlmiş fəaliyyət» üçün nəzərdə tutulduğu hallar istisnadır;
– sanksiya qoyulan şəxslərə kreditlərin verilməsinin önlənməsi üçün beynəlxalq maliyyə qurumlarında səs hüququndan istifadə;
– ABŞ-ın sanksiyaların əhatələdiyi şəxslərdən mal və xidmətləri satın almaqdan imtinası;
– sanksiyaya məruz qalan qurumlardan borc və ya payın satın alınmasına qadağa;
– daşınmaz əmlak əməliyyatlarının gerçəkləşdirilməsindən imtina;
– aktivlərin bloklanması;
– viza verilməsindən imtina və ya ABŞ ərazisindən qovma.
İstisnalar
Sanksiyalar Amerika Milli Kosmik Agentliyinin NASA) fəaliyyətinə təsir göstərən hallara, habelə Amerika şirkətlərinin kosmik uçuşlarına, Pentaqonun kontraktorları və subkontraktorlarının (raket) hissələrini satın almasına aid edilmir.
Bu, təsadüfi deyil: «Roskosmos» və NASA Beynəlxalq Kosmik Stansiya ilə bağlı kosmik sahədə sıx əməkdaşlıq edirlər. Bundan başqa, məsələn, Əfqanıstan daha öncə Rusiyadan aldığı «Mi-17» helikopterlərinə baxılmasında ABŞ maliyyəsindən yararlanır.
Rusiyanın reaksiyası
Rusiya prezidenti Vladimir Putin yeni sanksiya paketinin qəbul edilməsini «yekəbaşlıq» adlandırıb. O deyib ki, «Rusiya cavab verməli olacaq».
Baş nazir Dmitry Medvedev-sə yazıb ki, «Amerikanın yeni administrasiyası ilə münasibətlərimizin yaxşılaşmasına ümid bitdi».
Kreml artıq bir müddət öncə ABŞ-dan Rusiyada çalışan səfirlik və konsul xidmətləri əməkdaşlarının 755 nəfərini ixtisara salmağı tələb edib. Bundan başqa, Kreml ABŞ diplomatlarına Moskvadakı Serebryanıy Bordakı bağdan (daça) və Çertanovodakı anbardan istifadəni yasaqlayıb. (azadliq.org)
Oxunub: 712