Azərbaycan hakimiyyətinin Malta ilə qaranlıq əlaqələri və bunu araşdıran jurnalistin qətli – Almaniya mətbuatı Avropa Birliyindən hesabat tələb edir
“Döyçe Velle” Maltada öldürülmüş jurnalist, bu ölkənin baş naziri ilə Azərbaycan hakimiyyətinin qaranlıq əlaqələrini araşdıran jurnalist Dəfnə Karuana Kalizianın qətlinin üstünün açılmaması və Avropa Birliyinin bu istiqamətdə atdığı addımlardan bəhs edən geniş material yayımlayıb.
Beynəlxalq konsorsiuma daxil jurnalistlər maltalı həmkarları Dəfnə Karuana Kalizianın qətli ilə əlaqədar bu ölkənin hüquq-mühafizə orqanlarının nəticə əldə etmədiyini görüb, özləri bu məsələni araşdırırlar.
Avropa Birliyi ölkədəki vəziyyətə təsir göstərmək üçün nə edir?
15 ölkədən olan 45 jurnalist Maltada korrupsiyanı araşdıran və 2017-ci ilin oktyabrında qətlə yetirilən həmkarları Dəfnə Karuana Kalizianın gördüyü işi başa çatdırmaq üçün birləşib. Onlar ümid edirlər ki, bu yolla həm də qətlin arxasında kimin dayandığını müəyyənləşdirəcəklər. Məsələ burasındadır ki, jurnalistin ölümündən keçən yarım il ərzində Nə Malta hökuməti, nə də istintaq orqanları araşdırmaların nəticələri ilə bağlı ortaya heç nə qoymayıblar. Belə rəy yaranır ki, istintaqçılar əllərini yanlarına salıblar, yaxud da xoşagəlməz nəticələr ortaya çıxıb ki, onları da açıb-ağartmırlar.
Bəs Avropa İttifaqı bu təşkilata üzv olan Malta hökumətinə təzyiq üçün nə edir? Araşdırmaçı-jurnalistlərin müdafiəsi üçün hansı vasitələrdən istifadə olunur?
“Avropa Komissiyası ümid edir ki, müstəqil və əsaslı araşdırma aparılacaq, günahkarlar tapılıb ədalət mühakiməsinə təhvil veriləcək”, Avropa Komissiyasının rəsmi nümayəndəsi Marqarits Sxinas bildirib.
Bunun reallaşmaq şansı nə qədər yüksəkdir? Maltada ölkənin siyasi rəhbərliyi, polis və ədliyyə orqanları bir-birilə sız bağlıdır, məhkəmələrin müstəqilliyi də şübhə doğurur. Elə qətlə yetirilən jurnalistin gördüyü işin tərkib hissəsi bu əlaqələri araşdırıb üzə çıxarmaq idi. İndi onun işini həmkarları davam etdirir. “Dəfnə” layihəsinin araşdırmaçılar komandası yeni halları üzə çıxarıb dərc edir.
Bununla belə, Avropa Komissiyası Maltada Maltada ədalət mühakiməsində sistem böhranı görmür. Sxinas deyir ki, qanunvericiliyin pozulması ilə əlaqədar cinayət işi başlanmayacaq. Onun sözlərinə görə, məsələ ətraflı müzakirə olunur. Amma Maltada hüquqi dövlətə təhdid yoxdur.
Buna baxmayaraq, Sxinas etiraf edir ki, əlbəttə, spesifik problemlər var və Avropa Birliyi bunu Malta rəhbərliyi ilə müzakirə edir. Avropa Komissiyası da bunu dəstəkləyir.
Avropa Parlamentinin deputatı, Almaniyanın Yaşıllar partiyasından Sven Giqold Avropa Birliyinin nümayəndə heyətinin tərkibində bir müddət öncə Maltaya səfər edib. O isə başqa fikirdədir. Deyir ki, Maltada qanunun aliliyi ilə bağlı sistemli problem var və təəssüf ki, Avropa Komissiyası Dəfnənin qətlindən sonra da buna susur: “Hesab edirəm ki, bu dəhşətdir”.
Maltada şübhə doğuran və narahatlıq yaradan fəaliyyətlərdən biri də Avropa pasportlarının satışıyla bağlıdır. Avropa Birliyi bununla bağlı xüsusi məruzə təqdim edəcəyini bildirib. Malta hökumətinin bu biznesi barədə ətraflı yazırdı: 1.1 milyonluq yatırım sayəsində istənilən üçüncü ölkənin vətəndaşı Maltanın vətəndaşlığını əldə edə bilər. Bu imkandan yararlananlar da əsasən Rusiya, Çin və ərəb ölkələrindən olan biznesmenlərdir. Onlar Avropada mülk alıb, sanksiyalardan, cinayət işlərindən yayınırlar. Halbuki, həmin adamları Malta ilə heç nə bağlamır və orada aldıqları mülklərdə də yaşamırlar.
Narahatlıq doğuran başqa bir məsələ isə çirkli pulların yuyulmasında Maltanın iştirakıdır, cinayətkar fəaliyyətlə əlaqəsidir. Söhbət Azərbaycanın avtoritar hakimiyyəti, Maltanın “Pilatus” bankı ilə ölkənin baş naziri Jozef Muskat arasındakı əlaqələrdən gedir. Dəfnə jurnalist araşdırmaları ilə bu qaranlıqları da ifşa etmişdi.
Martın sonunda Malta hökuməti bankı bağladı. Bankın İran vətəndaşı olan sahibi isə ABŞ-da həbsdədir. Amma Bakı ilə Malta arasındakı şübhəli razılaşmalarla bağlı araşdırmalarda heç bir irəliləyiş olmadı.
Yanvarın sonunda Beynəlxalq Valyuta Fondu Malta hökumətinə belə bir tövsiyə vermişdi: “Ölkənin maliyyə sisteminin təhlükəsizliyilə bağlı güclü tədbirlər görülməlidir. əsas məsələ isə çirkli pulların yuyulmasına yönəlmiş razılaşmalara effektiv nəzarətdir”.
Burada Avropa Komissiyası etiraf edir ki, Maltada problemlər var.
“Avropa Komissiyası araşdırma aparır, qərar veriləcək ki, çirkli pulların yuyulmasıyla əlaqədar Malta ilə bağlı cinayət işi başlanmasına ehtiyac var, yoxsa yox”, – Marqaritis Sxinas bildirib.
O, aprelin 10-da Avropa Parlamentinin qəbul etdiyi, çirkli pulların yuyulmasına qarşı mübarizə ilə bağlı beşinci direktivə istinad edir.Bu sənəd qeyri-leqal biznesi daha da çətinləşdirir.
Avropa Parlamentinin deputatı Yudit Sarxentini deyir ki, direktivə çirlikli pulların yuyulmasına qarşı mübarizə məsələsində çox əhəmiyyətli dəyişikliklər edilib: “Şirkət və əmlak sahibləri dövlət reyestrində fiziki şəxs kimi qeydiyyatdan keçməlidir”.
Deputatın sözlərinə görə, onlardan faydalananlar da qeydiyyatdan keçsə belə, şübhəli şirkətlərin arxasında dayananları ifşa etmək, çirkli pulların yuyulmasının, teroorçuluğun maliyyələşdirilməsinin və vergidən yayınma hallarının qarşısını almaq daha asan olacaq.
Deputat onu da qeyd edir ki, bir neçə dövlət reyestrə çatımlış imkanının məhdudlaşdırılmasını istəyirdi. Avropa Parlamenti həmin dövlətlərin müqavimətini dəf edə bildi. Məsələn, İtaliya istəyirdi ki, reyestrə baxış ancaq məhkəmə qərarı əsasında olsun. Amma indiki halda, qeyri-hökumət təşkilatları, jurnalistlər öz araşdırmaları üçün çox vacib mənbə əldə etmiş oldular.
Avropa Parlamentinin deputatı əsas problemi üzv dövlətlərin üzərilərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsində görür: “Bunlar uca səslə çirkli pulların yuyulmasının vurduğu ziyandan danışırlar, o biri tərəfdən də qaydalara əməl olunmasına maneçilik törədirlər”.
Yaxud da əldə olunan əlavə məlumatlar araşdırılmır.
Deputat Yudit Sarxentini hesab edir ki, qanunvericilikdəki dəyişikliklər Dəfnə kimi araşdırmaçı jurnalistlərə yardım edəcək: “Onu yenidən həyata qaytarmaq bizim imkanımız daxilində deyil. Amma çox vacib informasiyalar ictimaiyyətə çatdırılanda onun ölümü ilə bağlı araşdırma da daha asan olar”.
Azadliq.info