Son günlər Azərbaycan cəmiyyətində də əsas müzakirə mövzusu qardaş Türkiyədəki seçkilərdir. Bəziləri ölkəmizdə keçirilən seçkilərdən daha çox Türkiyədəki proseslərlə ilgilənir. Bu da başadüşüləndir, çünki Ərdoğan Türkiyəsi YAP hakimiyyətinin başlıca dayaqlarından biridir. Ancaq istənilən halda ölkəmizdə baş verənlər də diqqətdən kənarda qalmamalıdır. Məsələn, QHT Şurasının 10 illik yubileyində prezidentin köməkçisi Əli Həsənovun “Azərbaycanda azad media formalaşıb” sözləri qardaş ölkənin seçki ehtirasında itib-batdı. Bu açıqlamaya reaksiyalar olmadı…
Maraqlı xəbərlərdən biri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən gəlib. Sən demə, bu komitə Ramazan ayı boyu monitorinqlər aparıb. Monitorinq sözü eşidiləndə adamın ağlına əsasən seçki monitorinqi, siyasi məhbuslarla bağlı monitorinq, cəbhə bölgəsində monitorinq, quş qripi ilə bağlı monitorinq və s. gəlir. Ancaq daha önəmli monitorinqlər varmış, xəbərimiz yox…
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ramazan ayında məscid və ziyarətgahlarda monitorinqlər aparıb. Ramazan qurtarandan sonra, daha doğrusu, iyunun 21-də nəticələri açıqlayıb. Həm də bu işi tək görmədiyi bildirilib:
“Ayboyu icra olunacaq ibadətlərin vaxtları ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası ilə birgə astronomik hesablamalara uyğun xüsusi təqvim hazırlanıb”.
Çox sevindiricidir. Yadımdadır, Azərbaycan Elmlər Akademiyasının adı dəyişdirilib Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) qoyulanda çoxu dodaq büzdü: milli də elm olar, – dedilər. Görünür, doğrudan da, hər şeyin zamana ehtiyacı var, zaman bütün qaranlıq sualları yerbəyer edir, vaxtı çatanda cavabını verir. Budur, 85 yaşlı hörmətli alimimiz Akif Əlizadənin rəhbərlik etdiyi AMEA daha ciddi işlərlə məşğul olduğunu ortaya qoydu. Onlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə astronomik hesablamalara uyğun təqvim hazırlayıblar. Hər şey dəqiqdir, astronomikcəsinə. Namazı nə vaxt qılmaq, oruca nə vaxt başlamaq, orucu nə vaxt açmaq; hamısı elmi şəkildə hesablanıb və Mübariz Qurbanlının idarəsinə təhvil verilib. Onlar da öz növbəsində bunu məscidlərə göndəriblər. Hər şey plana uyğun getsə də, yenə destruktiv qüvvələr tapılıb, bu elmi, astronomik təqvimi etalon kimi qəbul etməyib. Ramazan bayramını iyunun 15-də deyil, 14-də bayram kimi keçirənlər tapılıb:
“…Lakin Bərdə şəhər “Cümə” məscidində QMİ-yə aid olmayan təqvimlər paylanılıb. Ağdaş şəhərində isə bayram namazının iyunun 14-də qılınacağı barədə çaşdırıcı xarakterli vərəqələr paylanılıb. Qeyd edilən neqativ hallar istisna olmaqla ümumən 2018-ci ildə Ramazan ayı ölkəmizdə mənəvi dəyərlərə uyğun formada keçirilib. Ayboyu dini icmalara lazımi qayğı və dəstək göstərilib. Dini icmaların sərbəst şəkildə təravih namazlarının icrası, Qədr gecələrinin əhya edilməsi ilə bağlı lazımi şərait yaradılıb. 15 iyun tarixində məscidlərdə icra olunmuş bayram namazlarında ciddi neqativ hallar müşahidə edilməyib”.
Çox şükür, kiçik özbaşınalıqlar nəzərə alınmasa, AMEA-nın zəhməti hədər getməyib. Astronomik hesablamalar nəticəsində adamlar namazını vaxtında qıla, orucunu vaxtında aça bilib. Ancaq üzücü hallar da var. Mələyin uçma sürətini hesablayan bir quruma bəzilərinin etimadsızlığı adamda çox ciddi xəyal qırıqlığı yaradır…
Ramazana barışıq ayı da deyirlər. Ramazan boyunca insanlar orucun hesabına günah işlətməkdən, yanlış əməllərdən əl çəkərək ədalətli olmağı öyrənirlər. Bu Ramazanda ədalətli olduqmu? Yanlış əməllərdən əl çəkdikmi? Günah işlərdən qaçdıqmı? Rəhmli olduqmu? Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin apardığı monitorinqdə bunlarla bağlı hər hansı informasiya ilə qarşılaşmadıq. Özümüz ayın monitorinqini aparmaq zorunda qaldıq.
Beləliklə, Ramazanın 10-cu günündə AXCP-nin 3 üzvü – Babək Həsənov, Ruslan Nəsirli və Aqil Məhərrəmli həbs edilib. Bu 3 nəfərə hələ də yaxınları ilə görüş imkanı verilmir. Mayın 29-da ReAL-ın Məclis üzvü Azər Qasımlı həbs edilib. O, başqalarıyla birgə Cümhuriyətin 100 illiyi günü nümayişdə iştirakına görə tutulub. Bunun ardınca ReAL-ın Məclis üzvlərindən Elmin Həmzəyev 25, Nəriman İsmayıl 30, Ərəstun Əlizadə isə 25 sutka müddətinə həbs olunub. Rəsmi ittiham başqa olsa da, onlar da Cümhuriyyət yürüşündə iştiraka görə tutulublar. ReAL Partiyasının həbsdə olan sədri İlqar Məmmədovun ad günündə ona azadlıq tələb edən Füzuli Hüseynov iyunun 14-də həbs edilib(bəzi destruktiv qüvvələr Ramazanı bayram etdikləri gün – R.H.). İyunun 13-də AXCP-nin daha 3 üzvü həbs edilib. İyunun 7-də ReAL Partiyasının fəallarından Anar Məmmədov evindən aparılıb. İyunun 8-də Yasamal Rayon Məhkəməsi ona 10 sutka cəza verib.
ABŞ-da təhsilini başa vurub Bakıya qayıdan gənc Emin Aslan iyunun 4-də şəhərin mərkəzində oğurlanıb, yaxınları bir neçə gün ondan xəbər tutmayıb, sonra ona 30 sutka həbs verilib…
Maraqlıdır, görəsən bu dini qurum inanclı kəsimin türmələrə doldurulması, onlara işgəncə verilməsi, öldürülməsi, məhkəmə prosesləri ilə bağlı da monitorinq aparırmı? Şikəst edilmiş Əbülfəz Bünyadova yaxınları ilə görüşə imkan verilmir, yataq xəstəsi olan bu adama qohumlarının sahib durmasına şərait yaradılmır. Bu sayaq işləri monitorinq altına almaq olmazmı, həm də Ombudsman Aparatı ilə birgə; bu qurumun 81 yaşlı hörmətli rəhbəri astronomik hesablamalar aparmağı bacarmasa belə…
meydan.tv