Mayın 25-də AXCP-nin rəhbər funksionerlərindən daha 3 nəfər həbs edilib. Bu barədə sosial şəbəkədə AXCP rəhbərliyi və fəalları məlumat paylaşıb.
Bəlli olub ki, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, partiyanın Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli və Nərimanov şöbəsinin sədri, Qarabağ qazisi Babək Həsənov həbs edilib. Onların evlərində axtarış aparıldığı da bildirilir.
Yayılan məlumatlara görə, Aqil Əli Məhərrəm yaşadığı evdən çıxarkən saxlanılıb.
Ruslan Nəsirili isə saat 16 radələrində Gəncədə qonağı olduğu dostu ilə həbs olunaraq Bakıya gətirilib. Bunun ardınca saat 19 radələrində onun Saatlıdakı ata evində və həyatyanı sahəsində 20-yə yaxın Saatlı RPŞ əməkdaşlarının iştirakı ilə axtarış aparılıb. Evdən Ruslana məxsus ümumvətəndaşlıq pasportu, son zəng xatirə diskləri, atasının bankdan götürdüyü kredit sənədləri götürülüb.
Babək Həsənlinin hansı şəraitdə həbs edildiyi haqda məlumat yoxdur.
Onların harada saxlandığı da dəqiq bəlli deyil. Bəzi ehtimallara və məlumatlara görə, onları Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“bandotdel”) aparıblar.
Bu həbslərə partiya sədri Əli Kərimli feysbuk səhifəsində münasibət bildirərək yazıb ki, ölkəni savadlı, əqidəli, mübariz insanlar üçün cəhənnəmə çeviriblər. Bununla belə, mübariz insanların kütləvi şəkildə şərlənərək həbs olunması sülalə rejimini əbədi edə bilməyəcək. Nə olur olsun, Azərbaycan xalqı cümhuriyyət prinsiplərindən, azadlıq və ədalət arzusundan vaz keçməyəcək və bir gün mütləq qalib olacaq.
azadliq.info