Nəsimi Məmmədli
Bu gün (28 may- red.) Cümhuriyyətin 100 illiyi ilə bağlı seyr etdiyim ictimai mənzərə məni xeyli qürurlandırdı.
“İstiqlal abidəsi” və Novxanı kəndində Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə keçirilən bayram tədbirlərində dostlarla birgə iştirak etdim. Çoxsaylı dəyərli insanlarla bir arada olmaq, ölkəmizin ən ali bayramını birgə qeyd etmək xoşbəxtliyini yaşadıq.
Azərbaycan hökumətindən başqa demək olar ki hər kəs dövlətimizin bu müqəddəs bayramını coşğu ilə qeyd edirdi. Hökumətin təşkil etdiyi ən kiçik qrupa belə rast gəlmədim. Hökumət adına yalnız polislər gözə dəyirdi. “İstiqlal abidəsi”nin ətrafını və Novxanıda abidəyə gedən bütün giriş yollarını bağlamışdılar. Hökumətin bayram hazırlığından yadda qalan əsas mənzərə vətəndaşlara əngəl yaratmaq oldu.
Real partiyasının və vətəndaş cəmiyyəti fəallarının təşkilatçılığı ilə İçərişəhər metrosundan “İstiqlal abidəsi”nə, oradan isə Nizami küçəsindəki yürüşə yüzlərlə insan qatılmışdı. Hökumət müxtəlif vasitələrlə bu aksiyaya əngəl yaratmağa çalışsa da, yürüş yüksək səviyyədə keçdi. “İstiqlal abidəsi” önündə cümhuriyyəti min müşkülatla quran babalarımızın müqəddəs ruhuna sayğımızı ifadə etdik.
Böyük öndər, Azərbaycanın banisi M.Ə.Rəsulzadənin heykəli ətrafında da möhtəşəm bayram təntənəsi var idi. Sosial şəbəkələrdən də görünür ki gün boyu abidənin ətrafından insan seli əskik olmadı. Müsavat partiyasının, KXCP-nin və digər ictimai-siyasi qurumların rəhbərliyi və yüzlərlə üzvləri öz mənəvi borclarını yerinə yetirirdi.
Xüsusilə də bir məqamı qeyd etməyi vacib bilirəm.
Cümhuriyyətin 100 illiyi ərəfəsində çox şiddətli repressiyaya təkrar məruz qalan AXCP-nin bayram tədbiri olduqca təəcüblü idi. Hər kəs bilir ki AXCP sədrinin bütün müavinləri və müşavirləri həbsdədir. Bir neçə gün öncə isə partiyanın rəhbər strukturlarına daxil olan bir neçə gənc həbs edilib, partiyanın sədri Əli Kərimliyə və rəhbərlikdə təmsil olunan bir neçə gəncə qarşı əsassız cinayət işi açılıb. Azərbaycan Teveviziyaları 4-5 gündür AXCP ətrafında xof yaratmaq üçün müxtəlif informasiya-təbliğat tezislərindən istifadə edirdi. Bütün basqılara baxmayaraq Milli Şura və AXCP-nin bayram aksiyası gözləniləndən xeyli kütləvi baş tutdu.
Əminəm ki bu aksiya çoxları üçün gözlənilməz oldu. Sistemli basqılar cəbhəçiləri nəinki qorxudub, əksinə daha da əzmkar və cəsarətli edib. Son illər müxalifətin Novxanı kəndində keçirilən ən kütləvi aksiyasını məhz onların timsalında izlədik.
Son olaraq bir məsələyə də münasibət ifadə etmək istəyirəm. Əslində bu bayram tədbirlərini gözəl və cəlbedici edən hər kəsin ayrı-ayrılıqda təşkil etdiyi aksiyalar oldu. Müxtəlif təlimlərimdə təmasda olduğum, tanıdığım istedadlı gənclərin bir qrupunun Nizami küçəsində yaratdıqları coşğu isə ölkəmizin gələcəyi ilə bağlı nikbinliyimi daha da artırdı. Məncə rəngarənglik, müxtəliflik elə cümhuriyyətin mahiyyətidir. Bundan çəkinmək lazım deyil. Əməyi keçən hər kəsə təşəkkür edirəm. Bayramınız mübarək!