Azərbaycan hakimiyyətinin keçən bu illər ərzində hansı işlərlə məşğul olduğu faktlarla ortaya qoyulmaqdadır. Bir neçə ildir bu proses davam edir. Ofşorlara ötürülən milyardlar, müxtəlif ölkələrdə daşınmaz əmlaklar, şirkətlər, bahalı villalar, hotellər, mənzillər bir-bir ünvanlarıyla gün işığına çıxır.
Ən acınacaqlısısa müxtəlif adamlara rüşvət vermək yoluyla Azərbaycanda insan haqlarının durumunu yaxşı göstərmək, hesabatları yumşaltmaq, hakimiyyəti yaxşı yöndən təqdim etmək üçün lobbi qrupları ilə əməkdaşlıqdır. Ölkənin imicini yerdən-yerə vurmaq, çirkaba batırmaqdır. AŞPA prezidentini belə korrupsiya bataqlığına soxmaqdır.
Avropa Şurası 10 ay ərzində apardığı araşdırmaların sonunda Pedro Aqramunt da daxil olmaqla korrupsiyada və etika qaydalarını pozmaqda suçlanan indiki və keçmiş AŞPA üzvlərinə sanksiyalar tətbiq edib-etməməyi müzakirəyə çıxarır. AŞ həmin üzvlərinin Azərbaycana münasibətdə korrupsiyaya yol verdiyini iddia edib. Azərbaycanla, həm də özüylə bağlı yayılan hesabata Pedro aprelin 25-də İspaniyanın SER televiziyasına müsahibəsində münasibət bildirib. Hesabatı “219 səhifəlik yalan” adlandıran Pedro fahişə iddialarına maraqlı cavab verib: “Keşkə elə şeyləri bacarsaydım”. Görünür, sözünün bir qədər fərqli anlaşılacağından narahat olan AŞPA-nin keçmiş prezidenti dediklərinə aydınlıq gətirərək “keşkə”nin fahişələrlə münasibətlərə deyil, seksual qabiliyyətinə aid olduğunu söyləyib.
Ancaq “kürü diplomatiyası”, korrupsiya, rüşvət məsələlərinə konkret aydınlıq gətirməyib. Ola bilsin, bunu adi hal saydığından bir kəlməylə, “yalan” deməklə yetərlənib. Görünür, onu qayğılandıran, lap elə yandıran “keşkə”dir…
Əslində, bu da Azərbaycanın bəxtsizliyindəndir. Onun AŞPA prezidentliyi cavan vaxtlarına yox, seksual ehtiyaclarını ödəmək qabiliyyətində olmadığı çağlara düşüb. O səbəbdən yanğıyla dediyi “keşkə”lər anlaşılandır. Bu cür rüşvətə meyilli birinin AŞPA kimi mötəbər quruma prezidentliyi Azərbaycan üçün göydəndüşmə olub. Ancaq qocalığı həm onun, həm də Azərbaycanın imkanlarını daraldıb. Rüstəm bəy demişkən, “hərgah bir qədər cavan olsaydı…” ölkənin bütün fahişələrini onun xidmətinə yönəltmək olardı. Belədə xərcimiz də çox çıxmazdı. Bu hakimiyyətin sayəsində uzun illərdir ki, qədim peşə sahiblərinin sayı ölkədə durmadan artır. Xidmət haqqı elə də baha deyil. Bu halda Pedro və onun kimilərdən fahişə xidməti qarşılığı olaraq daha çox şey qopartmaq mümkün idi. Pul nə qədər çox olsa da, həm də çox şirindir, üstəlik, pulu ötürməyi etibar elədikləri də zaman-zaman etibarsızlıq ediblər, 10 əvəzinə 5, 5 əvəzinə 3 veriblər. Komandada bununla bağlı dəfələrlə problemlər yaşanıb, kimlərsə vurulub sıradan çıxarılıb…
Bizə ən sərfəlisi indi Pedronun “keşkə” deməməsiydi.
AŞPA kimi nüfuzlu bir qurumun rəhbərinin rüşvət almaqdan, “kürü diplomatiyası”na ortaq olmaqdan, korrupsiyaya bulaşmaqdan tükü tərpənmir, fahişələrin xidmətindən yararlana bilmədiyindən təəssüflənir. “Keşkə” təəssüfünü də elə ürək ağrısıyla, yanğıyla deyir ki, adam onun nələrdən(fahişələrdən) keçdiyini təsəvvürünə belə gətirə bilmir.
Eyni təəssüf hissini bizimkilərin də keçirdiyini düşünmək olar. Böyük pullar, milyonlar heç nədən xərclənib. O pullara nələr etmək olardı. Ofşorlara ötürmək, böyük şirkətlər qurmaq, bahalı mülklər almaq, lap elə gözəl-gözəl adalarda gözəl-gözəl qızlarla istirahət etmək olardı…
Keşkə Pedro cavan olsaydı! Milyonların yerinə 5-10 fahişəylə başını qatmaq, daha çox qoparmaq, daha çox istəyi gerçəkləşdirmək mümkün idi.
İspaniyanın o SER televiziyası vaxt tapıb bir bizimkilərin də, lap elə AŞPA-nın hər üzvüylə ingiliscə dil tapan Elxan Süleymanovun mövqeyini öyrənsin, onda görər ki, keşkəni hansı qəlb ağrısıyla deyirlər:
– Keşkə, Pedro, keşkə!!.