Gürcüstan Apellyasiya Məhkəməsi bu ölkədə həbsdə olan azərbaycanlı cərrah, «Lancet» klinikasının həmtəsisçisi Fərman Ceyranlı ilə bağlı qərarın elan edilməsini növbəti dəfə təxirə salıb. Sözügedən iş üzrə məhkəmə baxışı 2 ay əvvəl bitib.
Cərrahın qızı Lalə Hüseynli AzadlıqRadiosuna deyib ki, məhkəmə qərarını dünən elan etməli idi. Onun sözlərinə görə, cərrahın apellyasiya şikayəti ilə bağlı məhkəmə prosesi may ayında bitib: «Məhkəmə qərarın iyun ayında açıqlanacağını elan edib. Ancaq artıq 4-cü dəfədir ki, qərarın elan edilməsi təxirə salınır».
F.Ceyranlı ilə bağlı məhkəməni hüquqi yox, siyasi sayan yaxınları iddia edir ki, qərarın elan edilməsinin yubanması Gürcüstanda siyasi durum, dəyişikliklərlə əlaqəlidir. Onlar məhkəmədən ədalətli qərar gözlədiklərini deyirlər.
F.Ceyranlı may ayında məhkəmədə son sözlə çıxış edərək, ona qarşı irəli sürülmüş, birinci məhkəmə instansiyasının da təsdiqlədiyi ittihamları təkzib edib. Deyib ki, cinayət işində qeyd olunan əməllərə görə o, heç bir məsuliyyəti daşımır. O, məhkəmədən barəsində çıxarılmış hökmün ləğv edilməsini istəyib.
Ancaq prokuror Ceyranlı barəsində Tbilisi Şəhər Məhkəməsinin çıxardığı hökmü ədalətli hesab edib və həmin hökmün qüvvədə saxlanılmalı olduğunu bildirib.