Məhəmməd Talıblı
Elçibəy haqqında pafoslu təriflər yazmayacam. Onu hakimiyyəti Əliyevə verdiyi üçün də qınamayacağam. Çünki, tam varlığımla inanmışam ki, o, səhv edə bilərdi, xəyanəti isə ağlından keçirməzdi. Onunla razılaşmamaq olardı, lakin inanmamaq və etibar etməmək mümkün deyildi. Onun siyasi portretindəki bəzi cizgilər Elçibəyi heç tanımayanlara düşünmək üçün ipucu verə bilirdi.
Uzun illər bizləri dövlət başçılarının ağlasığmaz sərvətlərinin olması labüdlüyünə inandırmışdılar. Keçib getmiş və gələcək bütün rəhbərləri xalq malına göz dikən “bir bezin qırağı” sayırdılar. Bu istisnanı pozan bilən çağdaş tariximizdə bir nəfər bu baxımdan cəmiyyətimizə çox yad kimi görünürdü. Tanrı bizə yalnız onu bir kastyumla prezident olub, onunla da getməyi bacararaq nəfsinə qalib gələn dövlət başçısını nəsib etmişdi. Allahsız sovet sistemi bizi yad xarakterli idarəçilərin ümidinə buraxmışdı. Biz Elçibəyin timsalında ateist ölkə rəhbərini deyil, inanclı və ruhani baxışı olan dövlət başçısını gördük. Çünki, o, materialist yox, mənəviyyat adamı idi. Kosmopolitizmin tüğyan etdiyi bir sistem daxilində məhz buna görə milli qanı olan və vətənpərvər bir insanın rəhbərliyi də bizim cəmiyyəti çaşdırmışdı.
Politologiya elminin qadağan olunduğu sovet sistemində bizlərə elmi əsasları olmayan bir düşüncə aşılanmışdı: xalqı idarə edən rəhbər şəxslər maliyyə, inzibati, regional dəstəyi ilə bürokratiya aparatında elitaların içindən uzunmüddətli ələnmə nəticəsində bişmiş bir nəfəri müəyyən edərək (seçərək yox!) idarəçiliyin başına gətirilir. Və bu belə də olmalıdır. Guya ki, həmin gələcək rəhbər siyasi məktəb keçib dövlət idarəçiliyindən məzun olurmuş. Elçibəy bu düşüncəni darmadağın edərək bu axının əleyhinə qarşı üzmək cəsarəti ilə fərli siyasi konfiqurasiya ilə qarşımıza çıxdı. Heç bir idarəçilik adı altında intriqant şəbəkəsində olmadan, çirkablıqlara bulaşmadan və heç bir klanın əlahiddə dəstəyi olmadan xalqın səfərbəredici gücü ilə çiyinlərdə hakimiyyətə gətirildi. Bu xalqın içindən çıxıb ona rəhbərlik etmək nümunəsini özünün mübarizəsi ilə isbatlayan tarixi şəxsiyyət kimi yeni siyasi cığır açdı. Bu da onun yolu idi.
Elçibəyin suyu, sadəliyi və səmimiyyəti
O zamana qədər və indi də aparıcı olan bir tendensiyanının yönünü yenə Elçibəy dəyişə bilmişdi. O, ictimai fəallarda fərqli siyasi təfəkkür aşılayırdı. Siyasətin hiyləgərlik peşəsi kimi təsnifatlandırılmasına və özündən qabağa heç kimi buraxmamaq kimi eqoist düşüncəsi ictimai fəaliyyətlə məşğul olanların düşüncə mərkəzində yer alırdı. Elçibəyin rəqabəti təşviq edərək yaxın çevrəsinə heç bir siyasi qısqanclıq etməyən genişürəkli bir siyasət yolunu təklif etdi. Ona görə idi ki, Elçibəy “qısır” siyasətçi kimi öz genetik övladlarını bizlərə sırımadı. Rəqabətədavamlı siyasətçilər nəsli yetişdirib cəmiyyətə təqdim etdi. Onlar arasında indinin özündə də əsasən həmrəylik olmamasına baxmayaraq çox parlaq və yetkin siyasi nəslin nümayəndələri olaraq ölkədəki digər siyasi yol yolçularından daha rəqabətqabiliyyətlidirlər. Buna görə də o mühiti yaradana və içlərindəki “divləri” oyatdıqlarına görə onların Elçibəyə böyük bir mənəvi və siyasi borcları var.
Elçibəy hansısa yaradıcı insanın məhsuluna sahiblənib, onu öz adına çıxıb yalançı şüarları divarlar yazdırmırdı. Elçibəy şablon fikirləri öz adına yazan siyasətçi tipi deyildi. “Su həyat mənbəyidir”,“vergi iqtisadiyyatın tənzimlənməsi üçün mühüm alətdir” və bu kimi hamının deyə biləcəyi fikirləri öz adıyla assosasiya etdirmirdi. Onun düşüncə tərzi adi yox, qeyri-adi idi. Bu mənada Elçibəyi qeyri-standart siyasətçi və orijenal fikir insanı kimi xarakteriza etmək daha doğru olardı. Məhz bu düşüncə qaynağına görə o, doğrudan fəlsəfi və geniş dünyagörüş daşıyıcısı olaraq kitablar yazdı. Elmi araşdırmalar apardı. Bir bilim adamı olaraq siyasətə elmdən gəldiyi üçün dəyərli tövhələr verə bildi.
Onu hiyləgər rus uşaqları sadəlövh siyasətçi hesab sayırdılar, əslində o, sadə prezident idi. Sadəliyi həyat normasına çevrən Avropa xalqlarına belə bir rəhbər nəsib olsaydı, onu millətin mənəvi sərvəti hesab etmişdilər. Lakin, bu mənada biz bir cəmiyyət olaraq Elçibəyi layiqincə dəyərləndirə bilmədik. Bəlkə də indi çəkdiklərimiz bəlaların içində Elçibəyin “izi” var. Tumarlayan əllərin qədri, təpiklər altında qalan zaman bilinər.
Rəhbər şəxsin idarə etdiyi cəmiyyətlə ara məsafəsi saxlamağa dair tövsiyyə edən menecment elminə Elçibəyin səmimiyyət resepti daha üstün kriteriya olaraq qəbul olundu. Təkcə prezident olduğu dövrdə deyil, ondan sonrakı illərdə də təmənnasızlığı və sadiqliyi ilə xanımların qardaşı və atası, bəylərin isə əmisi və babası kimi doğmalıq qazanmışdı. Demək, idarəçilikdə tabeliyində olan insanlara idarəetmənin vinti olaraq cansız varlıqlar kimi yox, səmimiyyətə və doğruluğa ehtiyacı olan eyni yolu həvəslə getməsi üçün onlara ruh daşıyıcısı kimi baxırdı. Məhz o ruhi bağlılığa görə, onu heç kim tərk etmirdi. Uzaqlaşanda belə bağları kökündən qoparıb, körpüləri yandırıb və qapıları möhkəm örtüb getmirdi. Bu doğmalığın, dürüstlükdən yoğrulmuş səmimiyyətin və təmənnasızlığın ifadəsi idi.
Streotipləri qıran rəhbər
Sovetin “şinelindən” çıxmışdıq. Siyasətçilər haqqında formalaşmış öz standartlarımız, şablon fikirlərimiz var idi. Vahid streotiplərə tabe olan dövlət rəhbərləri görmüşdük. Birdən qarşımıza tamam fərqli bir dövlət rəhbəri obrazı- Elçibəy gəldi. O obraz ki, düşüncələrimizdə daşlamış ehkamların yalnışlığını öz rəhbər əməlləri ilə bizə sübut etdi. Uzun illər dövlət idarəçiliyində “dəmir əlin” gücünə öyrəşmiş bir topluma “təmiz əlin” örnəyini verdi. “Təmiz əl” və “yumşaq əl”in önəmini fəlsəfi təlimlərdən mənimsəmişdi: “Qadağalar çox olduqca, insanlar daha çox əxlaqsız olacaq. Silahlar çox olunca, insanlar daha böyük təhlükəyə düşəcəklər. Daha çox yardımlarla insanlar ələbaxım olacaqlar.” (Çin filosofu Lao Tzi) Dövlət aparatını sovetizm bizə cəza maşını kimi aşılamışdı, Elçibəy bir rəhbər olaraq onu xalqa xidmət vasitəsi kimi görsətdi. Ölkə rəhbərlərinin var-dövlət içində üzdüyünün labüdlüyünə öyrəşmiş cəmiyyətə hətta prezident ikən belə qardaşı evində yaşamağın paradoksunu yaşatdı. Dövlət büdcəsini prezidentin şəxsi kassası olduğunu şüuraltına yerləşdirmiş bir cəmiyyətə sağlıq durumu ilə bağlı aldığı borcla dünyanadan köçmək anlaşılmazlığını da onun həyat səhifəsindən öyrəndik. “İnsan susuz qalanda suyun qədrin bilər” düşüncəsini onun dilindən eşitsək də, indi cəmiyyət həmin düşüncə ilə Elçibəyin “susuzluğunu” nəinki hiss edir, həm də dərk edir. Bu, Elçibəy fenomenidir!