Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Turan” İnformasiya Agentliyinə qarşı vergi ödəməkdən yayınma ittihamı ilə siyasi motivli cinayət işinin açılması ilə bağlı Azərbaycan hakimiyyətini qınayır və ölkənin azsaylı müstəqil media qurumlarından birinin məhv edilməsi məqsədi daşıyan qanunsuz əməllərə dərhal son qoymağa çağırır. Bu barədə RATİ-nin məlumatında deyilir.
Belə ki, Vergilər Nazirliyi “Turan” İnformasiya Agentliyindən 37000 manat (22000 ABŞ dolları) məbləğində əsaslandırılmamış vergi borcunu ödəməyi tələb etməklə yanaşı agentliyin fəaliyyəti ilə bağlı növbədənkənar vergi yoxlamasına başlayıb. Öz növbəsində, Vergilər Nazirliyinin hərəkətlərini qeyri-qanuni hesab edən Turan agentliyi cinayət işinin başlanması və vergi borcunun tutulmasına dair qərarın ləğvi, habelə əsassız vergi yoxlamasının başlanmasının dayandırılması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edib.
Son beş ildə vəziyyətin monitorinqi Azərbaycan hakimiyyətinin müstəqil KİV və QHT-lərə təzyiq göstərmək üçün fiskal mexanizmlərindən ilk dəfə istifadə etmədiyini aydın şəkildə göstərir. Belə ki, “Xural”, “Gündəm Xəbər” və “Azadlıq” qəzetləri, Azad Avropa/Azadlıq radiosunun Azərbaycan xidməti, “Meydan” TV və “Kanal 13” də qurama vergi ittihamlarının qurbanı olub. Aparıcı hüquq- müdafiə təşkilatları da 2014-ci ilin ortalarında oxşar və absurd vergidən yayınma ittihamları ilə üzləşiblər. Demək olar, bütün hallarda, bu yoxlamalar rəhbərliklərin həbsi və kütləvi informasiya vasitələrinin və QHT-lərin fəaliyyətinin qismən və ya bəzən tamamilə dayandırılması ilə nəticələnib.
RATİ hakimiyyəti KİV-lərin və QHT-lərin saxta vergi və digər siyasi motivli ittihamlarla cinayət təqibinə məruz qoyulmasını dərhal dayandırmağa, həbsdə olan bütün jurnalistləri (habelə bloqçuları, yazıçıları və şairləri) azadlığa buraxmağa, eləcə də KİV və QHT-lərin öz funksiyalarını maneəsiz həyata keçirmələrinə şərait yaratmağa çağırır.
Oxunub: 58