Cəmil Həsənli: “Müxalifət ledrini tutmaq üçün günahsız insanlara bu qədər işgəncə vermək ƏXLAQSIZLIQDIR!”
Milli Şuranın sədri Cəmil Həsənli feysbuk səhifəsində 1992-93-cü illərdə Gədəbəyin icra başçısı olmuş, Rusiya vətəndaşı Saleh Rüstəmovun həbsi və ondan AXCP sədrinə qarşı ifadə almağa cəhd göstərilməsi barədə yazı paylaşıb. Yazını təqdim edirik:
Artıq 19 gündür saxta narkotik ittihamı ilə həbs edilən Rusiya vətəndaşı Saleh Rüstəmovdan xəbər yoxdur. Mayın 8-də onu saxlamaq üçün istifadə edilən narkotik ittihamı bir bəhnadər. Əgər doğrudan da adam narkotik ittihamı ilə tutulubsa, vəkili ilə görüşməyə niyə icazə vermirlər? Saleh bəyi niyə məhkəmə qarşısına çıxarmırlar? Bu halda çoxlu suallar yaranır. Adama işgəncə vermirlərsə, adam hərəkət edə bilirsə, qanunun tələbi niyə yerinə yetrilmir? Əgər həbs olunmuş bir adama qüvvədə olan konstitusiya və digər müvafiq qanunvericilik aktlarına görə vəkillə görüşə icazə verilmirsə, bu faktiki insan oğrurluğudur. Dövlət adına vətəndaşa və ya xarici ölkə vətəndaşına qarşı törədilmiş oğurluq faktıdır, insan oğurluğunu, oğurlanan şəxsin üzərində həyata keçirilən işgəncə əməllərini gizlətmə faktıdır.
Ölkədə dövləti cinayət baş verib. Saleh bəyi Daxili İşlər Nazirliyi həbs edib. O, hazırda xalq arasında “bandotdel” deyilən işgəncə aparatında saxlanılır. İştirak etdiyim məhkəmə proseslərində məhbusların onlara “bandotdel”də verilən dəhşətli işgəncələrdən danışmasının dəfələrlə şahidi olmuşam. 37-nin müstəntiqləri bu gün Azərbaycan “bandotdel”ində insanlara verilən işgəncələrə həsəd apara bilər.
Saleh bəy Xalq Cəbhəsinin keçmiş üzvüdür. Həbsi də bununla bağlıdır, ona verilən dəhşətli işgəncələr də bilavasitə həmin partiyanın sədri Əli Kərimli əleyhinə ifadə alınması ilə bağlıdır. Əgər 19 gündür Saleh bəyin yanına vəkil buraxılmırsa, deməli o, “bandotdel”də təsəvvürəgəlməz işgəncələrə məruz qalıb. Bu qanunsuzluq niyə belə uzun davam edir? Çox ehtimal ki, Saleh bəydən Əli Kərimli əleyhinə alınan ifadələr yetərli deyil. Bu səbəbdən də zorakılıq və işgəncələr daha dəhşətli formada davam edir. Onun vəkildən gizlədilməsi, məhkəmə qarşısına çıxarılmaması məhz bununla bağlıdır.
Dəfərələrlə yazmışam DİN konstitusyon nəzarətdən çıxıb. Müxalifətə qarşı apardığı amansız təqiblər, saxta narkotik ittihamı ilə gənclərin həbsi, polisə müqavimət adı ilə insanların şərlənib həbs edilməsi, istintaq altında məhbusların döyülüb öldürülməsi adi hal alıb. İndi Saleh bəyin üzərində bu işgəncə aparatı amansız zorakılıqlar həyata keçirir.
Bilavasitə Əli Kərimlinin həbsinə nail olmaq üçün hakimiyyət bütün qanunsuzluqlara gedir, insanları şərləyərək tutur, işgəncə altında Cəbhə sədrinə qarşı ifadələr almağa çalışır. Bu adamlar anlamırlar ki, hazırda işgəncə altında zorakılıq yolu ilə alınan ifadələr əsasında müxalifət liderini həbs etmək mümkün deyil. Bunun üçün Nardaranda ikisi polis olmaqla 6 vətəndaş öldürdülər, şiə radikalizminə söykənən dövlət çevrilişi şousu yaratdılar, Əli Kərimlinin portiretlərini nəzarətlərində olan mətbuatda Xomeyninin portreti ilə birlikdə manşetə çıxardılar. Amma bütün əməliyyat suya düşdü. Sonra özləri içində olan Feto tamaşasını göstərməkdən utanmadılar, YAP professorlarının ön söz yazdıqları kitabları “bandotdel” əməkdaşları Əli Kərimlinin köməkçisi Faiq Əmirlinin maşının yük yerinə doldurub özünü də imam xətib elan etdilər. Bu dəfə Əli Kərimli guya sünnü Feto şəbəkəsinə dayanaraq ölkədə konstitusyon qurluşu devirmək istəyirmiş. Şiə radikalizmindən sünni örgütlənməsinə doğru belə kəskin U dönüşünü İslam tarixi heç vaxt müşahidə etməmişdi. Bunu da İlham Əliyevin bərqərar etdiyi DİN dövlətində gördük.
Gözəl xanımın 12 min dollarlıq qaçaqmalçılığının da başlıca mənası Qərbdən maliyyə yardımı almaqla konstitusyon qurluşu devirməkdən ibarət idi və əlbəttə, bu işin də başında Əli Kərimli durmalı idi. Amma bu plan da Kürə düşdü. İndi Saleh bəyə işgəncə verməklə Rusiya projesin sınaqdan çıxarırlar. Əli Kərimlinin həbsi üçün uydurulan İran, Türkiyə, Qərb, Amerika projeləri kimi, bu da iflasa uğrayacaq. Hələ yəqin ki, qarşıda Çin və Yaponiya projeləri də ola bilər. Axı, 37-ci ildə Yaponiyanın hansı səmtdə yerləşdiyini bilməyən insanları Yapon casusu kimi tutmuşdular.
Bütün bu sərsəm işlərə getmək üçün çox abırsız olmaq lazımdır. Əli Kərimlini tutmaq üçün 6 nəfər vətəndaşın ölümü üzərində əməliyyat qurmaq sərsəmlikdir. İşgəncə altında, vəkilin iştirakı olmadan Saleh bəydən zor gücünə almaq istədikləri ifadələrin taleyi də Nardaran, Gülən, Gürcüstan işinin daha urvatsız, daha sönük, daha rüsvayçı bir variantıdır. Müxalifət ledrini tutmaq üçün günahsız insanlara bu qədər işgəncə vermək ƏXLAQSIZLIQDIR!