Bu gün Azərbaycan manatının yubiley yaşıdır. Düz 25 il qabaq qızmar yay günlərində – avqustun 15-də Parisdən Azərbaycana bağlamalarda yük gətirildi. Fransa Mərkəzi Bankında çap olunan Azərbaycan manatı. Hər nominantdan: 1, 10, 25, 100, 250 manatlıqdan biri olmaqla müstəqil Azərbaycanın pulu; hərəsindən bir bağlama. Gətirənlərin və onu qəbul edənlərin sevincini sözə çevirməkdə hər şey acizdir. Həmin günlərdə çox böyük ajiotaj yaranmışdı, hər kəs o əsginasdan, dəyərinin fərqi yoxdu, heç olmasa birini əldə etməyə çalışırdı. Cibində 1 Azərbaycan manatı olan dünyanın xoşbəxtiydi. Heç tanımadığı adamlara belə onu qürurla göstərirdi…
Yeni manat rublla birlikdə dğvriyyədəydi. 1992-ci ilin noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əsginas, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manatlıq kağız əsginaslar dövriyyəyə buraxılıb.
Azərbaycan manatı ilə bağlı işlər ölkənin ilk prezidenti Ayaz Mütəllbovun vaxtında, 1991-ci ildə başlansa da, onun çapı siyasi mübarizənin gərgin olduğu o illərdə başqa prezidentin – Əbülfəz Elçibəyin dövründə mümkün oldu.
Manatın dizaynı ilə bağlı 1991-ci ildə müsabiqə elan olunmuşdu. Müsabiqədə xalçaçı rəssam Eldar Mikayılzadənin eskizləri bəyənilmişdi. Həmin vaxt 1000 manatlıqlara Nizami Gəncəvinin, 500 manatlıqlara isə Məhəmməd Əmin Rəsulzadənin şəklinin vurulması nəzərdə tutulsa da, son anda qərar dəyişib, həm də Əbülfəz Elçibəyin təklifi ilə. O, dövlətçiliyin banisi olmaq baxımından 1000 manatlıqlara M.Ə.Rəsulzadənin şəklinin vurulmasını istəyir. Həmin vaxt Milli Bankın sədri Qalib Ağayev idi. O, Milli Banka 1992-1994-cü illərdə sədrlik edib. 1992-ci ilin avqustundan 1994-cü ilin yanvarınadək manat Azərbaycan ərazisində 1 manat : 10 rubl nisbətində rubl ilə paralel olaraq dövriyyədə olub. 1994-cü ildə 10.000 manatlıq, 1996-cı ildə isə 50.000 manatlıq əsginaslar çap etdirilərək dövriyyəyə buraxılıb. 1994-cü ildə “Şirvanşahlar” kompleksinin təsvir olunduğu 10.000 manatlıq əskinasları Almaniyada “Giesecke&Devrient”, 1996-cı ildə isə 50.000 və 2001-ci ildə isə 1000 manatlıq əskinasları İngiltərənin “De La Rue” şirkətləri çap edib.
Azərbaycan Mərkəzi Bankının sifarişi əsasında Vitam Reklam Şirkətinin hazırladığı yeni Azərbaycan manatı 28 dekabr 2005-ci ildə ölkə ictimaiyyətinə təqdim olunub.
2005-ci il 7 fevral tarixdə “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən yeni manata keçidlə əlaqədar 1 yeni manat AZN 5000 köhnə AZM-ə bərabər tutulub.
Pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) çərçivəsində Mərkəzi Bank 2006-cı ildən etibarən tədavülə 1, 5, 10, 20, 50 və 100 manatlıq əskinaslar, 1, 3, 5, 10, 20, və 50 qəpiklikdən ibarət yeni nəsil metal pul nişanları buraxıb. Yeni valyuta dizaynları Avstriyanın “OeBS” şirkətinin dizayneri Robert Kalinanın eskizləri əsasında hazırlanıb.
Aradan çox, həm də az illər keçib. Manat iki dəfə dəyişib, uzun illər möhkəm dayansa da, son iki ildə iki dəfə dəyər itirib…
Rövşən Hacıbəyli
Oxunub: 664