Hərbi, siyasi və ya iqtisadi gücüylə deyil, mədəniyyəti ilə dünyaya ən çox təsir göstərən beş ölkə…
Ölkələrin qlobal miqyasdakı təsirləri ümumi olaraq hərbi, siyasi və ya iqtisadi gücləriylə ölçülür. Amma bəzi ölkələr mədəniyyətləri, yeməkləri, dəb və əyləncə dünyası ilə iz qoyub.
ABŞ-da aparılan bir araşdırmada (US News & World Report) nüfuz, xoşbəxtlik, müasirlik, hər mənada dəblə ayaqlaşmaq və əyləncə dünyasında mühüm yer tutmaq kimi amillər nəzərə alınaraq, dünyaya ən çox təsir göstərən ölkələrin siyahısı tərtib edilib.
İlk onluqdakı ölkələrin çoxu Avropada yer alarkən, Yaponiya (müasirlik və nüfuz baxımından), Brazilya (xoşbəxtlik və əyləncə mədəniyyəti) və ABŞ (müasir və qlobal təsir sahibi) kimi ölkələr də yuxarı sıralarda yer tutublar.
Beləliklə, ilk beşliyə daxil olan ölkələr…
İtaliya
Valentino, Armani, Versace və Gucci kimi markalarıyla məhşur olan İtaliya “dəblə ayaqlaşmaq” və “üstün olmaq” baxımından ən çox bal alan ölkədir.
İtalyanların görünüşlərinə diqqət etdikləri məlumdur. Lakin xırdalıqlara diqqət xüsusiyyəti yalnız dəb sahəsində deyil, yeməkdən tutmuş mebelə qədər bir çox sahə üçün keçərlidir.
Yemək zamanı İtaliya təsirini tam hiss etmək üçün Romaya getməyi tövsiyyə edirlər. Restoranda yemək burada çox geniş yayıldığı üçün, həm ənənəvi mətbəxi, həm də müasir yemək növlərini orada tapmaq mümkündür.
Fransa
“Müasirlik”, “nüfuz” və “dəb arxasınca getmək” baxımından yüksək bal alan Fransanın mədəni təsiri də dünya miqyasında hiss olunur. Məsələn, Parisdə yaşayan və Been Around the Globe adlı blog saytında səyahətləriylə bağlı yazılar yazan Roobens Fils bu mövzuda bunları söyləyir.
“Çox uzaqlarda yaşayan insanlar belə fransız mətbəxini, sənətini və dəbini bəyənirlər və ilham alırlar. İrana gedən zaman Molyeri sevdiyini söyləyən insanlarla qarşılaşmaq məni çox təəccübləndirdi. Yəni İranda Molyeri tanıyırlar!”.
Fransız mədəniyyətini ilk əldən təcrübə edəcək ən yaxşı yer Paris olsa da, Bordeaux, Lyon və Toulouse da çox yaxşı və daha kiçik miqyaslı alternativ şəhərlər olaraq qəbul edilir.
Bordeaux yaxşı şərablarıyla məhşurdur. Bundan başqa Paris xaricində çox sayda tarixi binaya sahib olan bir şəhərdir. Fransanın ən izdihamlı şəhəri olan Lyon isə ənənəvi fransız mətbəxi və üç ulduzlu Michelin restoranları ilə tanınır.
2000 ildən artıq tarixi ilə cənubdakı Toulouse şəhəri terakota memarlığı ilə məhşurdur. Fransızlar millət olaraq şəxsiyyətləri və dilləriylə qürur hissi keçirirlər.
Bir çox fransız öz ölkəsində, bildiyi halda ingiliscə və ya başqa bir əcnəbi dildə danışmağa üstünlük verməz. “Fransada yaşamağa gələn biri orayla ayaqlaşmaq məcburiyyətindədir, çünki fransızlar sizə uyğunlaşmaq üçün cəhd etməzlər”, Fils deyir.
ABŞ
ABŞ “müasirlik” və “əyləncə dünyasında təsir göstərmə” kateqoriyalarında tam xal qazanıb. Amerika filmləri, musiqiləri, televiziya proqramları dünya miqyasında seyr edilir. Ölkənin texnologiya sahəsi – Facebook, Twitter, Google, Amazon kimi şirkətləri ilə milyardlarla insanın həyatına daxil olmuş vəziyyətdədir.
Bu Amerika şəxsiyyəti hər şeyin mümkün ola biləcəyi üzərinə qurulan “Amerikan arzusuna” əsaslanır.
Ölkənin ən böyük şəhəri olan və “heç yatmayan şəhər” olaraq tanınan New York Amerika dəyərlərini ən yaxşı ifadə edən yerdir.
Frank Sinatra bir vaxtlar bu şəhər üçün “Burada nəsə bacara bilsəm, hər yerdə bacararam” demişdi. Ölkənin digər ucunda Los Angeles isə Hollywood əyləncə növləri ilə yanaşı bütün dünyanın mədəniyyətini canlandırır.
Ancaq bu iki qütb arasında dəyişik coğrafiyası və 300 milyon əhalisi ilə ABŞ fərqli mədəniyyətləri əks etdirir. Şəhərlərin də bir-birindən fərqli ruhları var. Məsələn, Miami Chicago kimi deyil.
İspaniya
Bir vaxtlar dünyanın ən böyük imperiyalarından biri olan İspaniya Cənubi Amerikadan tutmuş Cənub-Şərqi Asiyaya qədər bir çox ərazilərdə yadda qalan iz qoymuşdur. Çin dilindən sonra ispan dili dünyada ən çox danışılan ikinci dildir.
A World to Travel adlı saytda səyahət bloqları yazan Galiçyalı İnma Gregorio “getdiyim hər yerdə ispan dilindən dininə, mətbəxindən festivallarına qədər ölkəmə xas bir çox şey tapıram” deyir.
Yeməyə əhəmiyyət verilən İspaniyanın tapas(qəlyanaltı) mədəniyyəti də dünyaya yayılıb. Yemək sosiallaşmaq və paylaşmaq vasitəsi olaraq da qəbul edilir.
Çoxları İspaniyada insanların yaşamaq üçün işlədiyini və həyata qarşı rahat bir mövqeyi olduğunu deyir.
Böyük Britaniya
“Nüfuz sahibi olmaq” kateqoriyasında Böyük Britaniya yuxarı sıralarda yer tutur. Britaniyada yaşayanlar güclü bir çalışma etikası, dəyişikliyə açıq olmaq və yeni ixtiralar etmək xüsusiyyətləri ilə fəxr edirlər. Dünyanın ən yaxşı universitetlərinin bir qismi Britaniyadadır.
İngilis dili təsiri və yayılması ilə yanaşı digər dillərdən “borc almaq rahatlığı” ilə tanınır. Çox sayda insanlar kənardan gələrək bu ölkədə yeni bir həyat qura bilirlər. Lakin ingilislərin hər zaman söylədikləri şeyi nəzərdə tutmadıqlarını yadda saxlamaq, tam olaraq nə demək istədiklərini başa düşmək üçün dildəki nüansları bilmək və bədən dilini nəzərə almaq lazımdır.
Dünyanın əhəmiyyətli maliyyə və iş mərkəzlərindən biri olan Londona işləmək üçün digər ölkələrdən gələn çoxlu sayda insanlar var. Muzey, teatr və konsert salonlarının çoxluğu ilə mədəniyyət dünyasını çox yaxından izləmək, davamlı olaraq məşğul olmaq üçün birşey tapmaq mümkündür bu şəhərdə.
Bundan başqa London mədəniyyət mərkəzi olaraq tək seçim də deyil. Edinburgh dünyanın ən böyük sənət festivalına ev sahibliyi edərkən Birmingham da mədəniyyət dünyasında əhəmiyyətli bir yerə getmək yolundadır.
(BBC azeri)