Malayziyada Cohor sultanının qızı ilə hollandiyalı futbol mütəxəssisinin möhtəşəm nikah mərasimi keçirilib.
-
31 yaşlı Tunku Tun Aminah Maimunah Iskandariah və İslamı qəbul etmiş 28 yaşlı hollandiyalı Dennis Muhammad Abdullah-ın nikah mərasimi keçirilib. Bəylə gəlinin həm özəl, həm də ictimai toyları keçirilib.
-
Gəlin və bəyin başda oturduğu rəsmi mərasim 1200 ictimaiyyət üzvünün iştirakı ilə keçirilib, AFP agentliyi xəbər verir. Ştatın paytaxtı – Cohor Baru şəhərinin Dataran Bandaraya meydanında toplaşanlar isə mərasimi böyük ekran vasitəsilə izləyiblər.
-
Tunku Tun Aminah Maimunah Iskandariah Cohor sultanın 6 uşağı arasında yeganə qızdır. Bazar ertəsi axşam saatlarında keçirilən mərasimdə o, atası Sultan Ibrahim İsmailin xeyir-duasını qazanıb. Nigahın təsdiqi əlaməti olaraq ailə üzvləri və qonaqlar yeni cütlüyün üzərinə ətirli su çiləyib, başları üzərindən sarı düyü səpələyiblər.
-
Sinqapurda model işləyən hollandiyalı bəyin əsl adı Dennis Verbaas-dır və o, Amsterdam şəhərində doğulub. Bəyin atası gül, anası isə geyim mağazasında işləyir. Hollandiyalı gənc 2015-ci ildə Cohordakı inşaat şirkətində işləyərkən İslamı qəbul edib. Daha əvvəl isə o, Sinqapurda Tampines Rovers futbol klubunun marketinq üzrə meneceri olub.
-
Kral ailəsində nikah mərasiminə əsaslı hazırlıq üçün saray bəzədilib, küçələrə dövlət bayraqları asılıb. Bununla yanaşı ərazidə təhlükəsizlik tədbirləri gücləndirlib.
-
Malayziyanın cənubundakı Cohor ştatının kral ailəsi zəngin və qüdrətlidir. O, öz ordusuna malikdir və Cohor fərdi hərbiyyəyə sahib olan yeganə ştatdır.
-
Daha əvvəl cütlük ailə üçün xüsusi nikah mərasimi keçirib. Bu onların arasında 3 ildir ki, davam edən məhəbbətin kulminasiyası olub. Deyilənə görə cütlüyün Malayziyadakı kafedə ilk görüşü dərhal qarşılıqlı cazibə yaradıb.
-
Şahzadənin üzərində parıltılı daş-qaşla bəzədilən zərif ağ don olub. Yerli adətlərə uyğun olaraq, gəlinə 22.50 ringgit (8.73 AZN) dəyərində başlıq pulu təqdim olunub.
-
“Öz evimizə köçüb, ər-arvad kimi yeni həyata başlayacağıq. Bu ilk dəfədir ki, valideynlərim və ailəmdən ayrı düşüb tək yaşayacağam”, – Cohor Kral Mətbuat Katibliyinin yaydığı bəyanatda şahzadədən sitat gətirilir.
(BBC azeri)
Oxunub: 542