Hökumətdəki namus, qeyrət dağarcıqları, “menatilitet”, “milli-mənəvi dəyər” daşıcıları haradadır? İlham Əliyev hər dəfə Qurana əl basıb and içmir ki, ölkəni milli-mənəvi dəyərlərə uyğun idarə edəcək? Bəs bu nə biabırçılıqdır ki, İlham Əliyevin hakimiyyəti edir?
Korrupsiya da, seçki saxtakarlığı da, başqa şeylәr dә bir tərəfə, təkcə bu rüsvayçılığa görə İlham Əliyev hakimiyyətdən getməlidir.
Söhbətin hansı biabırçılıqdan getdiyini izah edirəm. Avropa Şurası Azərbaycandan rüşvət almaqda şübhəli bilinən üzvlərlə bağlı istintaqı yekunlaşdırıb. 10 ay davam edən istintaqla bağlı aprelin 22-də 219 səhifəlik hesabat açıqlanıb. Bir neçə gündür ki, dünyanın onlarla nüfuzlu nəşri bu hesabatı yayır və müzakirə edir. Hesabat isə biz azərbaycanlılar üçün xəcalətdir. Bəli, biz bilirdik, rejim xalqdan oğurladığı pullar hesabına AŞ PA deputatlarına pul, kürü, zinət əşyaları verib ki, onlar Azərbaycandakı insan hüquqları pozuntusuna, seçki saxtakarlığına göz yumsunlar. İndi AŞ PA-nın rəsmi istintaqı bütün bu məlumatları təsdiqləyib. Həm də onlarla avropalıya belə hədiyyə və rüşvət verildiyi təsdiqlənib.
Daha dəhşətlisi isə odur ki, qeyrətsizlər avropalı siyasətçilərə təkcə pul, kürü, xalça, qızıl, brilyant yox, həm də cinsi xidmət göztərmək üçün azərbaycanlı qızları təklif ediblər. Rəsmi hesabatda belə də yazılıb:
“Avropalı deputatlara xalçalar, kürü, brilyant və mirvarilərlə bəzədilmiş qızıl boyunbağı və s. hədiyyələrlə yanaşı, Bakıda cinsi xidmətlər də təklif olunub… Lüksemburqdan cənab Yves Kruçten hesabat üzərində işləyərkən Azərbaycanın lobbiçiləri yaxınlaşaraq ona Azərbaycanda yaxşı qara kürü və qızların olduğunu deyiblər… Şahidlər bildirib ki, deputatlara cinsi xidmətlər də təklif olunub.”
Əziz həmvətənlər, ölkəni idarə edənlərin gerçək kimliyini indi bildinizmi? Onların hansı əxlaqın daşıyıcı olduqlaqrını, azərbaycanlı qadınlara necə yanaşdıqlarını gördünüzmü? Belə bir rejimin bu xalqı əsarətdə saxlamağa haqqı varmı?