Paytaxtın Heydər Əliyev prospektində 36 yaşlı Lalə İmaməliyeva ölümü ilə nəticələnən yol qəzası baş verib. İki uşaq anası olan İmaməliyevanın ölümü ilə bağlı cinayət işi başlandığı, hadisəni törədən sürücünün həbs olunduğu bildirilsə də, zərərçəkmiş tərəfə ətraflı məlumat verilmir. Məsələn, mərhumun yaxınlarına sürücünün adı deyilmir.
Hadisə iyunun 9-da baş verib. Lalə İmaməliyeva yolu keçərkən avtomobillə vurulub. Qadın aldığı xəsarətlərdən elə hadisə yerində dünyasını dəyişib.
Məlumata görə, qəzanı törədən 85 CA 611 dövlət nömrəni nişanlı “Opel” markalı maşın olub. Hadisə şahidlərinin dediyinə görə, avtobomobilin sürəti yüksək olduğundan piyada bir neçə metr hündürlüyə qalxaraq, yerə çırpılıb. Bildirilir ki, sürücü hadisə yerindən qaçmayıb, maşından düşərək qadına köməklik göstərib.
Hadisənin baş verdiyi ərazidə piyada xətti və piyada keçidi olmadığından hər gün insanlar həmin yoldan istifadə edərkən böyük təhlükə ilə üz-üzə qalırlar. Ancaq hadisə baş verən zaman həmin ərazidə yolu tənzimləyən polis əməkdaşı olub.
“Müstəntiq bizə dedi ki, qəzanı törədən sürücü saxlanılıb. Lakin bir neçə gün sonra məlum oldu ki, sərbəst buraxılıb. Biz bilmirik ki, qəzanı törədən sürücü kimdir. Biz onun adını öyrənmək istəsək də, heç bir məlumat verilmir. Saxlanılan şəxsin həmin sürücü olub-olmadığı bilinmir. Biz bu suallara cavab almaq üçün Daxili İşlər Nazirliyinə də müraciət etmişik. Hətta müstəntiq bizə bildirdi ki, qəzanı törədən sürücü barəsində həbs qərarı verilib, Kürdəxanı təcridxanasına köçürülüb. Lakin bizim başımız yasa qarışarkən onu azadlığa buraxıblar”, – zərərçəkmişlər bildirib.
Azadliq.info