«Bakının Bayıl qəsəbəsi, Buxta küçəsi 9 ünvan (Bayılda sovet dönəmində tikilmiş 16-mərtəbəli binanın arxa hissəsi) boyunca ekzogen proses müşahidə olunmaqdadır».
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Ekzogen yer səthində, litosferin üst hissəsində Günəş enerjisi, ağırlıq qüvvəsi və orqanizmlərin fəaliyyəti nəticəsində gedən prosesdir. Bu zaman süxurların aşınması və başqa hallar baş verir.
Ə.Qaralov deyir ki, proses son günlərdə sürətlənib və burada yaşayan əhaliyə təhlükə yaranıb: «Bu prosesin nəticəsi olaraq, 3 ev uçub, 22 evin sakinləri isə həmin ərazidən köçürülüb».
Ekspedisiya rəisi vurğulayıb ki, orada hərəkət etməkdən ötrü eni cəmi 1 metr olan yol var və həmin yolun beton qatı üstündə böyük çat əmələ gəlib: «Amma yaşayış sıx olduğu üçün biz torpaq qatında müşahidələr aparmağa çətinlik çəkirik. Boş torpaq sahəsi axtarırıq ki, torpaq qatındakı prosesləri müşahidə edə bilək».
Ə.Qaralovun deməsinə görə, artıq iki-üç gündür ki, mütəxəssislər proses gedən ərazini müşahidə atlında saxlayırlar.
Ekspedisiya rəisi əlavə edir ki, hadisənin baş verməsinə təbii aşınmalar, iqlim dəyişiklikləri və ərazinin yüklənməsi səbəb ola bilər. Onun fikrincə, suvarma və eləcə də çirkabların axıdılması da prosesə öz təsirini göstərib.
«Hələlik bunlar bizim müşahidə etdiklərimizdir, daha dərin araşdırma başlanır və yəqin ki, yaxın vaxtlarda bəzi nəticələr əldə olunacaq»,- Ə.Qaralov bildirib.
Səbail Rayon İH: «Artıq 22 ailə köçürülüb»
«2018-ci il mayın 15-də Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində yeraltı proseslərin təsiri ilə torpaq sürüşməsi baş verib. Bu zaman 2 fərdi yaşayış evi tam, 2-si isə qismən dağıntılara məruz qalıb. Daha 20 fərdi ev də təhlükəli ərazidədir».
Bunu isə Səbail Rayon İcra Hakimiyyətindən (İH) bildiriblər.
İH-dən verilən məlumata görə, bu ərazidəki mövcud yaşayış evləri hələ XX əsrin 50-ci illərində tikilib: «Əksəriyyəti birmərtəbəli, möhkəm təməli olmayan, uzun illər istismar olunduğundan resursları tükənmiş evlərdir. Evlərin böyük əksəriyyəti Səbail Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır».
Məlumatda qeyd edilir ki, evlərə baxış keçirən müvafiq qurumlar binaların qəzalı və təmirə yararsız olması ilə bağlı rəy verib. Daha sonra məsələ ilə bağlı Nazirlər Kabinetinə müraciət edilib.
İcra hakimiyyətindən həmin ərazidən bəzi ailələrin köçürülməsi haqqında deyilənləri də təsdiq ediblər: «Mayın 15-də isə həmin təhlükəli ərazidən daha bir neçə evin sakinləri köçürülüb. Ümumilikdə isə, Buxta küçəsindəki təhlükə yaranmış ərazidən 22 ailə (55 nəfər) köçürülüb. Əraziyə nəzarət olunması üçün polis postları qoyulub, xəsarət alan yoxdur, ərazidə araşdırmalar aparılır».