Milli Şuranım Koordinasiya Mərkəzinin növbəti toplantısı keçirilib. Toplantıda ölkənin sosial-iqtisadi durumu, siyasi həyatının bir sıra ümdə məsələləri müzakirə edilib. Müzakirələr zamanı Azərbaycan milli azadlıq hərəkatının lideri Əblüfəz Elçibəyinin vəfatının 17-ci ilində onun xatirəsinin geniş yad edilməsi və məzarının kütləvi şəkildə anılması cəmiyyətin Elçibəyin təmiz adına və milli istəklərin ifadəsi olan əməllərinə ehtiyacından irəli gəldiyi vurğulanmışdır.
Toplantı iştirakçıları pulsuz ali təhsilin minumuma endirləmsi və ödəniş imkanları olmayan yüksək bal toplamış abituriyentlərin təhsildən kənarda qalmaq təhlükəsindən ciddi narahatçılıq ifadə ediblər. Bütün təhsilin 2/3 hissəsinin ödənişli əsasa keçirilməsi sosial böhran şəraitində yaşayan əhali üçün əlavə sarsıntı mənbəyi olduğu müzakirələrdə qeyd edilmişdir. Bu dövlət ali məktəblərinin orta hesabla 70 faiz ətrafında ödənişli təhsilə keçməsi deməkdir. Çıxışlarda qeyd edilmişdir ki, uzun müddət “sosial yönümlü büdcə”, “sosial dövlət”, “sosial təminatlar” kimi epitetlərdən istifadə edən hakimiyyətin pulsuz təhsili 3/1 səviyyəyə endirməsi aztəminatlı ailələrin övladlarını təhsildən kənarda qalması təhlükəsini doğurmuşdur.
Milli Şura test imtahanlarının ləğvinin anonsunu da hiddətlə qarşılamışdır. Müzakirələr zamanı qeyd edilmişdir ki, 1992-ci ildə prezident Əbülfəz Elçibəyin sərəncamı ilə tətbiq edilən test imtahanları Azərbaycan cəmiyyətinin tarixi nailiyyəti kimi qiymətləndirilə bilər. Məhz, bu zəmində Azərbaycan gənclərinin böyük bir hissəsi, xüsusi ilə aztəminatlı ailələrdən çıxan gənclər pulsuz, rüşvətdən kənar ali məktəblərə daxil olmaq imkanı əldə etmişdi. Çıxışlarda test imtahanlarının qaldırılması ali məktəblərə qəbulda rüşvətə yol açmaq, proteksiyaya meydan vermək kimi qiymətləndirilmişdir. Toplantıda vurğulanmışdır ki, təhsildə böyük sosial dönüş yaradan test imtahanlarının üstünlükləri cəmiyyət tərəfindən müdafiə edilməli, ali məktəblərə qəbulda rüşvət və proteksiya siyasətinə dönüşə yol verilməməlidir.
Koordinasiya Mərkəzinin toplantısında Milli Şuranın rəhbərliyində təmsil olunan AXCP sədri Əli Kərimliyə qarşı hökumət mediasında təşkil olunan iyrənc kampaniya kəskin şəkildə pislənilmiş, bu rəzalətin bilavasitə hakimiyyət kabinetlərindən təşkil olunduğu qeyd edilmişdir. Hakimiyyətin nəzarətində olan saytların və mətbuatın Əli Kərimliyə yaxın olan adamların adından ona qarşı yalan yazılar yayması ölkədə mənəvi əxlaqi deqradasiyanın təzahürü kimi qiymətləndirilmişdir. Bu rəzil kampaniyanın gedişində Əli Kərimlinin guya prezident aparatı tərəfindən maliyələşdirilməsi kimi gülünc tezisinin ortaya atılması ölkənin hakimiyyət orqanlarında saray çəkişmələrinin hansı səviyyədə olmasının aydın bir təzahürüdür. Toplantıda hakimiyyətin bu iyrənc addımlarının iflasa uğradığı, onun niyyətlərinin ifşa olunduğu, Əli Kərimlinin cəmiyyət tərəfindən güclü dəstək aldığı məmnunluqla qeyd edildi.
Toplantıda Azərbaycanın qarşıda Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramına inteqrasiyası, Dağlıq Qarabağ və Ermənistanın təcavüzünün nəticələrinin aradan qaldırılması istiqamətində hökumətin fəaliyyətsizliyi, kənd təsərrüfatı sahəsində ağır vəziyyətin yaranması və taxıl istehsalının daha 400 min ton aşağı düşməsi, siyasi məhbuslarla bağlı durumun pisləşməsi, yüksək vəzifəli məmurların yeni korrupsiya əməllərinin açılması və sair məsələlərə də diqqət yetirilmişdir.
Oxunub: 578