Məhəmməd Talıblı
Daha bir şəhid verdik. Adil Tatarov ailənin tək oğul övladı və dörd bacının bir qardaşı idi. Mediada paylaşılan şəhid atasının yas mərasimindəki nimdaş paltarından, sökük ayaqqabısından utanan bir məmuru gördünüzmü? Ətrafında ona təskinlik verənlər sırasında bir məmur görkəmli insan belə yox. Onun yanında əyləşən və başsağlığını qəbul edən bircə dövlət hərbçimiz də gözə dəymədi.
“Vətən sağ olsun” deyimini təkrarlayıb yalançı təskinliyi bir kənara qoyun. Biz vətənin önəmini və Ana təəsübünü doğru anlayardanıq. Odu bir tərəfə qoyub, küllə oynamayın. Səbəbləri unudub, nəticəni gözümüzə soxub özünüzün korrupsioner mahiyyətinizə haqq donu geyindirməyin. Kasıb uşaqların ön cəbhəyə yollayıb, varlı uşaqlarını min bir bəhanə ilə xaricə göndərməyinizə də cəmiyyət çoxdan öyrəşib. Hətta buna görə üzərinizə gələnlər də yoxdur. İctimai qınaq da sizi sıxmır. Azad media problemi yaşayan cəmiyyətdə doğru sözün tək ünvanı sosial şəbəkələrdir ki, orada da bu ictimai qınaq istədiyimiz səviyyədə deyil.
Şəhidimizlə bağlı məlumatda bir məqam daha çox ürəkağrıdıcıdır. Ailənin tək oğlu və yenicə xidmət görmüş 18 yaşlı gənc uşaq ön cəbhədə xidmət keçirmiş. Ailənin tək oğlan övladının ön cəbhədə xidmət etməsi nə deməkdir?
Məlumat üçün bildirim ki, Elçibəy iqtidarı zamanında ailənin tək oğlan övladlarının ümumiyyətlə, hərbi xidmətə aparılmasını qadağan edən qanun mövcud idi. Bu qanun müharibənin ən qızğın illəri hesab olunan dövrdə belə qəbul olunmuşdu. Ümumiyyətlə, ailənin tək övladının ön cəbhədə xidmət keçməsi ikiqat məsuliyyətsizlikdir. Bu bir ailənin nəsilinin kəsilmə riski deməkdir.
Əgər hərbi xidmət üçün istisnaların olmaması ordu üçün çətinlik yaradırsa, o zaman səfərbərlik üçün hamıya eyni standartların tətbiq olunması ədalətli deyilmi? Bu ölkədə nə zaman həm müxtəlif imtiyazlara malik olub, həm də övladının hərbi xidmət keçməsi məmur korpusunun “qoşa qanadlı” üstünlüyü sayılacaq? Nə zaman qəhrəmanlıq nümunələri daha çox təşviq olunacaq? Qarabağ qaziləri haçan başımızın üstündə olacaq? Çox təəsüf ki, tamam fərqli mənzərəni görürük. Hərbi xidmətin önəmi fərari müğənnilərin mahnı oxumağının kölgəsində qalıbsa, hansı vətənpərvərlikdən danışa bilərik ki? Dünya tarixində hərbi xidmətin önəmini vaxtında anlamayan cəmiyyətin pis aqibəti hamımızı düşündürməlidir axı…
Atatürkün vaxtı ilə hərbi məktəblərin tədris planına salınmasına əmr etdiyi Qriqoriy Petrovun “Bəyaz zanbaqlar ölkəsi” əsərində maraqlı bir epizod var: “Bu günə qədər Finlandiya xalqı hərbi xidmətdən nifrətlə danışırdı. Əvvəllər kopudluq, tərbiyəsizlik, dava-dalaş və qarışıqlıq olan yerlərdə hər kəs: “Cənablar, bura hərbi məntəqədir?”, “Sanki hərbi hissənin havası gəlir!” “Onun əxlaqını hərbi xidmət pozub!” deyirdilər. Gənc fin zabitləri artıq bu sözlərdən inciyir və eşitmək istəmirdilər. Onlar artıq, – “Yeni dövrün hərbi xidməti başqa bir hərbi xidmət olacaq!”-deyə an içmişdilər. “Biz hərbi xidməti bir xalq məktəbinə, hətta universitet formasına çevirəcəyik. Qoy hər bir əsgər hərbdə keçirdiyi günləri həyatı boyu sevgi ilə xatırlasın və hər zaman tərifləsin; hərbi xifmətdə öyrəndiklərini həyatında müvəffəqiyyətlə tətbiq etməkdən qürur duysun. Hərbi xidməti elə bir məqamə yüksəltməliyik ki, artıq xalqımız alçaldıcı ifadələr əvəzinə, – “Xeyirli olsun, onu hərbi xidmət islah edib”, “O təhsilini hərbi xidmətdə alıb”, “Əsgərlik vaxtı dürüst, çevik, çalışqan və kubar olmağı öyrəndi”- desin və bu sözləri hər biri atalar sözlərinə çevrilsin.” Hərbi xidmətin gənclərə verdiyi inam və güvən, sonradan mülki həyatda onlara adekvat münasibəti şərtləndirməlidir. Hərbi xidmət görən, ailəsindən şəhid verən insan bu cəmiyyətdə ən hörmətli insanlar sayılmalıdır. Adicə yol polisinin və ya hakimin hörməti müharibədə ayaqlarını itirmiş Qarabağ qazisindən yuxarı başa keçirilibsə, onda hansı sosial ədalətdən danışmaq olar ki? Həmin məmur öz ailəsindən şəhid vermədiyi üçün həmin ailənin çəkdiyi çilələri dərk edə bilmir. Çünki vəzifəli məmurun şəhid, müharibə qəhrəmanı olan yaxınını nümunə gətirmək örnəyi bu ölkədə möcüzəyə bərabər sayılır. Çünki, nə ölkədə nə müharibədə qəhrəmanlıq rəşadəti görsədənlərə hörmət var, nə də müharibə ovqatı. Əvəzində nə var? Müharibədə olmazın rəşadətin göstərən Babək Həsənov, Asif Yusifli və çoxsaylı insanların heç bir səbəb olmadan nəinki mükafatlandırılıb, hətta saxta cinayətlə həbsə atılıb.
Düşünmək üçün sizə uzaq tarixdən misallar çəkməyəcəm. Yaxın günümüzdən və bizimlə eyni siyasi keçmişi tam oxşar olan Ermənistandan nümunə verəcəm. Yenicə demokratik dalğada yenicə hakimiyyətə gəlmiş Ermənistanın baş naziri Nikol Pashinyan bütün Ermənistan məmurlarına nümunə olacaq bir addım atdı. O, 18 yaşılı oğlu Ashot Paşinyanı hərbi xidmətini Qarabağda çəkməsi üçün onu ordu sıralarına yolladı. Onu bir zənglə belə istənilən universitetə qəbul etdirmək gücü olan baş nazir bunu özünə yaraşdırmadı. Məmurlara uzaq tarixdən deyil, qulağımızın yanında olan qonşu dövlətdən canlı örnəkdir. Bu cür kütləvi nümunələr təkrarlansa, ictimai münasibətlərdə yaşadıqlarımız tamam fərqli olar. O zaman yaşadıqlarımız meyara çevrilər.
Əvəzində bizdə hansı meyar dəyərə çevrilir? İctimai zövqü nələr formalaşdırır? Bakı şəhərində mərasim evlərində ara-sıra yas məclislərini görürük. İynə atmağa imkan olmayan bəzi məclislər statuslu bir insanın ölümündən öncə xəbər verir. Həmin mərasimlərdə məmur övladının 90 yaşlı babasını yası az qala nazirlər kabinetinin müşavirəsini xatırladır. Kədərlərini ifadə edən ədabazlıqla damağında siqarlərin tüstüsü az qala ekoloji balansı pozacaq səviyyədə olur. Ailə-uşağı üçün yaşayıb, onlara gün-dirlik ağlayan bu yaşlı kişinin itkisi az qala ümumilli itki kimi qələmə verilir. Onun keçmişi ilə bağlı yalançı mollarar da “xalqına xidmət” ritorikası yapırlar. Amma xalqın namusu və torpağı uğrunda həyatını qurban verən bir gəncin atasına bunca mənəvi təsəlli tablosunu görə bilmirik. Əslində cəmiyyətdə mənəvi mühitin sağlam olduğu yerdə şəhid atasını görəndə icra başçısı, naziri və deputatı onun ayağına gəlməyi borc bilməlidir. Əsgər geyimini əyninə almayan, Azərbaycanı yalnız xəritədə xatırlayan, fərari məmur övladlarının isə şəhid ailələrinə əvəzi qaytarılması mümkün olmayan borcları var. Onu unutmasınlar!