Nəsimi Məmmədli
“Əfv” sərəncamı və ya “Amnistiya aktı” nəticəsində bəzi məhbusların azadlığına qovuşması təcrübəsi Azərbaycan siyasi reallığında məhbus probleminin müsbət həllinə indiyədək ciddi töhfə verməyib.
Bütün nüfuzlu beynəlxalq hesabatlarda ölkəmiz məhbusların saxlanma şəraitinə və sayına, habelə siyasi məhbus probleminə görə Avropa Şurası ölkələri arasında ön yeri tutur. Aparılan monitorinqlər göstərir ki hökumətin atdığı addımlar cəmiyyətdə islahedici əhəmiyyət daşımır, cəzaçəkmə müəssisələrində məhkumların sayının azalmasına, saxlanma şəraitinə və siyasi məhbus probleminin müsbət həllinə gətirib çıxarmır.
Cinayət törətmiş şəxslərin ədalətli mühakimə hüququnun təmin edilməsi insan hüquq və azadlıqlarının təminatı baxımından ən mühüm şərtdir. Ədalətli mühakimə hüququ yoxdursa, digər hüquqların qorunmasına heç bir təminat ola bilməz. Ədalətli məhkəmə ilə məhkum edilmiş şəxslərin müəyyən müddət öz cəzalarını çəkdikdən sonra “əfv” olunması humanizm nümunəsi sayıla bilər. Belə qərarların cəmiyyətdə münasibətlər sisteminə müsbət təsir etməsi və islahedici xarakter daşıması da münkündür. Ədalətli mühakimənin önündən mövcud siyasi-hüquqi əngəllər qaldırılmasa, bu problem qətiyyən öz müsbət həllini tapmayacaq.
Təqsiri olmadığı halda müxtəlif səbəblərdən məhkum edilmiş və ədalətli mühakimədən məhrum olan insanların “əfv” edilməsi təcrübəsi onlara qarşı ən böyük mənəvi işgəncədir. Məhkumluqdan daha çox sanki girovluq həyatı yaşayan insanların “humanizm” nəticəsində “əfv” edilməsi praktikası dövlət-vətəndaş münasibətlərinə də sağalmaz zərbə vurur. Bu addım nə məhkum edilmiş şəxsləri islah edir, nə hökumətə siyasi divident qazandırır, nə də cəmiyyətdə həmrəyliyə səbəb olur.
“Əfv” sərəncamı şamil edilən siyasi məhbusların əksəriyyəti, habelə, müstəqil və müxalif mövqeli insanlar da bu kimi sərəncamları humanizm nümunəsi və əhəmiyyətli tarixi qərar kimi təqdir etmir. Odur ki son vaxtlar hökumət “əfv” sərəncamları imzalayarkən cəmiyyətdəki bu tendensiyanı da nəzərə almağa başlayıb. Həmçinin, son illər “əfv” edilmiş şəxslərin böyük əksəriyyəti hökumətə qarşı daha da kəskin müxalif siyasi mövqe ifadə edirlər. Hökumət sosial şəbəkələrdə formalaşan ictimai rəydə siyasi məhbuslara məğlub olub. Cəmiyyətdə iqtidarın əlehinə inkişaf edən mənfi rəyin qarşısını siyasi vasitələrlə almağı bacarmır. Odur ki, özünü daha da sərt göstərməklə cəmiyyətdə demokratik proseslərin qarşısını uzun müddət kəsəcəyinə inanır.
İqtidar normal ictimai-siyasi münasibətlərə zərbə vuran addımlarından geri çəkilməkdə və siyasi məhbus problemini birdəfəlik həll etməkdə məhz buna görə maraqlı görünmür. Həm özünə həm də cəmiyyətə ağır zərbə vuran bu yanaşmalarını daxili siyasətinin öncəliyinə çevirib və hakimiyyətini qoruma formulu kimi tətbiq edir.
Artıq hər kəsə aydındır ki, Azərbaycanda təqsirsiz insanların məhkəmə hökmü ilə cəzalandırılması adi hal alıb. Hökumətin sistemli və kütləvi hüquq pozmaları nəticəsində Azərbaycan dövlətinin beynəlxalq imici də sürətlə pisləşməyə doğru gedir. Dövlətimiz artıq bütün nüfuzlu beynəlxalq hesabatlarda qeyri-azad ölkələrin sırasında yer alır. Ölkəmizdə ifadə azadlığının məhdudluğu, siyasi azadlıqların boğulması, vətəndaş cəmiyyətinin sıradan çıxarılması və azad mətbuatın susdurulması paralel olaraq artmaqdadır.
Nəinki Avropa ölkələri ilə, hətta müharibə vəziyyətində olduğumuz Ermənistandan da bir çox sosial-iqtisadi və siyasi istiqamətlər üzrə geridə qalırıq. Sərhədsiz Repartyorların 2018-ci il hesabatında mətbuatın azadlıq indeksinə görə Ermənistan 80-ci, Azərbaycan isə 163-cü yerdə qərar tutub. Medianın azadlığı baxımından qonşu Ermənistandan 83 pillə geridəyik. Bu geriləmə bütün digər sahələr üzrə də davam edir.
Məhkəmə-hüquq sisteminin siyasi sifarişlə işlədiyi və siyasi münasibətlərin qanunçuluğa söykənmədiyi mühitdə “əfv” sərəncamları ciddi əhəmiyyət daşıya bilməz. İstənilən vaxt, istənilən təqsirsiz insanların qondarma ittihamlarla həbsxanalara doldurulmayacağına heç bir təminat yoxdur. Hakimiyyətin güc üzərində hegomonluğu, öz təməl hüquqlarını demokratik yolla istəyən vətəndaşlarına qarşı zorakılıq, həbs dilində danışması davam etdiyi sürəcə bu problem qalacaq.
Hələki iqtidar ölkədə qanuna və hüquqa məhəl qoymadan istədiyi çox şeyi etməyə qadirdir və cəmiyyətin də kütləvi şəkildə bu vəziyyətə əks reaksiyası yoxdur. Ovqatına və marağına bağlı olaraq istədiyini həbs edir, istədiyini “əfv” edir. Əksəriyyət fəal insanlar isə sanki bu durumla barışıb. Həmçinin, beynəlxalq tələblər də hökuməti geri çəkilməyə məcbur edəcək qədər kəsərli deyil. Ölkə vətəndaşlarının hüquq problemləri beynəlxalq masalarda vaxtaşırı müzakirə olunsa da müstət həllini tapmır.
100 il öncə şərqdə ilk demokratik respublika quran xalqımızın hazırkı hüquqi durumu çox dərin böhran həddindədir. Ölkədə etimadlı ictimai-siyasi münasibətlərin yaranması naminə bütün siyasi məhbusların azad edilməsi və geniş məhkəmə-hüquq islahatlarına başlanması olduqca zəruridir. Hökumət vaxt itirmədən azad və ədalətli seçkilərin keçirilməsi, məhkəmələrin müstəqilliyi, ictimai-siyasi qurumlara normal şəraitin yaradılması, media və ifadə azadlıqlarının təmin edilməsi istiqamətində siyasi iradə nümayiş etdirməlidir. Əks halda beynəlxalq aləmdə öz vətəndaşlarının təməl hüquqlarına qənim kəsilən qeyri-azad ölkə kimi qalmaqda davam edəcəyik.