Gültəkin Hacıbəyli
Milli Şura Koordinasiya Mərkəzinin üzvü
Milli Şura, xüsusilə də, AXCP sərt avtoritar rejimlə mübarizənin ön xəttindədir. Az qala hər gün bir cəbhəçinin həbsi xəbərini alırıq. İki gün qabaq əksəriyyəti cəbhəçi olan məhbus ailələrini şəhərdə gəzdikləri yerdə zorla polisə aparmışdılar, bu gün cəbhə gənclərinin lideri Emil Səlimovu Nizami rayonundakı H.Əliyev parkında çay içdiyi 10 cəbhəçi dostu ilə birlikdə polis bölməsinə götürüblər.
Beş nəfər cəbhəçiyə qarşı tətbiq edilən ağır işgəncələrin izini itirmək üçün ikinci aydır onlara ailələrilə görüş verilmir. Hakimiyyət bu dəfə də AXCP-yə iş tikə bilmədi, cəmiyyəti, beynəlxalq ictimaiyyəti cəbhəçilərin “çirkli pulların yuyulması”nda iştirakına inandıra bilmədi. Əksinə, bütün dünyanın çirkli pul yuyan kimi tanıdıqları özləri ifşa olundu. Bundan öncə Nardaran əməliyyatı da fiaskoya uğramışdı, Gülən hoqqabazlığı da. Gözəl Bayramlı ilə Əfqan Muxtarlının şərlənib həbs olunduğu Gürcüstan işi də eyni taleyi yaşadı. Niyəsini bilirsinizmi?!
Çünki Milli Şuranın da, AXCP-nin də bütün fəaliyyəti şəffaflıq üzərində qurulub. Nə gizli işimiz var, nə gizli təşkilatımız. Nə beynəlxalq dairələrlə gizli əməkdaşlığımız var, nə gizli qrant öhdəliyimiz. Mənəvi və siyasi öhdəliyimiz yalnız Azərbaycan xalqının, hüquqi məsuliyyətimiz Azərbaycan Konstitusiyasının və qanunlarının qarşısındadır. Məhz bu qədər şəffaf və açıq, təmiz və dürüst olduğumuz üçün bu qədər çabalara rəğmən hakimiyyət bizi xalqın gözündən sala bilmir. Çünki, düzə zaval yoxdur.
İndi Avropanın hüquqi baxımdan ən mükəmməl təminatları olan ölkələrindən- Niderlanddan, Almaniyadan bizə gizli təşkilatlanmaqla bağlı tövsiyələr verilir, gizli təşkilatlarla əməkdaşlıqdan imtina etdiyimizə görə ittiham olunuruq. Mənə elə gəlir ki, hal-hazırda DTX-nın hörmətli rəhbərliyinin qəlbinin dərinliyində sevə-sevə bəslədiyi ən ülvi arzusu elə Milli Şuranın və AXCP-nin belə gizli işlərə bulaşmasıdır. Bir anlığa təsəvvür edin ki, biz gizli təşkilatla əməkdaşlıq edirik və bu gizli təşkilatın guya adı və şəxsiyyəti heç kimə bəlli olmayan yüzlərlə üzvü var. Həmin gizli üzvlər vasitəsilə bizə nələr tikə bilməzlər ki?! Silahlı dövlət çevrilişindən hakimiyyətin güc yolu ilə dəyişdirilməsinədək, xarici kəşfiyyatla əməkdaşlıqdan terror fəaliyyətinin həyata keçirilməsinədək. Hətta, az və ya çox dərəcədə inandırıcı da gələ bilər: dünya tarixinə nəzər salsaq, gizli siyasi təşkilatlar, əsasən, elə bu məqsədlərlə yaradılıb, bu işlərlə məşğul olub. Odur ki, Avropada, ən təhlükəsiz məkanda həyat zövqlərinin dadını çıxaranlar bu barədə düşünsələr məsləhətdir. Əlbəttə, əgər niyyətləri bu yolla MŞ-nın və AXCP-nın axırına çıxmaq deyilsə. Mübarizə taktikasının seçimində səmimi yanılıblarsa, cəhbəçilərə qarşı etdiklərinə görə üzr istəyəcəklər, yox, elə deyilsə, ya Mədət!