Milli Şura sədri Cəmil Həsənli bugünlərdə həbs edilmiş AXCP üzvlərinə DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“bandotdel”) işgəncə verilməsi faktı ilə bağlı növbəti yazı paylaşıb. Yazıda bildirilir:
“Bandotdel” antikonstitusion bir qurumdur və işgəcə yuvasıdır. Burada Saleh Rüstəmova, onun qardaşı oğluna dəhşətli işgəncələr verib, saxta ifadələr alıblar. Vəkillər istintaq prosesinə buraxılmayıb. Saxlanılan şəxsləri zorla vəkildən imtinaya məcbur ediblər. Ardınca Babək Həsənli, Aqil Əli Məhərrəm və Ruslan Nəsirlini “Bandotdel”ə aparıblar. Adamların əməllərində heç bir cinayət tərkibi olmadığı halda dəhşətli işgəncədən əlavə onları elektrik cərəyanına da qoşublar.
Azərbaycan insan haqları ilə bağlı beynəlxalq konvensiyaya qoşulub. Beynəlxalq konvensiyaya qoşulmaqla öz üzərinə öhdəlik götürüb ki, məhbuslara, istintaq altında olanlara qarşı zor tətbiq edə, işgəncə verə bilməz. Amma görürüsünüz ki, tamamilə əksinədir. Hətta, çox ehtiyatlı hərəkət edən Qırmızı Xaç Komitəsi təsdiq edib ki, cəbhəçi məhbuslara ağır işgəncələr verilib.
Açığını demək lazımdır – ölkədə Gestapo və Lubyanka metodlarını kölgədə qoya biləcək cinayətlər törədilir. Bütün bunlar DİN orqanlarına qanunun aliliyini anlamayan, işgəncələri gündəlik iş normasına çevirən çoxlu sayda adamların rəhbər vəzifələrə gətirilməsi ilə bağlıdır. DİN konstitusyon nəzarətdən çıxıb. Məhbuslara işgəncə verilməsi, saxlanılan şəxslərə qarşı elektrik cərəyanından istifadə edilməsi haqqında faktlar ortadadır. Əgər bunları edən şəxslər qanun qarşısında cavab vermirsə, deməli bu “Bandotdel”lik deyil, DİN-in iş metodurdur, İlham Əliyevin repressiya siyasətinin “Bandotdel” təzahürüdür. Bu halda “Bandotdel” ləğv edilə bilər, lakin bu rejim qaldıqca onun yerində yaranan qurumun adı “Bandotdel” olmasa da, əməlləri “Bandotdel” olacaqdır. Deməli, nə etmək lazımdır…?