O, Vəkillər Kollegiyasının iradlarını qəbul etmir
Vəkil İradə Cavadova hesab edir ki, onun vəkillik səlahiyyətlərinin dayandırılması ilə bağlı Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı sözügedən qurumun intizam komissiyasının qərəzli rəyinə əsaslanıb.
O, cəzalandırılmasının əsassız olmasına dair sübutları məhkəməyə təqdim etmək niyyətindədir. Bu barədə İ.Cavadova “Turan” agentliyinə müsahibəsində deyib.
Ötən gün Vəkillər Kollegiyasının Rəyasət Heyəti İ.Cavadovanın vəkillik fəaliyyətinə xitam verildiyini bildirib və məhkəməyə müvafiq müraciət göndərib.
Bununla bağlı yayılan məlumatda deyilir ki, buna hansısa vətəndaşın şikayəti səbəb olub. Vətəndaşın adı açıqlanmır.
“Şikayətçi K.M. bildirib ki, vəkil İradə Cavadova şikayətçinin ona etibarnamə vermədiyi və onunla hüquqi yardım barədə müqavilə bağlamadığı halda vəkil şikayətçinin razılığı olmadan onun Daxili İşlər Nazilirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qanunsuz saxlanılması barədə əsassız şikayətlər etdiyini və bu barədə kütləvi informasiya vasitələrində məlumatlar yaydığını göstərib. Şikayətçi həmin məlumatların həqiqəti əks etdirmədiyini, onun şərəf və ləyaqətinə toxunduğunu bildirib və Rəyasət Heyətindən xahiş edib ki, vəkil İradə Cavadovanın barəsində tədbir görülsün”, – Rəyasət Heyətinin məlumatında deyilir.
İ.Cavadova vətəndaş K.M-i müdafiəsilə bağlı müqaviləsinin olmaması barədə fikirləri təkzib edib. Onun sözlərinə görə, belə müqavilə olub.
2018-ci ilin aprelində K.M. tutulub və iki gün DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb. İ.Cavadova açıq məktubla daxili işlər naziri Ramil Usubova müraciət etdikdən sonra azad edilib.
Lakin bir müddət sonra K.M. öz vəkilindən şikayət edib.
İ.Cavadova qeyd edib ki, K.M-i qanuni şəkildə müdafiə etməsinə və qanun çərçivəsində hərəkət etməsinə dair çoxsaylı sübutlar var. Müqavilə ilə yanaşı digər sübutlar da var, vəkil qeyd edib.
Bundan əlavə, K.M. saxlandıqdan sonra onun anası vəkilə müraciət edib. İ.Cavadova K.M. ilə müqaviləsini Vəkillər Kollegiyasına təqdim edib, ancaq həmkarları müştərinin imzasının həqiqiliyini şübhə altına alıblar.
İ.Cavadova intizam komissiyasının rəyini qərəzli və yalnış sayır.
İyunun 12-də İ.Cavadova Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri ilə görüşüb və əlavə sübutları təqdim edib. Ona bildirilib ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət ediləcək və o, öz hüquqlarını müdafiə edə bilər.
İ.Cavadova əlində olan işlərin sona çatdırılmasına imkan verilməsini xahiş edib, ancaq hələlik cavab almayıb.
“Görünür, mənim fəaliyyətim kiməsə sərf etmir”, – vəkil qeyd edib. O deyib ki, Vəkillər Kollegiyasının üzvü olduğu 13 il ərzində heç vaxt cəza almayıb və onun səlahiyyətlərinin dayandırılması qərəzli və əsassız qərardır.