Bugünkü mətbuatımızın durumuna baxış
“Prezidentə məktub” silsiləsindən
Cənab prezident, çoxdandır sizə məktub yazmıram. Mətbuat günündə ilham pərisi hardansa uçub gəldi, qırmadım onu… “Azadlıq” çıxan vaxtlarda ildə bir neçə yol sizə məktub yazardım; cavab almasam belə. Bilmirəm ünvana çatmırdı, yoxsa cavab yazmağa vaxtınız olmurdu. Bu, heç önəmli də deyil. Ölkədə əhali də çoxdur, məktub yazan da. Elə sizin saytınızda “Prezidentə yazırlar” bölməsi var, hər gün ora ən azı 3-4 məktub yerləşdirirlər. Düzdür, o məktublar cavab üçün deyil, ora yazanların hamısı ölkənin analoqsuz inkişafından, sizin daxili və xarici siyasətdəki uğurlardan yazır, ölkəni bu hala gətirdiyinizə görə sizə təşəkkür edir. Onlar həm də ən müxtəlif peşə sahibləridir. Üstəlik, operativliyə də söz ola bilməz. Peykimiz kosmosa çatmamış, siz hansısa səfərinizi başa vurmamış, 10 faizlik artan maaşı almamış, hansısa rayonun sosial-iqtisadi inkişafı ilə bağlı ayırdığınız pul o bölgənin hesabına köçməmiş, yol çəkilməmiş… yazılan məktublar var. Adamlarımızda qibtə ediləcək inam var, onlar bilir ki, pul ayrılıbsa, hökmən ünvanına çatacaq, peyk göyə buraxılıbsa, kosmosu fəth edəcək və s.
Cənab prezident! Məktubu saytlara yazıram. Onu çap edəcək qəzet yoxdur. Artıq 682 gündür “Azadlıq” qəzeti sizin sayənizdə çap olunmur. Sözümü qəribçiliyə salmayın. Yadınızda olar, sizin 31 iyul 2008-ci il tarixli sərəncamınızla “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası” müəyyən olundu. O sərəncamın imzalanmasından 10 il keçir. Konsepsiyanın əsas məqsədlərindən biri “kütləvi informasiya vasitələrinin müstəqilliyinin qorunması, onların fəaliyyətinə hər hansı müdaxilənin istisna edilməsi” idi. Bu konsepsiyanın işə düşməsi nəticəsində “Azadlıq” nə müstəqilliyini saxlaya, nə də müdaxilələrdən qoruna bildi. Bizim kimi az-çox müstəqil olan qəzetlər də “bir sinif kimi” ləğv edildi. Nəşrini dayandırdı, əməkdaşları pərən-pərən, diyarbadiyar düşdü, kimisi yeni həyata alışmadan dünyadan getdi, kimisi də jurnalistikadan. Kimisi də bayrağınızın altından keçdi; dinməz-söyləməz. Görürsünüzmü necə uğurlu Konsepsiya həyata keçirilib, keçirilir və keçirilməkdədir.
Cənab prezident! İndi meydanda qalan media qurumları Konsepsiyanın 3-cü bəndinə (əməkdaşlıq) uyğun olaraq hakimiyyətlə əməkdaşlıq edənlərdir. Deyəsən, elə Konsepsiyanın yeganə işlək bəndi də əməkdaşlıqdır… Aşağıda həmin bəndləri xatırlayaq, bilməyənlər də bilsin, KİVDF başbilənləri də vaxt tapanda bu bəndlərə bir də baxsın.
Həm də 10 illik yubiley ərəfəsində Konsepsiyada nəzərdə tutulan qalan prinsiplərlə bağlı təhlillər aparsınlar.
“Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
– qanunçuluq;
– şəffaflıq;
– əməkdaşlıq;
– qarşılıqlı məsuliyyət;
– kütləvi informasiya vasitələrinin müstəqilliyinin qorunması, onların fəaliyyətinə hər hansı müdaxilənin istisna edilməsi;
– yayılması qanunla qadağan olunmuş informasiyadan cəmiyyətin qorunması;
– kütləvi informasiya vasitələrinin inhisarlaşmasının qarşısının alınması;
– ictimai maraqları əks etdirən layihələrə üstünlük verilməsi;
– regional kütləvi informasiya vasitələrinin inkişafının dəstəklənməsi”.
Cənab Prezident! Konsepsiyada “Müsabiqəsiz maliyyə dəstəyi” və “Müsabiqəli maliyyə dəstəyi” adlı bəndlər var.
Müsabiqəli aydındır, ildə iki dəfə KİVDF-nin müəyyənləşdirdiyi layihələr əsasında qəzetlərə maliyyə yardımı ayrılır. Bu barədə qəzetlərdə və KİVDF-nin saytında (http://kivdf.gov.az/#) informasiyalar yerləşdirilir. Üstəlik, ildə bir neçə dəfə jurnalist yazıları müsabiqəsi keçirilir. Qalib yazılar olur, yeri gəlmişkən, şərtlərdən biri qalib yazıların KİVDF saytında yerləşdirilməsidir, ancaq saytda həmin bölmə boşdur. Ola bilsin, üzə çıxarılası yazılar olmayıb, qalib gəlsələr belə…
“Müsabiqəsiz maliyyə dəstəyi” ilə bağlı da saytda hər hansı informasiya yoxdur. İctimaiyyət bundan xəbərsizdir, onun vergiləri hesabına maliyyələşən fondun pulu necə və hara xərclədiyini bilmir. Bəlkə, heç bu istiqamətə pul xərclənmir, Konsepsiyanın prinsipinə əməl olunmur. Xərclənirsə, niyə bununla bağlı illik hesabatlarda açıqlama verilmir? Bu, həm də Konsepsiyanın “qanunçuluq” və “şəffaflıq” prinsipinin pozulması deməkdir. Konsepsiyanın prinsiplərini bənd-bənd də incələmək mümkün, ancaq ortaya uğurlu nəsə qoymaq mümkünsüzdür. Sonuncu bəndsə region mətbuatının inkişafının dəstəklənməsidir. Aradan 10 il keçib, 10 illik dəstək sayəsində bundan yararlanan bir region mətbuatı və bir region göstərmək olarmı? Bəlkə deyəsiz, bu 10 illik xərcləmələrin səmərəli olub-olmaması ilə bağlı bir hesabat hazırlansın. Siz də faydalanarsız, biz də…
Kimlərinsə mənzil şəraitini yaxşılaşdırmaq, kimlərisə kirayələrdən qurtarmaq olar, ancaq o mənzillərdə həm də vətəndaş yetişdirilməlidir; çirkaba batmayan, rüşvət yeməyən, valideynləri başqaları, elə sizin də yanınızda başıaşağı olmayan, özünüz dediyiniz kimi, layiqli vətəndaş!
Cənab prezident! Daha bir pozuntu “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun KİV-lərə maliyyə yardımı müsabiqəsinin QAYDALARI” ilə bağlıdır. Zaman-zaman dəyişən və bugünümüzə gəlib çatan bu qaydalarda yazılır:
“3.1.1. Müsabiqə elan olunan günədək son üç ildə müntəzəm nəşr olunan, dövriliyi həftədə bir dəfədən, tirajı 2500 nüsxədən və yayımı (abunə və satışı) 1000-dən az olmayan qəzetlər” – müsabiqədə iştirak edə bilər. Fond yeni yarananda tiraj, səhv etmirəmsə, 3500 nəzərdə tutulmuşdu. “Abunə” sözü sonradan əlavə olunub. Təsəvvür edin, dövlət dəstəyi nəticəsində qəzetlərin tirajı dövlət dəstəyi olmadığı dövrdən çox-çox aşağı düşüb. Fond yaranandan keçən 10 ildə qəzetlərin satışı sıfır səviyyəsinə enib, məcburi abunə hesabına vəziyyətdən çıxmağa çalışsalar da, şərtə uyğun gələn rəqəm alınmır. Dövlətin maliyyə dəstəyi qəzetlərin həm tirajını, həm də nüfuzunu itirib. Bu dəstəyin daha 10 il davamı satılmış mətbuatın belə sonunu gətirəcək. Çox biabırçı mənzərədir. Tirajı KİVDF müəyyənləşdirir. Qrant verilməsində tiraj şərti 2500 olduğundan əksər qəzetlər tirajını elə belə də göstərir. Mətbəələrdən alınan saxta arayışlarla problem həllini tapır.
Prezident Administrasiyasına və bəzi başqa dövlət idarələrinə qəzetlərin məcburi nüsxəsi gedir.Yəni onlar aldıqları qəzetə görə pul ödəmir, əslində, KİVDF yaranandan sonra burda məntiq var, hökumət pulunu ödəyib də, həm də artıqlaması ilə… O idarələrdə də nəinki tirajla, heç qəzetlə maraqlanan olmadığı görünür. Baş çəkdiyim əksər köşklərdə satıcılar qəzetlərin, demək olar, satılmadığını deyir: “Elə qəzetlər var, heç adını çəkən olmur, bəzi qəzetlərdə də kiminsə yazısı çıxanda gəlib baxıb dəqiqləşdirir, sonra qəzeti alır. Qəzetləri əsasən işlətmək üçün alırlar, oxumaq üçün yox. Buna görə 40 qəpiklik qəzetlərin satışı zəifdir, hərəsindən də 1-2 nüsxə verilir bizə. 20 qəpiyə olan qəzetlər daha çox satılır, onları topayla alırlar; ərzaq bükmək üçün…”
Yayım firmalarından birinin rəhbəri bəzi qəzetlərin aylıq satışının 3-5 manat olduğunu bildirir, eyni zamanda təəccübünü də gizlətmir: “Ayda bizdən 3 manat satış pulu alan qəzetə ildə 120 min manat qrantın hansı məntiqlə verildiyini anlamaqda çətinlik çəkirəm”.
Pulu ayıranlarınsa bununla bağlı heç bir çətinliyinin olmadığı görünür…
SON
Pulun bölünməsi bir yana, görəv verilən adamlara heç olmasa məsuliyyətlə bağlı treninq keçirilməlidir. Sorumlu olduqları sahədən qazandıqları, aldıqlara pula xatir işlər görmək üçün…
5 iyun 2017-ci ildə KİVDF Müşahidə Şurasına yeni üzvlər təyin olunsa da, qurumun saytında yenə köhnə üzvlərin – 22 may 2009-cu ildə və ikinci dəfə 3 iyun 2013-cü ildə təyin edilənlərin adı gedir; yeni sərəncamın verilməsindən 1 il 1 ay keçsə də. Baxmayaraq ki, yeni tərkibdə iclas da keçirilib (29.06.2017), Müşahidə Şurasına sədr və müavin də seçilib, ancaq bütün bunlar saytda əksini tapmayıb. Konsepsiyada “qarşılıqlı məsuliyyət” bəndinin açmasını bilmirəm, ancaq oradakı məsuliyyət sözünün Fond rəhbərlərinə də aid olduğunu düşünürəm…
P.S.Qızıl kimi vaxtı boşa verməmək üçün bu məktubu oxumamaq da olar, hamısı bildiklərinizdir…
Rövşən Hacıbəyli
meydan.tv