“Ramil Quliyev dedi ki, Bakıda şərait yoxdur. Biz onun “Fənərbağça”ya gedişinə şərait yaratdıq. Lakin bunu nədənsə heç yerdə demir. Onun keçidi üçün nə Azərbaycan Atletika Federasiyası, nə də “Neftçi” pul istəmədi. Onlar verirdilər”.
Bunu Azərbaycan Atletika Federasiyasının prezidenti, Milli Olimpia Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Türkiyə yığmasının heyətində 200 metr məsafəyə qaçış üzrə dünya çempionu olan Ramil Quliyevin Azərbaycanı tərk etməsinə münasibət bildirərkən deyib.
Ç.Hüseynzadə deyib ki, R.Quliyev 6 il əvvəl fərarilik edib: “O, Bakıya ölkə çempionatında çıxış etməyə gəlirdi. Biz bir il sonra xəbər tutduq ki, Ramil Türkiyə vətəndaşlığını qəbul edib. Həmin vaxt onun keçidinə rahatlıqla icazə versəydik, bizi qınayacağıqlar ki, niyə buraxdınız. Mənim Quliyevlə bağlı problemim yoxdur. O, 6 il əvvəl fərarilik edib. Bunu bir də deyirəm. Lakin onun indi qazandığı uğura dəxli yoxdur. Ramil indi qəhrəmandır. Ona qaçmağı biz öyrətmişik. Tofiq Əliyevin yetirməsidir. Lakin heç yerdə bu adamın adını çəkmir. Bu, artıq mənəvi məsələdir. O, bir çox şeyləri demir”.
Oxunub: 650