Nardaran məhbusu Abbas Hüseynova işgəncə verilməsi ilə əlaqədar şikayətə baxmaqdan imtina edən Qaradağ Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Bu haqda avqustun 24-də Bakı Apellyasiya Məhkəməsində qərar qəbul olunub.
Qaradağ Rayon Məhkəməsinin qərarından verilmiş şikayətə hakim Faiq Qasımovun sədrliyi ilə baxılıb. Abbas Hüseynovun vəkili Yalçın İmanovun “Azadliq.info”ya bildirdiyinə görə, şikayət təmin olunmayıb.
Vəkil Abbas Hüseynova işgəncə verilməsi məsələsini Avropa Məhkəməsi müstəvisinə çıxarmaq niyyətindədir.
Qeyd edək ki, qanuna görə, məhkəmə nəzarəti qaydasında mübahisləndirilən işlərdə apellyasiya məhkəməsindən sonra Ali Məhkəməyə müraciət etmək nəzərdə tutulmayıb.
Abbas Hüseynov avqustun 8-də vəkili ilə görüşündə ona bildirmişdi ki, istintaq təcridxanasından Qobustan həbsxanasına gətirildikdən dərhal sonra işgəncələrə məruz qalıb. Onu açıq havada, 40 dərəcə istidə dəmir dirəyə bağlayıb, döyüblər, daha sonra həbsxananın rəisi Avtandil Ağayev öz otağında əlləri qandallı vəziyyətdə saxlayaraq, ona dəyənəklə zərbələr endirib. Ardınca da soxulcanlarla dolu “kars” otağına salıblar.
Bundan sonra vəkil müvəkkilinə qarşı işgəncələrlə əlaqədar həbsxananın yerləşdiyi ərazi üzrə Qaradağ rayon Məhkəməsinə müraciət edib. Amma məhkəmə işgəncə şikayətini icraata götürməkdən imtina edib. Bu qərarı da belə əsaslandırıb ki, belə şikayətlərə məhkəmə nəzarəti qaydasında baxılmır.
Yalçın İmanov isə bu qərarı əsassız və qanunsuz hesab edir. Vəkil onu da qeyd edir ki, Abbas Hüseynovun üzərindəki işgəncə izlərini onunla görüş zamanı özü də görüb: “Təəssüf ki, yerli məhkəmələr məhkuma işgəncə verilməsi məsələsinə bu cür yanaşırlar”.
Xatırladaq ki, Abbas Hüseynov 2015-ci il noyabrın 26-da Nardaranda keçirilmiş və ikisi polis olmaqla, 6 nəfərin ölümünə səbəb olan əməliyyat nəticəsində həbs olunub. O, Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə və daha 16 nəfərlə birlikdə mühakimə olunub, 20 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, Abbas Hüseynov cəzanın ilk 7 ilini həbsxana rejimində çəkməlidir.
Abbas Hüseynov da daxil, Nardaran işi üzrə məhkum olunanların hamısı ittihamları rədd edir, onlarda heç bir silah olmadığını, polislərin namaz qıldıqları yerdə hücum etdiyini bildirirlər. Nardaran məhbuslarının sözlərinə görə, ölənlərin hamısı da polislərin güllələrindən qətlə yetirilib.
Azadliq.info
Oxunub: 226