Cəmil Həsənli, Milli Şuranın sədri
Ötən həftə Milli Şurada biz ölkənin social-iqtisadi vəziyyəti ilə bağlı geniş bir dinləmə keçirdik. Mənzərə son dərəcə məyusedicidir. Zəngin təbii ehtiyatları, böyük əmək potensialı, bərəkətli torpaqları olan bir ölkə iqtisadi fəalakət həddinə gətirilib. Bunlar neft pullarını öz aralarında bölüşdürməyi iqtisadiyyat zənn edirdilər. Nəticəsi göz qabağındadır. Dağdan daşdan ibarət olan Emənistanda orta aylıq əmək haqqı 399 avro, xəzinə üstündə oturub səfalət içində boğulan Azərbaycanda 299 avro. Bunu biz demirik, qeyd edilən rəqəmləri beynəlxalq əmək təşkilatı elan edib. Açması budur ki, hər ay erməni həkimin, müəllimin, fəhlənin, kənd təsərrüfatı işçisinin ortalama əmək haqqı, Azərbaycan müəllimi, həkimi, fəhləsi, kənd təsərrüfatı əməkçisinin ortalama əmək haqqından 100 avro, yəni 200 manat çoxdur. İqtisadi təhlillər göstərir ki, Azərbaycanda işləyən insanların və pensiyaçıların yarıya qədərinin aylıq əmək haqqı və pensiyası neft erası dövründə lağa qoyulan Ermənistanın bu gün vətəndaşına Azərbaycan hökumətindən artıq ödədiyi həmin 100 avrodan aşağıdır. Ölkəni idarə edənlər, yaratmaz idarəçiliyi ilə məmləkəti belə rüsvayçı duruma salanlar öz əməllərindən utanıb xəcalət çəkməlidirlər.
İqtisadi tənəzzülün nəticəsi olaraq Azərbaycan səhiyyəsi vətəndaşın etimadını itirib. 10 gün əvvəl qonşu İran hökuməti Azərbaycandan axın edən xəstələrin ehtiyacını ödəmək üçün sərhəddə yaxın olan şəhərlərdə 17 tibb müəssisəsinin tikilməsi haqqında qərar verdi. Bu xeyirxah əməllərinə görə sağ olsunlar. Başsız və başçısız məmləkətin xəstəsi, əlili, zəlili, müəalicəyə ehtiyac olanı qonşu ölkəyə axın edəndə belə də olmalı idi. Əgər bir ölkənin xəstəxanasında xəstənin sağ ayağı əvəzinə sol ayağını kəsirlərsə, ayrı cür necə ola bilərdi? Ölkəni və ölkə səhiyyəsini belə gözükölgəli vəziyyətə salanlarda zərrə qədər utanc hissi qalıbsa, yarıtmaz siyasətlərinin nəticələrindən utanmalıdırlar. İranın Azərbaycan əhalisinə səhiyyə xidmətini öz üzərinə götürüməsi məzmunca humanitar xarakterli olsa da, mahiyyət etibarı ilə ölkənin müstəqilliyinin bir hissəsinin itirilməsi deməkdir. Halbuki, azərbaycanlılar azad, demokratik, müstəqil, inkişaf etmiş bir AZƏRBAYCAN yaradıb, sadəlövhcəsinə bunu Cənubdakı türklərin cazibə mərkəzinə çevirməyi düşünürdülər. Tamamilə əksi alındı. 50 milyonluq azərbaycanlıların prezidentliyinə iddia edən İlham Əliyevin yarıtmaz social-iqtisadi siyasəti İran səhiyyəsini Azərbaycan vətəndaşının cazibə mərkəzinə çevirdi.
Son iki il ərzində ölkənin ümumi daxili məhsulu yarıbayarı azalaraq 75 milyard dollardan 37 milyard dollar düşüb. Son 6 ayda bu azalma daha 1,3 faiz qeydə alınıb. Bu o deməkdir ki, həmin məhsulu ərsəyə gətirən ölkə əhalisi də yarıbayarı yoxsullaşıb, əvəzində qiymətlər bir o qədər yüksəlib. Və həm də qiymət artımı qarşıalınmaz prosesə çevrilib. Dünyada yanacağın qiymətinin aşağı düşdüyü son illərdə Azərbaycanda benzinin qiymətinin daha 28 faiz bahalaşması bunun aydın ifadəsidir. Bu ilin birinci yarısı üçün qiymət artımının yalnız 14 faizi etiraf edilir, real həyatda isə bu 25-30 faiz arasındadır. Amma buda son deyil. Payızda qiymət artımının yeni dalğası qaçılmazdır. Cəmiyyətə təmtəraqla elan edilən 11 strateji xəritə qovluqların içindən real həyata vəsiqə ala bilmədi. Çünki göz qamaşdıran həmin xəritələrin işləmə mexanizmi yox idi. İqtisadi böhranın dərinləşməsi, maliyyyə krizi, vaxtında qabaqlayıcı tədbirlərin görülməməsi, iş adamları ilə “Bandotdelin” dilində danışılması yalnız bir şey vəd edirdi – kütləvi işsizlik. O da baş verdi. Sosial baxımdan Azərbaycan hazırda ümidsiz bir ölkəyə çevrilib, çarəsiz duruma düşüb. Ölkənin perspektivinə inamın itməsi xaricə axını gücləndirib. İşsizlik əmək bazarında daimi gərginliyi qaçılmaz edib. Əvvəllər milyon yarım iş yerinin açılması ilə öyünən İlham Əliyev son günlər “fındıq müşavirəsində” yeni bir tezis irəli sürdü: işləmək istəyən iş tapar. Qəribə də olsa bunu XVIII-XIX əsrlərdə Lənkəran xanı və onun vəziri yox, XXI əsrdə, iqtisadi-sosial proqnozlaşdırma əsrində ölkənin taleyinə cavabdeh olan, onun məsuliyyət yükünü öz üzərinə götürən bir adam deyir.
Ölkə başçısının iqtisadi düşüncələri empiric ola bilər. Necə ki, İlham Əliyevdə biz bunu müşahidə edirik. O, böyük həvəslə qərarlar qəbul edir, texnoparklar açır, pambıq, barama, fındıq müşavirələri keçirir, nazirlərə və vəzifəli şəxslərə NAZLİFAN minməyi tövsiyyə edir. Hanı o NAZLİFAN, niyə böyük xərc hesabına yaradılmış həmin zavod öz fəaliyyətini dayandırdı? Bəs İsmayıllı velsoped zavodu niyə işləmir? Vaxtı ilə lenti kəsilən müəssisə və emal sənayesi obyektlərinin neçə faizi işləyir, ümumiyyətlə işləyirmi? Kempinski komplenksinin inşasına 283 milyon dollar vəsait xərclənib, amma bu kompleks ən yaxşı halda ildə 1 milyon dollar gəlir gətirə bilir. Bu gün ölkə naşı adamların xamal, işçi qüvvəsi, qiymət və bazar anlayışlarından uzaq ekspermentlərinin bədəlini ödəyir, görüntü iqtisadiyyatı illüziyasını yaşayır. İqtisadi inkişaf nümunəsi kimi son müşavirələrdə istinad edilən ixracatın cüzi artımı, əslində ölkədən valyuta çıxarmağın “etibarlı” bir yoluna çevrilib.
Ölkə iqtisadiyyatına invistisiya qoyuluşu kəskin şəkildə aşağı düşüb. Təsəvvür edin ki, ötən 6 ayda xarici investorlar ölkəmizə sərmayə qoyuluşunu 10 faizdən çox, yerli müəssisə və təşkilatlar isə 25 faizdən çox azaltmaq məcburiyyətində qalıblar. İnvestisiyaların azalması işgüzar aktivliyi kəskin şəkildə aşağı saldı. Belə şəraitdə iqtisadiyyatın kiçildilməsi ən pis yol idi və hökumət buna da üstünlük verdi. Lakin rəsmi iqtisadiyyat kiçildikcə, kölgə, yəni oğurluq iqtisadiyyatının həcmi 67 faizə yüksəlib dövləti belə öz kölgəsinə saldı. Halbuki, böhran dövründə iqtisadiyyata əlavə vəsaitlər qoyulmalı idi. Amma ölkə büdcəsi artıq investisiya qoyuluşu imkanların demək olar ki, itirib, ilin ikinci yarısı üçün büdcə dəyişikliyi isə vaxtı çatmış xarici borcların və ödənişlərin qaytarılması zərurətindən irəli gəlmişdi. Ölkə iqtisadiyyatına cavabdeh olan dairələr son vaxtlar işçilərin sayının 0,5 faiz artdığını iddia edir, əgər yalnız 2017-ci yanvar-mart aylarında gəlir vergisi 37 faiz azalıbsa işçi sayında necə artım ola bilər. Son bir il ərzində təkcə bank sektorunda 1000 nəfərdən çox adam işini itirib.
Niyə ölkə iqtisadiyyatı belə acınacaqlı vəziyyətə düşdü? Əlbəttə bunun birinci səbəbi liberal iqtisadiyyata yol açan islahatların keçirilməməsi, neft pullarının səmərəsiz istifadəsi və korrupsiuyaya yem olması, ölkənin gəlirli sahələrinin, o cümlədən Bank sektorunun Əliyev ailəsinin nəzarətinə keçməsi, rəqabət mühiti əvəzinə monopolyanın bərqərar edilməsi, əhalini rəqabətsiz soymaq üçün xarici bankların ölkəyə buraxılmaması, qeyri-neft iqtisadiyyatının yaradılmaması, orta və kiçik biznesin təqib edilməsi, kənd təsərrüfatının çökürdülməsi, hakim ailənin və yüksək vəzifəli şəxslərin ölkənin sərvətlərini ələ keçirməsi və sair məsələlərlə bağlıdır. Bir anlığa təsəvvür edin ki, keçmiş MTN və Rabitə işləri, metro Tağının hər dördüncü jetonu mənimsəməsi, hakim partiyanın digər rəhbər işçilərinin soyğunçuluğu ölkədə baş verən talançılığının heç 5 faizi deyil. Amma, bu şəraitdə belə bəziləri hələ də sadəlövhcəsinə Əliyev hakimiyyətinindən islahatlar gözləyir. Əgər ölkənin başında duran bir adam, bir prezident ölkənin gəlirli sahələrini öz ailə üzvüləri və yaxın ətrafı arasında bölüşdürürsə, öz ailəsinin və yaxınlarının varlanmasına şərait yaradırsa, ondan xalqın dərdinə dərman olacaq islahat gözləmək xətadır.
Oxunub: 1568