Ziya Əsədlinin kassasiya şikayəti təmin olunmadı
“Azadlıq” qəzetinin bölgə müxbiri Ziya Əsədlinin kassasiya şikayətinə bu gün Ali Məhkəmədə İmran Hacıqayıbovun sədrliyi ilə hakimlər kollegiyası baxıb.
Vəkil Elçin Sadıqov Ziya Əsədlinin həbsinin onun müxalif mövqeyi və regionda baş verənləri jurnalist kimi işıqlandırması ilə bağlı olduğunu deyib. O, həbsdə xeyli məqamları məhkəmənin araşdırmadığını bildirdi. 19 aprel 2017-ci ildə zərərçəkmiş Həsən Aslanov arasında yaranan mübahisədən sonra hər ikisinin polisə müraciət etməsinə baxmayaraq Ziya Əsədlinin şikayəti araşdırılmayıb. Həsən Aslanov ilk izahatında Ziyanın onu əli ilə vurduğunu, hadisə yerində Mirmehdi və Firuz adlı şəxslərin olduğunu göstərsə də, sonradan aprelin 26-da olan izahatda Ziyanın onu telefonla vurması, şahid kimi Məzahim Əliyev və Habilin Cəbrayılovun adı göstərib. Vəkilin fikrincə, bütün bunları sonradan müstəntiq düzüb-qoşub. Həm də, telefonun soyuq silah qismində tanınmamasının Konstitusiya Məhkəməsinin qərarında da təsbit olunduğunu dedi. Vəkil şahidlər və zərərçəkənin ifadəsində xeyli ziddiyyətin olduğunu Ali Məhkəmədə də bir daha məhkəmə heyətinin nəzərinə çatdırd.
Eyni zamanda Ziya Əsədli də heç bir cinayət törətmədiyini, hökmün qanunsuz və sifarişli olduğunu məhkəmə heyətinə bildirdi.
Yerindəcə müşavirə edən Ali Məhkəmənin hakimləri hökmün dəyişdirilmədən qüvvədə saxlandığı barədə qərarını açıqladı.
Ziya Əsədlyə 2017-ci il sentyabrın 7-də Biləsuvar Rayon Məhkəməsi 3 il iş kəsib, o, elə məhkəmə zalındaca həbs edilib.
Ziya Əsədlinin həbsi ilə bağlı verilmiş apelyasiya şikayətinə 2018-ci il yanvarın 9-da baxılmışdı və Biləsuvar Rayon Məhkəməsinin hökmü qüvvədə saxlanılmışdı.