Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2016-cı ilin yekunlarına görə, 35.3 milyard manat maliyyə öhdəlikləri var. SOCAR üçün öhdəliklərin həcmi çox yüksək görünür”.
İqtisadçi Zöhrab İsmayıl SOCAR-ın 2016-cı ilin yekunları ilə bağlı yeni açıqlanmış hesabatını AzadlıqRadiosu-na şərh edərkən belə deyib. Hesabat xeyli gec açıqlanıb, həm də yalnız ingilis dilindədir.
İqtisadçı deyir ki, şirkət bunu bir neçə ay öncə etməli idi. Həm də hesabat ictimaiyyətə Azərbaycan dilində açıqlanmalı idi.
Z.İsmayıl SOCAR-ın 35.3 milyard manatlıq maliyyə öhdəliklərinin olduqca yüksək olduğunu ifadə edir.
Cari və uzunmüddətli öhdəliklər…
“Burada cari öhdəliklər 18.4 milyard, uzunmüddətli öhdəliklər isə 16.9 milyard manatdır. Eyni zamanda uzun müddətli öhdəliklərə 1.3 milyard həcmində təxirəsalınmış vergi borcları da daxildir”.
İqtisadçı deyir ki, SOCAR 2017-ci ildə nə az, nə çox – 6.7 milyard manat borc qaytarmalıdır. 8.2 milyard manat həcmində uzunmüddətli borclar isə 2019-2030-cu illərdə ödənilməlidir.
Şirkət effektiv idarə edilmir
SOCAR niyə borc içindədir, sualına cavabında iqtisadçı bir neçə problemi qeyd edir. Onun fikrincə, əsas problemi odur ki, SOCAR effektiv idarə olunmur.
“SOCAR korrupsiya risklərindən sığortalanmayıb. Şirkətin əhatəsi çox böyükdür. Burada korporativ idarəetmənin müasir metodları tətbiq edilmir”, – deyən iqtisadçı SOCAR-a nəzarət mexanizmlərinin də problemli olduğunu ifadə edir.
“Şirkətə demək olar ki, heç bir səlahiyyətli dövlət nəzarəti mexanizmi yoxdur. Əslində belə şirkətlər həm hökumətin, həm ali audit institutunun, yəni Hesablama Palatasının nəzarəti altında olmalıdır. Digər tərəfdən ictimaiyyətin, yəni vətəndaş cəmiyyəti və medianın SOCAR-a nəzarəti də təmin edilməlidir”.
SOCAR Beynəlxalq Bankın aqibətini yaşaya bilər
Z.İsmayıl şirkətin Beynəlxalq Bankın aqibətini yaşayacağını, iflasa uğrayacağını istisna etmir.
“Borclar SOCAR-ın iflasına, Azərbaycan Beynəlxalq Bankının durumuna düşməsinə səbəb ola bilər. Həm də biz hələ SOCAR-ın TANAP və TAP layihələrinin icrası ilə bağlı borclanmaqda davam edəcəyini nəzərə almalıyıq”, – iqtisadçı bildirib.
Hesabat ətrafında səslənən fikirlərə, hələ ki, SOCAR rəsmilərinin fikrini öyrənmək mümkün olmayıb. Ancaq onlar ötən il deyirdilər ki, qurumun 6 milyard dollardan çox borcu var. Üstəlik, ötən ay benzinin qiyməti təqribən 28 faiz bahalaşanda, buna səbəblərdən biri kimi SOCAR-ın ziyanının aradan qaldırılması istəyi göstərilmişdi.
Oxunub: 580