Əli Kərimli: “Güc strukturlarının üzərinə çox ağır şübhə və ittihamlar gələcək”
İyulun 10-da Gəncədə baş verən hadisələrin fəal iştirakçılarından 11 nəfər həbs edilib, biri isə öldürülüb.
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında belə deyilir.
Öldürülən şəxsin yüksəkrütbəli polis zabitini qətlə yetirməkdə şübhəli bilinən Rəşad Böyükkişiyev olduğu bildirilir.
Məlumata görə, onun Şəmkir rayonunun Moranlı kəndindəki gizləndiyi yer müəyyən olunub və tutulması üçün iyulun 13-ü səhər saatlarında keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərdiyindən o, yerində məhv edilib.
Məlumatda qeyd olunur ki, Gəncədə polis əməkdaşlarına ilk hücum edənlərdən biri – Samir İbrahimovun da gizləndiyi yer müəyyən edilib və o, əməliyyat tədbirləri ilə yaxalanıb.
Birgə məlumatda 30 yaşlı R.Böyükkişiyevin əvvəllər qəsdən adamöldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunduğu qeyd olunur. Onun 2007-ci ildə anasını bıçaqlayaraq öldürdüyü və buna görə həbsdə olduğu da deyilir.
Həbsdən sonra R.Böyükkişiyevin Rusiyaya getdiyi, orada soyğunçuluq törədərək 2015-ci ildə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edildiyi bildirilir.
“Şahid olmasa yaxşıdır”?
Yüksək rütbəli polis zabitini qətlə yetirməkdə şübhəli bilinən bir şəxsin sağ ələ keçirilməyib, öldürülməsi ictimaiyyətdə suallar doğurub. Sosial şəbəkələrdə bunun Gəncədə baş verənlərin izini itirmək üçün ola biləcəyinə dair mülahizələr səslənir.
AXCP sədri Əli Kərimli də şübhəlinin öldürüldüyü haqda rəsmi məlumata münasibət bildirib. O, feysbuk səhifəsində yazır:
“Normalda polis polkovnikini öldürməkdə ittiham olunan şəxs sağ ələ keçirilməli idi ki, ondan bir şeylər öyrənmək mümkün olsun. Polis polkovnikini öldürməkdə ittiham olunan şəxsin həbs edilmədən öldürülməsi Gəncə müəmmasını daha da artırdı. Güc strukturlarının üzərinə çox ağır şübhə və ittihamlar gələcək. Nə baş verir? Rejim bu qədər bacarıqsız və qeyri-peşəkardır ki, bir nəfər adamı sağ tuta bilmir? Yoxsa şübhəli şəxs daha böyük cinayəti – polis qətlinin əsl sifarişçisini ört-basdır etmək üçün öldürülüb?”
Şübhəli harada öldürülüb – Moranlı, Morul, yoxsa Biçənək?
Rəsmi məlumatda şübhəlinin Şəmkirin Moranlı kəndində öldürüldüyü haqda deyilənlər də sual doğurur. Belə ki, Şəmkirdə Moranlı adında kənd yoxdur. Bu, Sabirabadın kəndidir. Şəmkirdə Morul adlı kənd var. Bu yanlışlığı isə Azadlıq Qəzetinin baş redaktoru, Turan TV-nin rəhbəri Qənimət Zahid ictimailəşdirib.
“Əməliyyatı o qədər tələsik keçiriblər ki, kəndin adını da düz yazmayıblar. Şəmkirdə Moranlı kəndi yoxdur, Morul kəndi var. Moranlı Sabirabaddadır, o da Şəmkirdən xeyli aralıdadır… Polis əməliyyatı isə ümumiyyətlə Morulda da yox, Morula çox yaxın, bitişik olan Biçənək adlı kənddə keçirilib…”, – deyə Q.Zahid feysbukda yazıb.