Rövşən Hacıbəyli
30 iyul Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış vəkillik institutunun 99 ili tamam olur
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Andlı Vəkillər Palatası 30 iyul 1919-cu ildə fəaliyyətə başlayıb. O çağdan bu tarix vəkillərin peşə bayramı günü kimi qəbul olunur. Gələn ilsə Azərbaycanda vəkillik institutunun yaradılmasının 100 ili tamam olacaq. Bu gün ilkin ruhunu və gerçək mahiyyətini itirib indiki siyasi iqtidarın xidmətçisi roluna yuvarlanan Vəkillər Kollegiyasının (VK) gənc sədri Anar Bağırov da bugünlərdə verdiyi açıqlamada həmin tarixin vəkillərin peşə bayramı kimi qeyd olunması təşəbbüsüylə çıxış edib. Ola bilsin, təklif dəstəklənsin və həmin gün peşə bayramı kimi tarixə salınsın.
Çümhuriyyətçi babalarımızın yaratdığı o gün, şübhəsiz, şərəf tariximizdir. Ancaq bu gün Azərbaycanda vəkillik institutunun sıradan çıxarıldığı, müstəqil, mövqeyi olan, siyasi işlərdə fəal vəkillərin VK-dan uzaqlaşdırıldığı, cəzalandırıldığı, nümayəndəlik institutunun ləğviylə milyonların müdafiəsiz qaldığı çağımızda bu təklif bir qədər ironik görünür. Cümhuriyyətçi babalarımızı xatırladan hüquq və hüququn adamlarını vəkillikdən uzaqlaşdırıb, əsasən “paykovoy” vəkillərlə peşə bayramı keçirmək ancaq Azərbaycan kimi ölkələrdə mümkün ola bilər. Dəyər verilməyən peşə sahiblərinin bayramı… Yeri gəlmişkən, vəkilliyin inkişafını qarşısına məqsəd qoyan VK sədri Anar Bağırov bir konfransda deyib:
“Dövlət hesabına hüquqi yardımın məbləği az idi. Nazirlər Kabinetinin qərarı ilə həmin məbləğ 3 dəfə artırılıb. Bu da vəkillər tərəfindən alqışlanıb. Bu, çox vacib idi”.
Bilirsinizmi, o məbləğ qabaqlar 90 qəpik idi, sonra 2 manat oldu, indi Nazirlər Kabineti onu 6 manat edib və bu qərar, A.Bağırovun sözlərinə görə, “vəkillər tərəfindən alqışlanıb”. Normal ölkə və normal vəkillik institutu olsaydı, bu qərar, A.Bağırov demişkən, nəinki “vəkillər tərəfindən” alqışlanar, əksinə, topa tutulardı. Bu, əslində, dünyanın ən hörmətli peşələrindən sayılan vəkil peşəsinin hörmətsiz edilməsidir. Zəhmətə dəyər verilməməsinin nəticəsidir ki, dövlət hesablı vəkillər xidmət saatını bir neçə dəfə artırıb saxtakarlıq edir. Qınamalı da deyil, saatı 2 manata heç fəhlə tapmaq olmur. Saatı 2 manata vəkillikdən yararlananların necə müdafiə olunduğunu təsəvvür etməyə çalışın. Hazır sənədlər verilir və vəkil onu imzalayır, bəzən hansı işdə vəkil olduğunu belə bilmir. Üstəlik, çoxu həmin cüzi məbləği də vaxtında ala bilmədiklərindən şikayətlənirlər…
Bu münasibət çoxunu vəkil peşəsini seçməkdən çəkindirməyə səbəb olur. Nəzərə alaq ki, Azərbaycanda hər 10 min nəfərə bir vəkil düşür… Bu göstəriciyə görə Azərbaycan yalnız Afrika ölkələri ilə müqayisə oluna bilər. Baxmayaraq ki, AzTV-lər Azərbaycanı regionun lider dövləti sayır, həm də bütün parametrlər üzrə.
Ötən ilin noyabrında “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deputat Zahid Oruc nümayəndəlik institutunun ləğvinin əleyhinə olduğunu demişdi:
“Ölkədə vəkillərin sayı bu illər ərzində o qədər az olub ki, nümayəndələr bu illərdə aparıcı şəxslərə çevrilib… Bu, imzaladığımız konvensiyalarla da ziddiyyət təşkil edir. Ölkədə 483 hakim, 934 vəkil var. Biz Avropa Şurasına üzv olan ölkələr içərisində vəkillərin sayına görə sonuncu yerdə olan ölkə içərisindəyik. Vəkillərin sayını azı 5 minə çatdırmadan bu dəyişikliyə getmək olmaz. Çox təəssüflə bunu qeyd edirəm: Azərbaycanda 100 min adama 5, Ermənistanda 45, Gürcüstanda 89 vəkil düşür. Biz bu qərarla 10 minə qədər nümayəndələri – informasiya daşıyıcılarını narazı salmamalıyıq. Avropa Məhkəməsinə gedən işlərin sayını on dəfələrlə artırmamalıyıq…”
Həmin iclasda müzakirələri bitirəcək müdrik sözü vitse-spiker Valeh Ələsgərov demişdi: “Nümayəndəlik institutu ləğv olunmayana kimi, vəkillik institutu inkişaf etməyəcək, vəkillərin sayını artırmaq mümkün olmayacaq.
Qanun layihəsinin parlamentdən keçdiyini bilirsiniz…
Çalışırıq ki, vəkillik institutunun inkişafına mane olan problemlər aradan qaldırılsın
Hakimiyyət siyasəti sistemli aparır. Siyasi partiyalar, mətbuat, QHT-lərin sıradan çıxarılmasından sonra növbə vəkillik institutuna çatdı. 2017-ci ildə nümayəndəlik institutunun ləğviylə bu sahəyə öldürücü zərbə vuruldu. Müxtəlif instansiyalarda müdafiəçi funksiyasını yerinə yetirən nümayəndələr, 8-10 min adam işsiz, əhalinin böyük bir kəsimi müdafiəsiz qaldı.
Bu il isə daha çox vəkilliyə qəbulla bağlı keçirilən imtahanlarla yadda qalacaq. VK-ya üzv olmaq üçün keçirilən hər iki imtahan (yazılı və şifahi) yekunlaşsa da, imtahanların nəticələrinin müzakirəsi hələ də davam edir. Bu imtahanlarla guya vəkillik institutunun inkişafına dəstək görüntüsü yaratmağa çalışdılar. Dövlət İmtahan Mərkəzinin keçirdiyi birinci mərhələdən – testlərdən 607 nəfər adlaya bilmişdi. İkinci, şifahi müsahibə mərhələsini keçirən ixtisas komissiyası 11 nəfərdən – 5 vəkil, Ali Məhkəmə, Konstitusiya Məhkəməsi və Bakı Apelyasiya Məhkəməsindən olmaqla, 3 hakim və 3 nəfər də hüquqşünas-alimdən ibarət idi.
Onlarla tanış olun. Vəkillər: Qəmizə Qəhrəmanova, Ramiz İbrahimov, Oktay Məhərrəmov, Mehman Sultanov və Fərid Həsənov; hakimlər: Xəyalə Cəmilova (Bakı Apelyasiya Məhkəməsi), Rövşən İsmayılov (Konstitusiya Məhkəməsi), Tahir Kazımov (Ali Məhkəmə); Hüquqşünas-alimlər: Elçin Xələfov, Gülnaz Ələsgərova, Əmir Əliyev (sonuncu 2 nəfər BDU-nun İnsan hüquqları və informasiya hüququ üzrə YUNESKO kafedrasının müəllimləridir).
Əslində, bu mərhələni çoxu gərəksiz, düşünülmüş tələ, arzuolunmaz şəxslərin vəkilliyinə əngəl sayır. Vəkil olmaq istəyənin bilik səviyyəsi yazılı imtahanda müəyyən edilibsə, daha ikinci imtahana nə ehtiyac var?! Düşünürlər ki, var, çünki bu mərhələ, birincidən fəqrli olaraq, “sübutalnı-dokumentalnı” keçirilmir. Burada hakimiyyətin müəyyənləşdirdiyi komissiya subyektiv qərar verir. Arzuolunmaz şəxslərin VK üzvlüyünə imkan verilmir. A.Bağırov isə deyir: “Çalışırıq ki, vəkillik institutunun inkişafına mane olan problemlər aradan qaldırılsın”.
Görünür, bunların məntiqiylə, vəkillik institutunun inkişafına təcrübəli, cəmiyyətdə tanınan, müstəqil mövqeyi olan, bir çox vəkillərin yaxın durmadığı siyasi işləri aparan vəkillər mane olur. Fəxrəddin Mehdiyev, Ənnağı Hacıbəyli, İntiqam Əliyev, Əsabəli Mustafayev, Əlaif Həsənov, Yalçın İmanov, Xalid Bağırov, Nemət Kərimli… və inanıram ki, həyatdan vaxtsız getmiş İsaxan Aşurov, Elton Quliyev də bu siyahıda olacaqdı. Azərbaycanda vəkillik institutunun gəlişməsində, onun sayğılı peşəyə çevrilməsində bu adamların və adını çəkmədiyim bir çoxunun ayrıca xidməti olub. Ancaq bu gün onların bir çoxu VK-ya buraxılmır, ya da ordan uzaqlaşdırılır. Bəlkə, məntiq də var bu siyasətdə, “bura sizin yeriniz deyil” məntiqi…
Şifahidən keçməyənlər
VK-ya qəbulla bağlı şifahi imtahandan keçməyənlərin iradlarına və yuxarıda yaranmış suala Anar Bağırovun cavabı var: “…Şifahi müsahibənin məqsədləri var. Bəlkə, bu insanın normal nitq qabiliyyəti yoxdur. Bəlkə, bu insan fikrini ifadə edə bilmir. O zaman necə vəkillik edəcək? Yaxşı yaddaşı olan adam testə hazırlaşıb imtahanını verə bilir. Amma şifahi müsahibədə gələcəkdə onun vəkillik edib, edə bilməməyini öyrənmək olur”.
Şifahidən keçməyən bəzi vəkillərlə söhbətləşdik, Anar müəllimin fikirlərində həqiqət payının olub-olmadığına həmin vəkillərin özlərinin verdiyi bioqrafik məlumatlar aydınlıq gətirir.
Ruslan Mustafazadə:
– 2009-2010-cu illərdə ATƏT-in Bakı Ofisinin “Məhkəmələrin monitorinqi” layihəsində hüquqşunas-müşahidəçi vəzifəsində işləmişəm. 2010-cu ildən 2014-cü ilə kimi sədr müavini olduğum Demokratiya və İnsan Hüquqları və Resurs Mərkəzinin həyata keçirdiyi “Sərbəst toplaşmaq azadlığının müdafiəsi” layihəsində hüquqşünas kimi çalışmışam. Həmin layihədə sərbəst toplaşmaq hüququnun müdafiəsi məqsədi ilə Bakı və Sumqayıt şəhər İcra Hakimiyyətlərinə, Bakı şəhər Baş Polis İdarəsinə qarşı qaldırılmış iddialarda nümayəndə kimi iştirak etmişəm. Bütün bu işlər sonradan Avropa Məhkəməsinə göndərilib.
Hüquqşünas Əsabəli Mustafayev ilə birlikdə 380-dən çox işi Strasburq Məhkəməsinə göndərmişəm. Bu işlər üzrə qəbul olunmuş 110 işdə nümayəndə olmuşam. Bu istiqamətdə fəaliyyətimi davam etdirirəm.
İmtahanda 63 bal toplamışam.
Səməd Rəhimli:
– 2011-ci ildə Bakı Dövlət Universitetini bitirmişəm. 2013-cü ildən hüquq praktikasına başlamışam. 2013-2015-ci illər arasında Xalid Bağırovun köməkçisi kimi işləmişəm. 2015-ci ildən bu yana müstəqil hüquqşünas kimi işləyirəm. Daha çox müxtəlif xarakterli insan hüquqları işləri ilə məşğulam. Yerli praktikada daha çox inzibati mübahisələrlə məşğulam (inzibati xəta işləri deyil). Avropa Məhkəməsinə şikayətlərin hazırlanmasında fəalam. İnsan hüquqları ilə bağlı bir neçə hesabat, məruzə və məqalələr yazmışam.
İşlərim:
– Gülənçilərin işləri,
– 2015-ci il parlament seçkilərindən sonra verilmiş 60-a yaxın şikayət,
– 25 LGBT fərdinin inzibati həbsi və işgəncəyə məruz qalması işləri,
– bir işgəncə işi,
– AXCP-nin partiya qurultayının keçirilməsinə yer ayrılmasından imtina ilə bağlı iş,
– Azadlıq.info saytının bloklanması işi,
– bir siyasi inzibati həbs işi,
– bir nəfər akademikin siyasi ifadəsinə görə işdən çıxarılması işi və s.
İmtahanda 73 bal toplamışam.
Asima Nəsirli:
– 2009-cu ildə Azərbaycan Beynəlxalq Universitetini bitirmişəm. 2009-2011-ci illərdə könüllü kimi hüquq layihələrində işləmişəm. 2011-ci ildən indiyə kimi müstəqil hüquqşünas kimi işləyirəm. Daha çox miqrasiya və vətəndaşsızlıq məsələləri ilə məşğulam. Yerli praktikada daha çox inzibati mübahisələrə çıxıram. Avropa Məhkəməsinə yuxarıda göstərdiyim işləri göndərib. Seçki hüququ və insan alverinə dair hesabat və məruzələrin hazırlanmasında iştirak edirəm.
İşlərim:
– 7 nəfər əfqan qaçqın uşağının şəxsiyyət vəsiqəsi məsələsi (icraat başlayıb),
– Haşemi və başqaları Azərbaycana qarşı,
– Taci Şentürk Azərbaycana qarşı (icraat başlayıb). Gülənçi müəllimin Türkiyəyə göndərilməsi işidir.
– 5 nəfər Gülənçinin Türkiyəyə göndərilməsi işi (icraat başlamayıb hələ).
İmtahanda 67 bal toplamışam.
Rövşanə Rəhimli:
– Dörd ildən çoxdur qadın hüquqları üzrə ixtisaslaşmışam. Bu müddət ərzində məişət zorakılığından əziyyət çəkən onlarla qadına pulsuz hüquq yardımı göstərmişəm. Qadın hüquqları sahəsində ABŞ və bir çox Avropa ölkəsində təcrübə və təhsil proqramlarının iştirakçısı olmuşam. Avropa Məhkəməsinə üç iş göndərmişəm, biri kommunikasiya mərhələsindədir.
İmtahanın test mərhələsində 64 ball toplamışam.
Ramil Süleymanov:
– 2010-cu ildə Naxçıvan Dövlət Universitetinin hüquq fakultəsini fərqlənmə diplomu ilə bitirmişəm. Bu müddət ərzində ABA CEELE-nin, o cümlədən müxtəlif QHT-lərin silsilə hüquq təlimlərində iştirak etmişəm. İnsan hüquqları müdafiəçiliyini öyrənmişəm. Vəkillər Kollegiyasına üzv olmadan da, nümayəndəlik institutunun və qanunvericiliyin verdiyi imkanlarla müraciət edən hüquqları pozulmuş insanları dövlət orqanlarında, məhkəmələrdə təmsil edirdim. Eyni zamanda, real olaraq ölkə məhkəmələrində hüquqları pozulan və ədalətsizliklə üzləşən insanların Ali Məhkəmədəki proseslərdən sonra pozulan hüquqlarının Avropa Məhkəməsində müdafiəsi üçün şikayətlər yazmışam; bunlar əsasən, ədalətli məhkəmə, özəl həyat, toplaşmaq hüququ, ayrı-seçkilik, mülkiyyət hüququnun pozuntusu ilə bağlı şikayətlərdir.
2015-ci ildə qısa müddətə siyasi fəaliyyətim olub. Milli Məclisə üzv olmaq üçün seçkilərə qatılmışam. Namizədliyimi REAL Partiyası dəstəkləyirdi. 2017-ci ildə ölkədə nümayəndəlik İnstitutu ləğv ediləndə bunun səhv olduğuna inanan bir qrup hüquqşünasla bir araya gəlib Praktik Hüquqşünaslar Qrupunu təsis etdik. Bununla bağlı müxtəlif tədbirlər keçirdik və bunu ölkə gündəmində saxladıq. Bir sıra yerli və beynəlxalq mətbu orqanlara bu barədə müsahibələr verdik. Hüquqşünasların peşələri ilə məşğul olmaları üçün təşkil olunan bu əngəli eyni zamanda beynəlxalq hüquq müdafiə təşkilatlarına, o sıradan hüquqşünasların birləşdiyi təşkilatlara çatdırmışıq.
VK-ya üzv olmaqdan başqa çarə qalmadığı üçün sənədlərimi təqdim etmişdim. İmtahanların birinci, test mərhələsində 63 bal toplayaraq 2-ci mərhələyə keçmişəm. 2-ci mərhələdə sırf ictimai və qısamüddətli siyasi fəaliyyətimə görə imtahandan kəsilmişəm. Hesab edirəm ki, bunu VK Rəyasət Heyəti, şəxsən Anar Bağırov özü edib. Bununla əlaqədar 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə iddia ərizəsi vermişəm.”
Tural Hacıbəyli:
– 2009-cu ildən vəkilliklə məşğulam. IV kursdan universitetin hüquq klinikasında işlərə çıxmağa başlamışam. 2010-cu ildən QHT-lərlə işləməyə başlayandan bu fəaliyyət davamlı olub. 200-ə yaxın işdə məhkəmə prosesinə çıxmışam. Avropa Məhkəməsinə 15 iş göndərmişəm. İki iş udulub. Qalan işlər kommunikasiya mərhələsindədir, yeni işlər də göndərilib. Praktik Hüquqşünaslar qrupunun üzvüyəm. Bizim şifahi imtahandan keçməməyimizin səbəblərindən biri bu qrupun üzvü olmağımızdır. Başqa bir səbəb siyasi xarakterli işlərdə hüququ pozulanları müdafiə etməyimizdir.
Yazılı imtahanda 66 bal toplamışam.”
Emin Abbasov:
– 8 ildən çox vətəndaş cəmiyyəti sektorunda çoxsaylı layihələrdə hüquqşünas məsləhətçi və təlimçi xidmətləri göstərmişəm. Vəkilliyə qəbul üzrə keçirilən imtahanda (28 yanvar 2018-ci il) 61 bal toplayaraq zəruri olan keçid balını (60 bal) topladım. Şifahi imtahanlarda isə verilən 5 sualdan 4-ə tam, 1-nə isə qismən cavab versəm də, elan olunmuş nəticələrə görə şifahi müsahibədən keçmədim.
Ötən 5 il ərzində beynəlxalq hüququn müxtəlif istiqamətləri – beynəlxalq hüquq üzrə beynəlxalq təlim və hüquqi araşdırma proqramlarının iştirakçısı (təqaüdçüsü) olmuşam. Mülkiyyət hüququ, mənzil hüququ, şəxsi və ailə həyatı hüququ, inzibati hüquq, qeyri-kommersiya hüququ, uşaq hüquqları, beynəlxalq hüquq, həmçinin beynəlxalq insan hüquqları sahəsində ixtisaslaşmışam.
2014-cü ildən bugünə qədər Avropa Şurasının Bakı Ofisi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində Avropa Şurasının və Avropa İttifaqının Birgə Proqramı olan “Avropa Konvensiyası və Avropa Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi” Layihəsində HELP Proqramı üzrə sertifiaktlı hüquqşünas təlimçi kimi fəaliyyət göstərmişəm.
Layihə çərçivəsində yüzlərlə hüquqşünas və vəkillərə Avropa Məhkəməsinin presedent hüququ sahəsində təlimlər keçmişəm.
Yekun
Şifahi imtahandan “kəsilən” bu vəkillər Praktik Hüquqşünaslar Qrupunun üzvləridir, onların normal nitq qabiliyyəti, fikirlərini ifadə etmək bacarığı olduğu nümayəndəlik institutunun ləğvinə etiraz etdikləri, bunu ictimai müzakirəyə çıxardıqları zaman açıq göründü, əslində VK-ya yollarının bağlanması da, görünür, elə bu bacarıqlarına bağlıdır.
Polşada yerləşən “Açıq dialoq” Fondu bugünlərdə 6 ölkədə vəkillik fəalliyyəti və vəkillərə yaradılan maneələrlə bağlı hesabat açıqlayıb. Həmin hesabatda Azərbaycanla bağlı bölmə də var. Tanınmış vəkillərin VK-dan uzaqlaşdırılması, siyasi fəalları müdafiə etdiklərinə görə cəzalandırılması, şəxsi hesablarının dondurulması, xaricə çıxışa qadağa qoyulması, müxtəlif təzyiqlərlə üzləşməsindən yazılır hesabatda.
Gələn il Azərbaycanda vəkillik institutunun yaradılmasının 100 illi tamam olur. Necə qeyd ediləcəyi hələ bilinmir. Ancaq onu kimlərin və kimlərlə qeyd edəcəyinin anonsu artıq verilib…
Bu il Cümhuriyətimizin 100 illiyi də qeyd olundu… Kimlərin onu necə qutladığı hər kəsə bəllidir. Üstəlik, bu günü bayram kimi keçirdiyinə görə tutulanlar da oldu. Leksikonumuza “cümhuriyyət məhbusları” sözü gətirildi. Yeri gəlmişkən, onlara vəkil tapmaq belə çətin idi…
P.S.Ölkədə keçirilən bütün peşə bayramlarında son illər əsas təbrik belə olur: “Bu peşənin şərəfli və ləyaqətli nümayəndələrini təbrik edirik”. Həmin ənənəvi təbrik sayğılı vəkillərimizə (VK-da olan-olmayan) də aiddir. Bayramınız qutlu olsun!
(meydan.tv)