Həbsdəki bloggerin həyat yoldaşından həyəcanlı xəbərdarlıq: “Həyatı təhlükə altındadır”
Sosial şəbəkələrdə hakimiyyəti tənqid edən yazılarına görə narkoptiklə şərlənərək həbs olunmuş blogger Rəşad Ramazanovun cəzaçəkmə müəssisəsində də işgəncəyə məruz qaldığı bildirilir. Bu barədə “Azadliq.info”ya bloggerin ailə üzvləri məlumat verib.
Onların sözlərinə görə, Rəşad Ramazanovun saxlandığı 2 saylı cəzaçəkmə müəssisəsinin rəis müavini Şakir Qəniyev sanki ona zülm eləməyi qarşısına məqsəd qoyub. Ən müxtəlif bəhanələrlə onu cəzalandırırlar. Bunun nəticəsi olaraq, ayın 30 gününün az qala, 25-ni bu adam “kars”da keçirməli olur. Bununla da kifayətlənmirlər, döyürlər, ac-susuz saxlayırlar.
“2 saylı cəzaçəkmə müəssisəsində vəziyyət ümimilikdə pisdir. İsti havanı nəzərə almadan məhkumları corab və bağlı ayaqqabı geyinməyə məcbur edirlər.
Rəşadın özünə isə yeni təzyiqlər başlayıb. Rəis müavini Şakir Qəniyev həftədə azı bir dəfə Rəşadı heş bir səbəb olmadan “karsa” saldırır, ac-susuz buraxır. Bundan da pis odur ki, Rəşadın adını ən təhlükəli və psixi çatışmazlığı olan məhkumların siyahısına salıblar.
Görünən budur ki, hakimiyyet Rəşad və onun kimi digər vicdan məhbuslarını azad etmək fikrində deyil. Onlara verilmiş bu qanunsuz hökmlərin, cəzaların bitməsinə az vaxt qaldıqca, bu rejim yeni bəhanələrə əl atmaqdadır”, – Rəşad Ramazanovun həyat yoldaşı Könül İsmayılova bildirir.
Könül İsmayılova sonuncu dəfə iyulun 6-da həyat yoldaşı ilə görüşəndə də blogger müəssisənin rəis müavini və onun göstərişlərini yerinə yetirən sıravi əməkdaşlarının qanunsuz hərəkətlərindən şikayətlənib.
Həyat yoldaşı deyir ki, cəzaçəkmə müəssisəsində əməkdaşların bloggerə qarşı qanunsuz hərəkətlərindən Penitensiar Xidmətə də şikayət edib. Amma şikayətlərə əhəmiyyət verilmir: “Rəşadın taleyindən narahatam”.
Rəşad Ramazanov 2013-cü ilin mayında narkotik ittihamı ilə həbs olunub. İddia edilib ki, onun üzərindən 9 qram heroin tapılıb.
Lakin blogger sosial şəbəkələrdəki kəskin statuuslarına görə sifarişlə həbs olunduğunu, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldığını bildirib.
Blogger Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9il azadlıqdan məhrum edilib.
“Amnesty International” beynəlxalq insan haqları təşkilatı Rəşad Ramazanovu “vicdan məhbusu” elan edib.
Azadliq.info