Hakimiyyətin AXCP-yə qarşı son repressiya dalğasının səbəbi bəlli oldu. Bu gün Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayaraq, bu partiyanı qanunsuz maliyyələşmədə ittiham edib.
Bəlli olur ki, Gədəbəyin keçmiş icra başçısı, Rusiya vətəndaşı Saleh Rüstəmlini və qardaşı oğlu Vidadi Rüstəmlini adam oğurluğuymuş kimi həbs edib, 20 günə yaxın qeyri-müəyyən şəraitdə gizli saxlamaqda məqsəd onları AXCP-yə maliyyə ötürdükləri haqda uydurmanı boyunlarına almağa məcbur etmək olub. Yayılan rəsmi məlumatdan sonra S.Rüstəmli ilə V.Rüstəmldən Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncə ilə özlərinə və AXCP-yə, onun sədri Əli Kərimliyə qarşı yalan ifadələr aldığı haqda deyilənlərin inandırıcılığı artır.
Mayın 25-də 3 AXCP funksionerinin – Aqil Məhərrəmov, Ruslan Nəsirli və Babək Həsənov – həbs edilməsinin də səbəbi yayılan rəsmi məlumatda əksini tapır. Bəlli olur ki, onları da S.Rüstəmli və qardaşı oğlundan maliyyəni alıb AXCP rəhbərliyinə çatıdran vasitəçi kimi “işə tikmək” istəyirlər.
Rəsmi ittihama görə, S.Rüstəmli Rusiyada yaşayan azərbaycanlılardan pul toplayaraq V.Rüstəmliyə, o da A.Məhərrəmov, R.Nəsirli və B.Həsənov vasitəsilə AXCP rəhbərliyinə çatdırıb. İttihamda vəsaitin ümumi məbləği 412 min dollar göstərilir.
Məlumatda iddia olunur ki, irəli sürülən ittihamlar istintaq hərəkətləri, əməliyyat-axtarış tədbirləri və müvafiq ekspertiza rəyi ilə təsdiq edilib, həbs olunan AXCP funksionerləri V.Rüstəmlidən pul alaraq partiya rəhbərliyinə çatdırdıqlarını etiraf ediblər.
Rəsmi məlumatda guya pulların AXCP sədri Əli Kərimliyə çatdırıldığı da qeyd olunur ki, bu da hakimiyyətin əsas məqsədinin məhz onu həbs etmək olduğunu göstərir.
Məlumatda qeyd olunur ki, həbs edilənlərə qarşı Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə ittiham elan olunub və onların barəsində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib. Daha bir nəfərin – Eltac Əlisoyun isə istintaqdan gizləndiyi üçün axtarışa verildiyi bildirilir.
azadliq.info