Niderland və Avstraliya 2014-cü ildə Ukraynanın şərqində Malayziya təyyarəsinin vurulmasına görə Rusiyanı məhkəməyə verəcəklər. Bunu Niderlandın xarici işlər naziri Stef Blok deyir.
“Hökumət Rusiyanın rəsmən məsuliyyətə cəlb olunması üçün addım atır”, – Blok mayın 25-də deyib. Bir gün öncə Niderlandın rəhbərlik etdiyi beynəlxalq təhqiqat belə bir qənaətini açıqlayıb ki, təyyarəni vurub yerə salmış BUK kompleksi Rusiyanın 53-cü zenit-raket briqadasına məxsus olub.
Rusiyanın Müdafiə Nazirliyi ilə təyyarənin vurulmasıyla əlaqəsi olmadığını bildirib.
MH17 2014-cü il iyulun 17-də vurulub, təyyarədəki 298 nəfər həlak olub.
Rusiya Ukraynanın daxili işlərinə müdaxilə etmədiyini bildirir. Ancaq Moskvanın Kiyevə qarşı vuruşan separatçılara hərbi, iqtisadi və siyasi dəstək verməsinə dair dəlillər var. Rusiya və separatçılar MH17-ni vurmadıqlarını bildirib, insidentə səbəb kimi fərqli nəzəriyyələr irəli sürüb. Amma təhqiqatçılar onların hamısını rədd edib.
Britaniyada mənzillənən Bellingcat qrupu isə təyyarənin vurulmasında rusiyalı zabitin adını çəkir. Qrup mayın 25-də bildirib ki, Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahından 50 yaşlı Oleg Ivannikov o zaman Ukraynanın şərqində hərbi əməliyyatlara rəhbərlik edib. “Ivannikov Rusiya-Ukrayna sərhədindən silahların təchizatına və daşınmasına da nəzarət edib. MH17 vurulanda o, həmin vəzifələri icra edib”, – Bellingcat bildirib.
azadliq.org