AXCP Gənclər Komitəsinin sədri və fəalları Nizami rayon 24-cü polis bölməsində 4 saata yaxın saxlandıqdan sonra sərbəst buraxılıblar.
***
Bu gün saat 14 radələrində Bakının Nizami rayonundakı parklardan birində AXCP Gənclər Komitəsinin sədri Emil Səlimov başda olmaqla 10 nəfərdən artıq cəbhəçi gənci polis saxlayıb. Gənclər parkda toplaşıb çay süfrəsi arxasında söhbətləşmək istəyirmiş. Saxlanılanlar arasında xanımlar da var. Onları 24-cü polis bölməsinə aparıblar.
AXCP sədri Əli Kərimli hadisəyə feysbuk səhifəsində dərhal sərt münasibət bildirib.
“Yəqin alman işğalçılarının “şəhərdə 2-2 gəzmək qadağandır” tələbini bunlar da idarəetmə prinspinə çeviriblər. Biz bunları utandırmaq üçün “davam edir 37”, “gestapo rejimi” filan yazırıq. Bunlar da utanmaq əvəzinə, həqiqətən də ölkəyə ən idbar idarəetmə gətirirlər. O gün siyasi məhbus ailələrinin 10 nəfərinin bir yerə toplanmasından qorxuya düşmüşdülər. Siyasi məhbus analarını, atalarını, həyat yoldaşlarını polisə aparmışdılar. Bu gün də 10 nəfərdən artıq gəncin parkda toplaşıb, söhbət etməsi bunları qorxudub. Bunlar nə gündədirlər? Niyə belə qorxurlar?”, – deyə Ə.Kərimli qeyd edib.